AZ | RU | EN

BEYNƏLXALQ ƏMƏK KONFRANSININ 101-CI SESSİYASI KEÇİRİLMİŞDİR

14 Jun 2012

Beynəlxalq Əmək Təşkilatının üzv dövlətlərinin hökumət, işəgötürən və həmkarlar ittifaqı təşkilatlarından ibarət sosial tərəfdaşların iştirak etdiyi tədbirdə qurumun baş direktoru çıxış etmiş, əmək sahəsində fundamental prinsip və hüquqlar üzrə qlobal məruzə dinlənilmişdir. Həmçinin sessiyada sosial müdafiənin minimal səviyyəsini müəyyənləşdirən tövsiyyə, gənclərin məşğulluğu və digər məsələlər müzakirə edilmişdir. 

Standartlar Komitəsinin iclasları daha çox qızğın mübahisələrlə yadda qalmışdır. Həmin iclaslarda BƏT-in konvensiyalarının yerlərdə tətbiqi məsələsi fikir ayrılığına səbəb olmuşdur. Qurumun konvensiyalarını, əsasən də 87 saylı konvensiyanı («İttifaqların azadlıqları») reallaşdırmaqda maraqlı olmayan 50 ölkənin siyahısını hazırlayıb gündəliyə salmaq istəyi işəgötürənlər qrupu tərəfindən etirazla qarşılanmışdır. Onlar bu məsələnin Standartlar Komitəsinin səlahiyyətləri daxilində olmadığını iddia edərək komitənin bu məsələni müzakirə etmək səlahiyyətinin olmadığını bəyan etmişlər. Beləliklə, iclaslarda xüsusilə 87 saylı konvensiyanın tələblərinin ən kobud şəkildə pozulduğu ölkələrdən cəmi 10-nun hesabatı təqdim olunmuşdur.

İyunun 6-dan plenar iclaslara start verilmişdir. Plenar iclasın ilk günündə AHİK sədri Səttar Mehbalıyev «Gənclərin məşğulluğu» mövzusunda çıxışı etmişdir.

İyun ayının 6-da Səttar Mehbalıyev həmçinin Beynəlxalq Əmək Təşkilatının yeni seçilmiş Baş katibi Qay Rayder ilə də görüşmüşdür. O, Q. Rayderi yeni vəzifəyə seçilməsi münasibətilə təbrik etmiş və ona gələcək fəaliyyətində uğurlar arzulamışdır. R. Qardar isə öz növbəsində bildirmişdir ki, Beynəlxalq Həmkarlar İttifaqları Konfederasiyasının sədri olduğu 8 il müddətində dəfələrlə AHİK rəhbərliyi ilə görüşmüş, görüşlər onda hər zaman xoş təəssüratlar yaratmışdır.

Sessiya müddətində Azərbaycan nümayəndə heyəti digər ölkələrin milli həmkarlar ittifaqı mərkəzlərinin təmsilçiləri ilə ikitərəfli görüşlər keçirmiş, qarşılıqlı əməkdaşlıq məsələlərini müzakirə etmişdir.

FAYDALI KEÇİDLƏR