AZ | RU | EN

Böyük Britaniya parlamentinin nümayəndə heyəti Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasında qəbul edilmişdir

28 Mar 2013

Səfərin məqsədi Azərbaycan ilə Böyük Britaniya arasında mövcud siyasi və iqtisadi əlaqələri daha da inkişaf etdirmək, həmçinin Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı həqiqətlərlə daha yaxından tanış olmaqdan ibarətdir.

Nümayəndə heyəti səfər çərçivəsində Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasında da olmuşdur.

Konfederasiyanın sədri, millət vəkili Səttar Mehbalıyev qonaqları salamlayaraq belə görüşlərin ölkələrimiz arasındakı ikitərəfli əməkdaşlığın daha da genişlənməsi və möhkəmlənməsi istiqamətində mühüm rol oynadığını nəzərə çatdırmışdır.

S.Mehbalıyev qonaqlara Azərbaycan Həmkarlar İttifaqlarının yaranmasından, ötən dövrdə keçdiyi tarixdən danışmış, fəaliyyət sahələri, strukturu barədə məlumat vermişdir. O, qeyd etmişdir ki, Azərbaycan Həmkarlar İttifaqları hərəkatı XIX əsrin 60-cı illərindən formalaşmağa başlamışdır. AHİK – Azərbaycan Respublikası işçilərinin ən iri həmkarlar ittifaqı birliyi olaraq ətrafında 1 milyon 600 min insanı əhatə edən 26 üzv təşkilatı birləşdirir. AHİK-in üzv təşkilatlarında 17173 həmkarlar ittifaqı təşkilatı fəaliyyət göstərir. Mülkiyyət münasibətlərinin dəyişdirilməsi ilə bağlı xarici, özəl və birgə müəssisələrdə həmkarlar ittifaqlarının təsis olunması diqqət mərkəzindədir. Hazırda 3778 xarici, özəl və birgə müəssisədə həmkarlar ittifaqı təşkilatı təsis edilmişdir ki, onlar da öz ətrafında 167859 ittifaq üzvünü birləşdirir.

28.03.13 28.03.13.2

S. Mehbalıyev qonaqların diqqətinə çatdırdı ki, AHİK dünyanın 46 beynəlxalq təşkilatı və milli həmkarlar ittifaqı mərkəzləri ilə əməkdaşlıq qurmuş, bir çox ölkələrin həmkarlar ittifaqları mərkəzləri ilə əməkdaşlıq haqqında müqavilələr imzalamışdır. 2001-ci ilin noyabr ayından AHİK dünya həmkarlarının ən böyük ictimai qurumu olan, özündə 156 ölkədən 174 milyon həmkarlar ittifaqı üzvünü birləşdirən Beynəlxalq Həmkarlar İttifaqları Konfederasiyasının üzvüdür.

AHİK tərəfindən həyata keçirilən bütün tədbirlərin məqsədi həmkarlar ittifaqı üzvlərinin sosial-iqtisadi hüquqlarının müdafiəsinin qanunauyğun şəkildə təmin olunması, onun rifahının yaxşılaşdırılmasıdır.

 Böyük Britaniya parlamentinin nümayəndə heyətinin üzvləri səmimi qəbul üçün  minnətdarlıq etmiş, Azərbaycan Həmkarlar İttifaqlarının fəaliyyəti barədə dolğun məlumat aldıqlarına görə S. Mehbalıyevə təşəkkürlərini bildirmişlər.

FAYDALI KEÇİDLƏR