AZ | RU | EN

Elektroenergetika və Elektrotexnika Sənayesi İşçiləri Həmkarlar İttifaqının XVIII konfransı keçirilmişdir

16 Oct 2012

Burada oktyabrın 16-da keçirilmiş Elektroenergetika və Elektrotexnika Sənayesi İşçiləri Həmkarlar İttifaqının XVIII konfransı da bu baxımdan istisna təşkil etmədi.

Konfransa hesabat əsasən müsbət çalarlar üzərində qurulmuşdu. Bu, gözlənilən idi. Çünki konfrans nümayəndələri kənardan gəlməmişdilər, başqa sözlə, ötən 5 ildə qazanılmış uğurların birbaşa iştirakçıları idilər. Hesabat məruzəsi ilə çıxış edən sahə Hİ Respublika Komitəsinin sədri Rafiq İldarov ilk növbədə diqqəti statistik məlumatlara yönəltdi. Dedi ki, komitə hesabat dövründə geniş tərkibdə 6 plenum, Rəyasət Heyətinin 20 iclasını keçirmişdir. Bu da onu göstərir ki, RK sahədə baş verən proseslərə çevik reaksiya vermiş, ən aktual məsələlərə münasibət bildirmiş, müvafiq qərarlar qəbul etmişdir.

R. İldarov konfransa qədər ilk təşkilatlarda keçirilmiş hesabat-seçki kampaniyası barədə də fikirlərini söylədi. Bildirdi ki, kampaniya ərəfəsində RK tərəfindən tövsiyələr kitabçası hazırlanmış və həmkarlar ittifaqı komitəsi ilə seminarlar təşkil olunmuşdur.

Hesabat-seçki yığıncaqlarında təşkilatların fəaliyyətinə qiymət verilmiş, tənqidlər də, dəyərli təkliflər də səslənmişdir. Ümumiləşdirəndə bu nəticəyə gəlmək olar ki, əksər həmkarlar ittifaqı komitəsi öz fəaliyyətini düzgün qurmuş, işçilərə qayğı ilə yanaşmışdır. Komitə sədrlərinin 85 faizinə yenidən etimad göstərilmişdir.

Hesabat dövrü ərzində ittifaq üzvlərinin sayı 14% artmışdır. Artıq 42 ilk təşkilatda 27 mindən artıq üzv birləşir.

Məmnuniyyətlə qeyd etməliyik ki, saziş və müqavilələrdə işçilərin xeyrinə olan öhdəliklər ildən-ilə artırılır və ən əsası odur ki, həmin öhdəliklərin əksəriyyəti işəgötürənlər tərəfindən yerinə yetirilir.

Saziş və müqavilələrin "Əməyin ödənilməsi" bölməsinə əsasən, işçilərin əməkhaqları vahid tarif cədvəlinə müvafiq ödənilir. Əmək funksiyalarını yüksək səviyyədə və keyfiyyətlə yerinə yetirən işçilərə əlavə əməkhaqqı verilir. Əmək şəraiti ağır və zərərli olan işlərdə çalışan işçilərin maaşlarına əlavə ödənişlər təyin edilir.

"Sosial təminatlar və güzəştlər" bölməsində bütün sosial ödəmələrin və mükafatların məbləği birinci dərəcəli işçinin tarif (vəzifə) maaşına əmsal tətbiq etməklə təyin olunur.

Dövlət, milli, dini bayramlar, Energetiklər Günü münasibətilə işçilərə, Silahlı Qüvvələr Günü münasibətilə Böyük Vətən, Əfqanıstan və Qarabağ müharibələri veteranlarına və Çernobıl qəzasının ləğvinin iştirakçılarına, enerji sistemdə 10 ildən artıq işləmiş və yaşa görə pensiyaya çıxan işçilərə birdəfəlik mükafatlar və müavinətlər verilir.

16.10.12.5 16.10.12.4

İstehsalatda səmərəliliyin yüksəldilməsi məqsədi ilə keçirilən müsabiqələrin qalibləri mükafatlandırılırlar.

Sahə müəssisələrinin əksəriyyətində orta aylıq əməkhaqqı respublika üzrə olan orta göstəricidən yüksəkdir. Lakin, I-ci dərəcəli işçilərin tarif (vəzifə) maaşı yaşayış minimumumdan aşağıdır.

Rafiq müəllim əmin olduğunu bildirdi ki, səhmdar cəmiyyətlərin rəhbərləri həmkarlar ittifaqının bu müraciətinə də diqqətlə yanaşacaqlar.

2011-2012-ci illər üçün bağlanmış saziş və müqavilələrdə sosial ödənişlərin və güzəştlərin yeni növləri nəzərdə tutulmuş və bir çox bəndlər üzrə ödənişlərin həcmi artırılmışdır.

Bir sıra müəssisələrdə yeməkxanaların işi bərpa edilmişdir və naharın qiyməti işçilər tərəfindən qismən ödənilir.

Sazişə uyğun olaraq investisiya layihələri çərçivəsində yeni inşa olunan obyektlərdə çalışan işçilərə növbədə bir dəfə ödənişsiz isti yeməklər verilir.

İşçilərə sosial ödəmələrin və ehtiyac olduqda maliyyə yardımlarının işəgötürənin vəsaiti hesabına verilməsi həmkarlar ittifaqının büdcəsindən maddi yardımlara olan xərclərin məbləğini kəskin surətdə azaltmışdır. Həmin vəsaitlər həmkarlar ittifaqının fəaliyyətinə, onun maddi-texniki bazasının möhkəmləndirilməsinə, mədəni-kütləvi və idman tədbirlərinin, işçilərin və onların ailə üzvlərinin mənalı istirahətlərinin təşkilinə yönəldilmişdir.

Yaşayış məntəqələrindən aralı yerləşən stansiyalara və uzaq məsafədə olan iş yerlərinə işçiləri aparıb-gətirmək üçün yeni və rahat nəqliyyat vasitələri ayrılır.

16.10.12.1 16.10.12.2 16.10.12

İşçilərin əməyinin təhlükəsizliyinə və mühafizəsinə ayrılan diqqət həmkarlar ittifaqı təşkilatı olaraq bizi nisbətən razı salır. Belə ki, istehsalatda müasir texnologiyalar tətbiq olunur.

İşçilərin xüsusi geyimlə, fərdi mühafizə vasitələri ilə, zərərli şəraitdə işləyənlərin südlə və digər qida məhsulları ilə təminatında ciddi irəliləyişlər var.

Məruzə ətrafında çıxışlar oldu. Konfransa qonaq qismində dəvət olunmuş "Azərenerji" Açıq Səhmdar Cəmiyyətinin baş mühəndisinin müavini Hacımahmud Abdullayev elektrik enerji istehsalı sahəsində aparılan islahatlardan danışdı. Bakıda, regionlarda qurulan elektrik stansiyaları, hasilatın artan səviyyəsi barədə konkret faktlarla məlumat verdi. Dedi ki, keçmiş SSRİ respublikaları arasında Azərbaycan yeganə ölkədir ki, özünü elektrik enerjisi ilə tam təmin edir. Biz hətta qonşu ölkələrə, o cümlədən Rusiya və Gürcüstanın elektrik enerjisi ilə təminatında iştirak edirik.

O dedi ki, uğurlarımız həmkarlar ittifaqlarının da rolu əvəzsizdir. Siz işçilərin sosial problemlərinin həllində, kollektivlərdə əmək intizamının bərqərar olunmasında böyük işlər görürsünüz. Bunlar da əmək məhsuldarlığının yüksəlməsinə həlledici təsir göstərən amillərdəndir.

Sonra söz AHİK sədri, millət vəkili Səttar Mehbalıyevə verildi. Səttar müəllim əmin olduğunu bildirdi ki, bu gün bu konfransda qəbul edilən qərarlar sahə həmkarlar ittifaqının gələcəkdə də işçilərin əmək və sosial hüquqlarının keşiyində daha aktiv və səmərəli duracağına xidmət edəcək.

S.Mehbalıyev dedi: ölkənin elektrik enerjisi ilə təchizatı strateji əhəmiyyət daşıyır. Təsadüfi deyil ki, üst-üstə son bir neçə ildə bu sahəyə 2 milyard manat vəsait qoyulub. Hörmətli Hacımahmud müəllim qeyd etdi ki, artıq Azərbaycan energetikləri qonşu ölkələrin elektrik təchizatında iştirak edirlər. Yaxın gələcəkdə Avropa da onların istehsal etdiyi məhsuldan yararlanacaq. Bu, hörmətli Prezidentimiz İlham Əliyevin reallaşmaqda olan arzusunun təzahürüdür. Cənab Prezidentin iqtisadi siyasətinin əsasında duran xətt ölkəmizin neftdən asılılığına son qoymaqdır. Azərbaycan idxalçı ölkədən ixracatçı ölkəyə çevrilməkdədir.

S.Mehbalıyev məruzədə, çıxışlarda onun ünvanına səslənən xoş sözlərə görə də qurultay nümayəndələrinə təşəkkürünü bildirdi. Siz mənim həmkarlar ittifaqının nüfuzunu istər cəmiyyətdə, istərsə də beynəlxalq arenada qaldırdığımı qeyd etdiniz. Bunları nəzərə alaraq AHİK-in IV qurultayında sədr vəzifəsinə namizədliyimi irəli sürüb dəstəkləyəcəyinizi söylədiniz. Bu, təbii ki, əməyi dəyərləndirilən bütün insanlar kimi, məni də sevindirir, daha yaxşı işləməyə ruhlandırır. Amma nəzərinizə çatdırım ki, işçilərin əmək, sosial durumunun yaxşılaşdırılması baxımından hansı uğurlar qazanılıbsa o, tək-tək liderlərin deyil, on minlərlə insanın birləşdiyi Azərbaycan həmkarlar ittifaqının çevik, cəsarətli fəaliyyətinin nəticəsidir.

Səttar müəllim çıxışının sonunda Rafiq İldarovun yenidən sahə Hİ RK sədri seçilməsini təklif etdi. Bu təklif yekdilliklə dəstəkləndi. 

Qurultayda əsas istiqamətlər, bir neçə mühüm qərarlar qəbul edildi.

 

Ülfət qəzeti

19.10.2012 

FAYDALI KEÇİDLƏR