AZ | RU | EN

BEYNƏLXALQ ƏMƏK KONFRANSININ 101-Cİ SESSİYASINDA AHİK SƏDRİ, MİLLƏT VƏKİLİ SƏTTAR MEHBALIYEVİN «GƏNCLƏRİN MƏŞĞULLUĞU» MÖVZUSUNDA ÇIXIŞI

14 Jun 2012

Hörmətli Qay Rayder, Siz uzun illər həmkarlar ittifaqlarında bizimlə çiyin-çiyinə çalışmışsınız. Bu illər yeni Beynəlxalq Həmkarlar İttifaqı Mərkəzinin formalaşma illəri idi. Sizin rəhbərliyinizlə Beynəlxalq Həmkarlar İttifaqları Konfederasiyası iqtisadi inkişafı müxtəlif səviyyədə olan ölkələrin həmkarlar ittifaqlarını bir araya gətirməyi bacardı və onların ümumi dəyərlərdən faydalanmalarına şərait yaratdı.

Azərbaycan Həmkarlar İttifaqları Sizə yeni vəzifələrinizin yerinə yetirilməsində uğurlar arzulayır. Biz əminik ki, Beynəlxalq Əmək Təşkilatı gələcəkdə də dünya miqyasında sosial ədalət, humanizm və partnyorluq prinsiplərini inkişaf etdirəcəkdir.

Beynəlxalq Əmək Konfransının 101-ci sessiyası çox vacib problemlərin həlli yollarının tapılmasına həsr edilmişdir. Bunlardan biri də hamımızı daha çox maraqlandıran gənclərin məşğulluğu problemidir.

Nəzərinizə çatdırım ki, Azərbaycan Respublikasında sosial-iqtisadi inkişaf yönümündə əhəmiyyətli dəyişikliklər baş verir, əhalinin rifahının yaxşılaşdırılmasına istiqamətləndirilən genişmiqyaslı islahatlar həyata keçirilir. Əldə olunmuş nailiyyətlər, bazar iqtisadiyyatının təşəkkül tapması, sahibkarlığın inkişaf etdirilməsi, əlverişli mühitin yaradılması istiqamətində atılan önəmli addımlar əhalinin və xüsusilə gənclərin məşğulluğunun təmin edilməsi üçün münbit şərait yaratmışdır.

Azərbaycan Respublikası Gənclərin Məşğulluq Şəbəkəsinə daxil olan qabaqcıl ölkələr sırasına qoşulmuşdur və bu təşəbbüs BƏT-in texniki yardımı vasitəsilə Birləşmiş Millətlər Təşkilatı tərəfindən dəstəklənmişdir.

Gənclər arasında aparılan məşğulluq vəziyyətinin təhlili, eləcə də gənclərin məşğulluğunun dəstəklənməsi üzrə Milli Fəaliyyət Planı gənclər arasında işsizliyin azaldılmasını, onların məşğulluğunun və sahibkarlıq fəaliyyətlərinin dəstəklənməsini və gənclərə peşə yönümlü təlimlərin keçirilməsini məşğulluq siyasətində əsas prioritetlər kimi ayırır.

Bu gün Azərbaycanda gənclərin sayı surətlə artmaqda davam edir. Onların məşğulluğu məsələləri də problem olaraq ortaya çıxır. Respublikadakı iqtisadi fəal əhalinin sayında gənclərin payı 27%, məşğul əhalinin sayında isə 25,5% təşkil edir.

Bu gün Azərbaycanın artan iqtisadi potensialı, yeni yaradılan və müasir texnologiyalara malik olan sənaye müəssisələrimiz peşəkar kadrlar tələb edir. Burada bizim qarşımızda duran ən ciddi məsələ peşəkar kadrların təhsili, onların hazırlanmasıdır.

Təhsili olmayan və məşğulluq sferasından kənarda qalan gənclərin sayının xeyli dərəcədə artması həmkarlar ittifaqları kimi bizi narahat edən məsələlərdəndir. Ölkə gənclərinin bu kateqoriyası öz fəaliyyətsizliklərinin əsas səbəbi kimi şəxsi və ailə öhdəliklərini, layiqli işin olmamasını, iş axtarışının mənfi nəticələrini, işin harada və necə axtarılmasını bilmədiklərini qeyd edirlər.

Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə regionların sosial-iqtisadi inkişafı ilə bağlı qəbul edilmiş proqramların həyata keçirilməsi və aparılan iqtisadi islahatlar nəticəsində respublikada məşğulluq probleminin həll edilməsi üçün son 8 il ərzində 1 milyondan artıq iş yeri açılmış, nəticədə işsizliyin səviyyəsi 28%-dən 5,6%-ə düşmüşdür.

Bu istiqamətdə fəaliyyət davam etdirilir. Təqdirəlayiqdir ki, yaradılmış iş yerlərinin böyük hissəsi qeyri-neft sektorunu və regionları əhatə edir.

Dövlət qulluğu haqqında qanunvericilikdə edilmiş dəyişikliklərə əsasən 65 yaşına çatmış insanların pensiyaya çıxması da gənc kadrlar üçün məşğulluq imkanlarını genişləndirmişdir. Təkcə təhsil sahəsində 20 minə yaxın iş yeri boşalmışdır.

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası da respublikada bu istiqamətdə aparılan işlərdən kənarda qalmamışdır. Tripartizm prinsiplərinə əsaslanaraq hər iki ildən bir bağlanan Baş Kollektiv Sazişdə məşğulluqla bağlı ayrıca bölmə nəzərdə tutulmuşdur. Sazişdə işsizliyin aradan qaldırılmasına, gənclərin məşğulluğunun təmin edilməsinə yönəldilən tədbirlər öz əksini tapmışdır.

Bunlar aşağıdakılardır:

- iqtisadiyyatın inkişafına uyğun olaraq texniki-peşə və orta ixtisas təhsili sistemində müasir tələblərə cavab verən islahatların həyata keçirilməsi üçün sosial partnyorlarla dialoqu davam etdirmək;

- işçilərin ölkə daxilində mobilliyini həvəsləndirən stimullar sisteminin gücləndirilməsi sahəsində məsləhətləşmələr aparmaq;

- gənclərin, xüsusilə də 20-30 yaşlı gənc qadınların yeni peşələrə yiyələnməsi və ixtisaslarının artırılması   istiqamətində görülən işləri gücləndirmək.

Həmkarlar ittifaqlarında gənclərin əmək və sosial-iqtisadi hüquqlarının qorunması, onların həmkarlar ittifaqı üzvlüyünə cəlb edilməsi, müsbət iş təcrübələrinin öyrənilib yayılması, təkmilləşdirilməsi və müvafiq tövsiyələrin hazırlanması üçün AHİK-də Gənclər Şurası fəaliyyət göstərir.

Hesab edirəm ki, bütün bunlarla yanaşı gənclərin məşğulluq probleminin həlli əsasən özəl sektorun inkişafı vasitəsilə həyata keçirilməklə, iş axtaran gənclərin peşə bacarıqlarının əmək bazarının tələblərinə uyğunlaşdırılması istiqamətində tədbirlər davam etdirilməlidir.

Eyni zamanda məktəbdən başlayaraq peşə yönümü ilə bağlı işlərin gücləndirilməsi, əmək vərdişlərinin əldə edilməsi də olduqca vacibdir.

Düşünürəm ki, peşə hazırlığında aşağıdakı mövcud problemlərin həllinə diqqət artırılmalıdır:

- peşə məktəblərinin və liseylərin maddi-texniki bazası möhkəmləndirilməli, müasir avadanlıq və vəsaitlərlə təchiz edilməlidir;

- peşə hazırlığı ilə məşğul olan yüksək ixtisaslı kadrlar maddi cəhətdən stimullaşdırılmalıdır;

- peşə hazırlığı üzrə təhsil müəssisələrinin saxlanılması orta təhsil məktəblərinə nisbətən 20-30 faiz baha başa gəldiyini nəzərə alaraq, işəgötürənlərin qeyd olunan xərclərin müəyyənləşdirilməsinə cəlb etməklə sosial məsuliyyətliyi artırılmalıdır.

Diqqətinizə görə təşəkkür edirəm.

FAYDALI KEÇİDLƏR