AZ | RU | EN

Beynəlxalq təşkilatın yubiley tədbiri Bakıda keçirilib

05 May 2017

Mayın 5-də Heydər Əliyev Beynəlxalq Aeroportunda yerləşən "Sheraton" hoteldə Beynəlxalq Aviasiya İşçiləri Həmkarlar İttifaqları Birliyinin (BAİHİB) 20 illik yubileyinə həsr edilmiş təntənəli yığıncaq keçirilib.  

Yığıncağa qurumun Şura üzvləri - Ümumrusiya Aviasiya İşçiləri Həmkarlar İttifaqının sədri V.Selitrinnikov, Belarus Aviasiya İşçiləri Hİ Birliyinin sədri Y. Yerşov,  Ukrayna Aviasiya İşçiləri Hİ-nin sədri M.Koziç, Qırğızıstan Aviasiya İşçiləri Hİ Respublika Komitəsinin sədri K.Kalmurzayev, Latviya Aviasiya İşçiləri Həmkarlar İttifaqı Federasiyasının sədri  V.Qolyakov, Özbəkistan Aviasiya İşçiləri Hİ Respublika Şurasının sədri Ş.Minqaliyev, Tacikistan Aviasiya İşçiləri Hİ Respublika Komitəsinin sədri S.Kasirov dəvət olunmuşdular. Tədbirdə AHİK-in sədr müavini C.Alxasov da iştirak edib.

Yubiley tədbirini giriş sözü ilə BAİ HİB-in sədri, Azərbaycan Aviasiya İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri Bəkir Yusifov açıb. Sonra geniş giriş nitq söyləyib. O, Birliyin yaranma tarixi və səbəbləri, fəaliyyətinin müəyyən mərhələlərində üzləşdiyi çətinliklər və region aviasiya sisteminin inkişafına verdiyi töhfələr və sahə işçilərinin sosial, əmək hüquqlarının qorunması işində qazandığı uğurlar barədə ətraflı məlumat verib. Bildirdi ki, Birlik işini milli sahə həmkarlar ittifaqları ilə əlaqəli şəkildə qurur. Onlara metodiki və əyani köməklik göstərir. Aralarında işgüzar əməkdaşlığın daha da möhkəmləndirilməsi üçün bütün imkanlarından bəhrələnir. Üzv təşkilatlar arasında sıx əlaqə və əməkdaşlıq indiki dövrdə xüsusilə çox vacibdir. Çünki zaman dünya həmkarlar hərəkatının qarşısına get-gedə daha çətin və yeni vəzifələr qoyur. Elə vəzifələr ki, onları yalnız birlikdə, səmərəli əməkdaşlıq şəraitində həll etmək mümkündür.

Məruzə ətrafında çıxış edən  V.Selitrinnikov, Y.Yerşov, Ş.Minqaliyev, M.Koziç də Birliyin bir beynəlxalq struktur kimi özünü doğrultduğunu diqqətə çatdırıblar. Dedilər ki, B.Yusifov şuranın ona həvalə etdiyi vəzifənin öhdəsindən ləyaqətlə gəlir.

Məruzə və çıxışlardan sonra Respublika Şurasının birliyin ünvanına 20 illik yubiley münasibətilə Ümumhəmkarlar İttifaqları Konfederasiyasının Baş katibi Vladimir Şerbakovun, AHİK-in sədri, BHİK-in və PARŞ-ın vitse-prezidenti, millət vəkili Səttar Mehbalıyevin, Milli Aviasiya Akademiyasının rektoru, akademik Arif Paşayevin, Azərbaycan Respublikasının Dövlət Mülki Aviasiya Administrasiyasının direktoru Arif Məmmədovun, "Azərbaycan Hava Yolları" QSC-nin prezidenti Cahangir Əsgərovun, Qırğızıstan Həmkarlar İttifaqları Federasiyasının sədri Mirbek Asanakunovun göndərdikləri təbrik məktubları oxunub.

Sonra bir çox qabaqcıl həmkarlar ittifaqı fəalı Ümumittifaq Həmkarlar İttifaqları Konfederasiyasının gümüş medalı və Fəxri Fərmanı, Beynəlxalq  Aviasiya İşçiləri Həmkarlar İttifaqları Birliyinin  "20 illik" yubiley döş nişanı və Fəxri Fərmanı ilə təltif olunublar.

 Ülfət qəzeti

06.05.2017

FAYDALI KEÇİDLƏR