AZ | RU | EN

BMT-nin Qadınların Statusu üzrə Komissiyasının 56-cı sessiyası keçirilmişdir

12 Mar 2012

 

 

Sessiyada "Kənd qadınlarının hüquq və səlahiyyətləri, yoxsulluq və aclığın aradan qaldırılmasında onların rolu, inkişaf və qarşıda duran vəzifələr" məsələsinə baxılmışdı.

Həm hökumət, həm də qeyri-hökumət təşkilatlarının gender bərabərliyinin təmin olunması ilə bağlı üzərlərinə götürdüyü öhdəliklər, onların hesabatları, o cümlədən həmkarlar ittifaqları və qeyri-hökumət təşkilatlarının bu sahədə apardığı işlər müzakirə olunmuşdur.

Sessiyadan öncə təqdim olunacaq məruzələri müzakirə etmək üçün Beynəlxalq Həmkarlar İttifaqları Konfederasiyası, Beynəlxalq İctimai Xidmətlər, Beynəlxalq Təhsil Birliyi və digər həmkarlar ittifaqları nümayəndələri bir araya gəlmişlər. Müzakirələr zamanı AHİK nümayəndə heyətinin rəhbəri İlyas Əliyev "Gender bərabərliyi" mövzusunda geniş məruzə etmişdir.

O, AHİK-in gender bərabərliyi siyasətinin əsas istiqamətlərindən və həyata keçirdiyi tədbirlərdən konkret misallarla danışmışdır. İ.Əliyev demişdir ki, Azərbaycanda qadınlara cəmiyyətin siyasi, iqtisadi, sosial, mədəni həyatında bərabər imkanlar yaradılıb. Gender stereotipləri, cinsi mənsubiyyətə görə ayrı-seçkiliyin bütün formaları aradan qaldırılıb. Nümayəndə heyətinin rəhbəri bildirmişdir ki, Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsi ölkədə gender bərabərliyinə də pis mənada təsirsiz ötüşməmişdir. O, bir daha qeyd etmişdir ki, Ermənistanın yürütdüyü təcavüzkar siyasət nəticəsində "Azərbaycanın 20 faiz torpaqları işğal olunmuş, bu ərazilərin bütün infrastrukturu məhv edilmişdir. İşğal nəticəsində ölkənin iqtisadiyyatına milyardlarla dollar ziyan dəymiş, 1 milyondan artıq azərbaycanlı öz dədə-baba torpaqlarından didərgin düşmüşdür", - deyə bəzi həqiqətləri iştirakçıların diqqətinə çatdırmışdır.

Müzakirələrdən sonra beynəlxalq həmkarlar ittifaqı təşkilatlarının ümumi məruzəsi sessiyaya təqdim olunmuşdur.

 Qeyd edək ki, AHİK nümayəndə heyətinin üzvləri Xocalı soyqırımının 20-ci ildönümü ilə əlaqədar "Xocalıya ədalət" beynəlxalq kampaniyası çərçivəsində Nyu-York şəhərində keçirilmiş yürüşdə iştirak etmişlər. Azərbaycan-Amerika Cəmiyyəti, Azərbaycan-Amerika Şurası və və Türkiyə-Amerika Assosiasiyası Assambleyası tərəfindən təşkil edilmiş aksiyada yüzlərlə insan Ermənistan-Azərbaycan-Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Azərbaycanın haqlı mövqeyinə dəstək nümayiş etdirmişdir.

FAYDALI KEÇİDLƏR