AZ | RU | EN

Dünya İqtisadi Forumu Azərbaycana mühüm dividendlər qazandırdı

31 Jan 2018

Prezident İlham Əliyev Davosda Azərbaycan həqiqətlərini bir daha dünyaya nümayiş etdirdi.
Siyasi və iqtisadi qüdrəti gündən-günə artan, öz müstəqil siyasəti ilə dünyanın fovqəlgüc mərkəzlərinin regionda toqquşan maraqlarını optimal şəkildə uzlaşdıraraq ayrı-ayrı dövlətlərlə münasibətlərdə bərabərhüquqlu və etibarlı tərəfdaşa çevrilən Azərbaycan Cənubi Qafqaz regionundakı əhəmiyyətli geostrateji və geoiqtisadi üstünlüklərindən maksimum yararlanaraq diplomatik fəaliyyət sahəsində hər bir mərhələ üçün qarşıda duran hədəfləri düzgün müəyyənləşdirir.

Yaşadığımız müasir tarixə nəzər salsaq aydın şəkildə görərik ki, respublikamız bir çox aparıcı dünya dövlətlərinin onilliklər boyu keçdiyi inkişaf mərhələlərini qısa zaman kəsiyində qət edə bilib. Azərbaycanın bu uğurlarının beynəlxalq iqtisadi qurumlar tərəfindən qiymətləndirilməsi əsl reallığı əks etdirir. 
1971-ci ildən ənənəvi olaraq İsveçrənin Davos şəhərində təşkil edilən və əsas məqsədi dünyanın taleyinə birbaşa təsir edən mühüm strateji problemlərin, hadisələrin müzakirəsini aparmaqdan ibarət olan Dünya İqtisadi Forumunun ötən həftə keçirilən 48-ci toplantısında Azərbaycana verilən qiymət bütün bunları bir daha təsdiqlədi.
Ümumiyyətlə, müstəqil Azərbaycan Dünya İqtisadi Forumunda çox uğurla təmsil olunur. Müxtəlif dövlətlərin siyasi liderlərinin və nəhəng maliyyə korporasiyalarının rəhbərlərinin iştirak etdikləri Davos Forumu təkcə müasir dünya iqtisadi siyasətinə deyil, eləcə də beynəlxalq münasibətlərə ciddi təsirə malikdir.
Öz fəaliyyəti dövründə bu mötəbər forum yalnız iki dəfə Davosdan kənarda təşkil edilib. Bunlardan biri ABŞ-da, ikincisi isə 2013-cü ildə Azərbaycanda keçirilib. Əlbəttə ki, bu, müstəqil Azərbaycana göstərilən yüksək etimad və ölkəmizin qısa müddət ərzində qazandığı uğurlara verilən dəyər kimi qiymətləndirilməlidir. 
Azərbaycan Prezidenti cənab İlham Əliyevin bu mötəbər tədbirdə hər il iştirakı dövlət başçısının dünya liderləri arasında böyük nüfuz sahibi olmasının göstəricisidir. İlk dəfə 2007-ci ildə bu forumda iştirak edən cənab İlham Əliyev ötən həftə qatıldığı 48-ci forum çərçivəsində dövlət və hökumət başçıları, beynəlxalq təşkilat, eləcə də dünyaca tanınmış şirkət rəhbərləri ilə 30-a yaxın görüş keçirdi və bir sıra iclaslarda iştirak etdi. Keçirilən görüşlərdə siyasi-iqtisadi münasibətlər, Azərbaycan iqtisadiyyatının şaxələndirilməsi, bu istiqamətdə dövlətin qarşıya qoyduğu prioritet vəzifələr və əldə olunan nailiyyətlər, ölkəmizin beynəlxalq ticari əlaqələrinin genişlənməsi məsələləri müzakirə mövzusu oldu. Bu çoxsaylı görüşlər həm iqtisadi, həm də siyasi baxımdan mühüm önəm kəsb etməklə yanaşı, ölkəmizə böyük sərmayə axınının olacağını deməyə əsas verdi.
Əlbəttə ki, Davos Forumu Azərbaycan həqiqətlərini və iqtisadi potensialını dünyaya çatdırmaq üçün mühüm platformadır. Azərbaycanın builki forumda ən yüksək səviyyədə təmsil olunması da son illər ölkənin iqtisadi sahədə əldə etdiyi uğurların dünya ictimaiyyəti tərəfindən diqqətlə izlənilməsinin nəticəsidir. 
Forum çərçivəsində davam etdirilən intensiv təmaslar Azərbaycanın beynəlxalq mövqeyinin möhkəmlənməsi, ikitərəfli və çoxtərəfli əlaqələrinin genişlənməsi baxımından müstəsna əhəmiyyətə malikdir. Bütün bunlar forum iştirakçılarında Azərbaycan iqtisadiyyatı və ölkəmizin iqtisadi siyasəti barədə real təsəvvür yaratmaqla əməkdaşlıq üçün yeni perspektivlərin açılacağından xəbər verir. 
Bir sözlə, Prezident İlham Əliyevin xeyli sayda görüşlər keçirməsi dünyanın ölkəmizə diqqətinin göstəricisi olmaqla yanaşı, yeni tərəfdaşlıqların əsasının qoyulmasına zəmin yaratdı.
Dövlət başçısı yanvarın 23-də forumun “Strateji baxış: Avrasiya” adlı interaktiv iclasında, yanvarın 24-də isə “Neft və qaz sənayesi siyasəti üzrə liderlərin toplantısı” adlı sessiyasında iştirak etdi. Müasir dövrdə Azərbaycanın dinamik inkişaf göstəriciləri, eləcə də dövlət siyasətinin prioritet istiqamətləri haqqında müfəssəl məlumat verən cənab İlham Əliyev qeyd etdi ki, demokratik dövlət quruculuğu yoluna qədəm qoymuş Azərbaycanın müstəqillik əldə etdikdən sonra üzləşdiyi sosial-iqtisadi və siyasi problemləri müvəffəqiyyətlə həll etməsi ölkəmizin beynəlxalq aləmdəki mövqeyi və ayrı-ayrı ölkələrlə milli dövlət maraqlarına cavab verən qarşılıqlı faydalı əlaqələri və dünya birliyinə inteqrasiyası prosesinin intensivliyi ilə sıx bağlı olub. 
Dövlət başçısı Azərbaycanda bütün fundamental azadlıqların, o cümlədən mətbuat azadlığının təmin olunduğunu diqqətə çatdırdı. Davosda dövlətin siyasi iradəsini sərgiləyən cənab 
İlham Əliyev qeyd etdi ki, Azərbaycanda mətbuat tamamilə azaddır. Azərbaycan əhalisinin 80 faizi internet istifadəçisidir. Bu, Azərbaycana qarşı təzyiq mexanizmi formalaşdırmağa və çirkin kampaniya aparmağa çalışanlara tutarlı cavab idi. Azərbaycanın müstəqil siyasət yürütdüyünü bir daha vurğulayan Prezident İlham Əliyev bu siyasətin milli maraqlarımıza söykəndiyini, ölkəmizdə sabit siyasi və iqtisadi vəziyyətin mövcud olduğunu qeyd etdi. 
Azərbaycan iqtisadiyyatının şaxələndirilməsi, həmçinin neft və qazdan asılılığının azaldılması səyləri haqqında danışan Prezident postneft dövrünün, ciddi islahatların həyata keçirilməyə başlandığını və bunun artıq yaxşı nəticələr verdiyini, 2017-ci ildə iqtisadiyyatımızın qeyri-neft sektorunun təqribən 3 faiz və qeyri-neft sənayemizin 4 faiz artdığını söylədi. 
Enerji layihələrinə gəldikdə, Prezident vurğuladı ki, Azərbaycanın təşəbbüskarı olduğu layihələr regionun enerji xəritəsini dəyişdirib. “...Gürcüstanın Supsa limanına qədər inşa etdiyimiz ilk kəmər Xəzər dənizini Qara dənizlə birləşdirdi. Daha sonra inşa etdiyimiz Bakı-Tbilisi-Ceyhan neft kəməri Xəzər dənizini Aralıq dənizi ilə birləşdirdi. Bundan sonra həmin marşrut boyu biz qaz kəmərini də inşa etdik. Beləliklə, biz karbohidrogen ehtiyatlarımız üçün şaxələnmiş ixrac marşrutlarına malikik və geniş mənada tərəfdaşlarımızın, o cümlədən Avropada olan tərəfdaşlarımızın enerji təhlükəsizliyini təmin edirik. Avropa İttifaqının üzvü olan bəzi dövlətlərin neftə tələbatının böyük hissəsi Azərbaycan tərəfindən təmin edilir. İki-üç ildən - “Cənub qaz dəhlizi” layihəmiz uğurla icra olunandan sonra onlar bizim təbii qaz ehtiyatlarımıza da çıxış əldə edəcəklər”.
Nəqliyyat layihələri haqqında danışan dövlət başçısı Bakı-Tbilisi-Qars dəmir yolu layihəsinin regionun nəqliyyat xəritəsini dəyişdirdiyini bildirərək qeyd etdi ki, bu gün bu, Çindən Avropaya olan ən qısa marşrutdur - əvvəllər bu məsafə 30-35 gün ərzində qət olunurdusa, artıq bu gün iki həftə ərzində qət edilir. Beləliklə, bu, nəqliyyat və enerji şaxələndirilməsinin yeni xəritəsidir və açıq okeana çıxışı olmayan bir ölkə kimi Azərbaycan regional nəqliyyat dəhlizinə çevrilir. 
Builki forumun Azərbaycan üçün ən ürəkaçan hadisələrdən biri də respublikamızın inkişaf etməkdə olan ölkələr sırasında inklüziv (hərtərəfli) inkişaf indeksinə görə 3-cü yeri tutmasıdır. Mütəxəssislərin qənaətinə görə, bu göstərici ÜDM göstəricisinə alternativ olmaqla bərabər, daha mütərəqqi, obyektiv və sosial xarakterli inkişaf səviyyəsini özündə ehtiva edir. Fərəhli haldır ki, 4,69 bal qazanmaqla hərtərəfli inkişaf indeksinə görə Azərbaycan yalnız Litva və Macarıstandan sonra 3-cü göstəriciyə malikdir.
Davos İqtisadi Forumunun bu dəyərləndirməsindən sonra Azərbaycana maraq daha da artacaq. İnvestisiya axını üçün böyük şirkətlər ciddi addımlar atmağa başlayacaqlar. Çünki bu forumun müəyyənləşdirdiyi reytinq cədvəli xarici sərmayəçilər tərəfindən əsas götürülür. Bir çox göstəricilər üzrə tədqiqatlar aparılır və ölkəmizlə bağlı müsbət nəticəyə gəlinir. 
Həqiqətən də bu gün Azərbaycan öz iqtisadi tərəqqisi ilə inkişafın milli modelini formalaşdırıb. Neft gəlirlərinin səmərəli idarə edilməsi, iqtisadiyyatın şaxələndirilməsi və qeyri-neft sektorunun tərəqqisi, regionların tarazlı inkişafı, özəl sektorun inkişaf etdirilməsi və sahibkarlığa dövlət dəstəyi kimi fundamental tədbirlər xüsusi olaraq vurğulanmalıdır. Bütün bunlar ölkə iqtisadiyyatının davamlı tərəqqisini təmin edən strateji amillərdir. Azərbaycan reallıqlarının Dünya İqtisadi Forumu kimi mötəbər beynəlxalq tribunadan səsləndirilməsi müstəsna əhəmiyyətə malikdir. Bəllidir ki, həyata keçirilən iqtisadi islahatlar nəticəsində əldə edilən çoxsaylı uğurlar ölkəmizin beynəlxalq iqtisadi reytinqinin yüksəlməsinə də əhəmiyyətli töhfələr verib. Ölkəmizin bu forumda uğurla təmsil olunması respublikamızın dünya iqtisadiyyatına inteqrasiyası, beynəlxalq iqtisadi və siyasi əlaqələrinin genişləndirilməsi baxımından xüsusi önəmə malikdir. 
Əminliklə söyləyə bilərik ki, Prezident İlham Əliyevin Dünya İqtisadi Forumu çərçivəsində keçirdiyi görüşlər və etdiyi çıxışlar Azərbaycanın beynəlxalq mövqeyinin daha da möhkəmlənməsinə, ikitərəfli və çoxtərəfli əlaqələrinin genişlənməsinə xidmət edəcək.
Səttar MÖHBALIYEV,
Milli Məclisin deputatı, 
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri
"AZƏRBAYCAN" qəzeti 31.01.2018-ci il