AZ | RU | EN

Beynəlxalq Avrasiya Təhsil İşçiləri Həmkarlar İttifaqları Birliyinin XI Forumu keçirilib

28 Jun 2016

    İyunun 28-də Bakıda Beynəlxalq Avrasiya Təhsil İşçiləri Həmkarlar İttifaqları Birliyinin XI Forumu keçirilib. Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqının ev sahibliyi ilə keçirilən Forumda Türkiyə, Qazaxıstan, Qırğızıstandan nümayəndə heyətləri, eləcə də Makedoniya Respublikasından və İraqdan təmsilçilər iştirak ediblər.

  Forumdan əvvəl iştirakçılar Fəxri Xiyabana gələrək Azərbaycan xalqının ümummilli lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini yad edib, məzarı önünə əklil qoyublar.
  Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi anılıb, məzarı üzərinə tər çiçəklər düzülüb.
 Şəhidlər Xiyabanına gələn qonaqlar Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsini ehtiramla yad ediblər.
 Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri, Milli Məclisin deputatı Səttar Mehbalıyev AHİK-də tədbir iştirakçılarını qəbul edərək Azərbaycan Həmkarlar İttifaqlarının yaranma tarixi, gördüyü işlər və hədəfləri haqqında ətraflı məlumat verib.
 Daha sonra öz işinə başlayan Forumda Beynəlxalq Avrasiya Təhsil İşçiləri Həmkarlar İttifaqları Birliyinin, Türkiyə Təhsil İşçiləri Həmkarlar İttifaqının və Dövlət Qulluqçuları Həmkarlar İttifaqları Konfederasiyasının sədri İsmayıl Koncuk üzv qurumlar arasındakı mövcud əlaqələrdən, atılacaq addımlardan, qabaqcıl təcrübənin yayılmasının önəmindən danışıb. O deyib ki, üzvlərin sayının çoxluğu həmkarlar ittifaqı hərəkatının möhkəmlənməsində, uğurlu inkişafında, beynəlxalq arenada fəaliyyətinin səmərəliliyində vacib rol oynayır.
  Forumda çıxış edən Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri Səttar Mehbalıyev bildirib ki, Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsi beynəlxalq əlaqələrin genişləndirilməsinə hər zaman xüsusi diqqət verib. Təşkilat 1992-ci ildə Beynəlxalq Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqları Birliyinə, 2000-ci ildə Beynəlxalq Təhsil Birliyinə, 2009-cu ildə isə Təhsil və Həmrəylik Şəbəkəsinə üzv qəbul edilib.
  Səttar Mehbalıyev vurğulayıb ki, bu birlikdə təmsil olunmaq və burada təmsil olunan ölkələrlə əlaqələri genişləndirmək böyük önəm kəsb edir. “Bunun başlıca səbəblərindən biri budur ki, biz qardaş ölkələrin təmsilçiləriyik. Eyni kökə, eyni dilə, eyni dinə, eyni mədəniyyətə mənsub olmağımız bizi birləşdirən ən böyük dəyərlərdəndir. Sevindirici haldır ki, ölkələrimiz arasında bu dəyərlərə söykənən çox yaxın münasibətlər var. Bu baxımdan qurumda təmsil olunan Azərbaycanla Türkiyə arasındakı dostluq və qardaşlıq münasibətləri digər türkdilli respublikalara da örnək olmalıdır. Bu gün bu iki ölkə arasındakı münasibətlər Türkiyə Cümhuriyyətinin banisi Mustafa Kamal Atatürkün söyləmiş olduğu “Azərbaycanın sevinci bizim sevincimiz, kədəri bizim kədərimizdir” və Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin söyləmiş olduğu “Biz bir millət, iki dövlətik” kəlamlarına əsaslanır”, - deyə AHİK sədri bildirib.
  Türkiyə-Azərbaycan əlaqələrinin ən yüksək səviyyədə olduğunu xatırladan S.Mehbalıyev deyib: “Bu, belə də olmalıdır. Biz əsrlər boyu bir-birimizin yanında olmuşuq və bu gün iki müstəqil dövlət kimi gələcəyimizi birgə qururuq. Bu gün biz iqtisadi sahədə uğurla əməkdaşlıq edirik. Türkiyə və Azərbaycan qarşılıqlı sərmayə yatırmaqla həm öz maraqlarını təmin edir, eyni zamanda, biz bir-birimizi daha da gücləndiririk”.
 “Ölkələrimizin üzləşdiyi elə problemlər var ki, biz bu məsələlərdə bir olmalıyıq. Bilirsiniz ki, bu gün Azərbaycanın ən böyük problemi Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsidir. Azərbaycan ərazisinin 20 faizi Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunub. Azərbaycan torpaqlarının heç bir şərt qoyulmadan işğaldan azad edilməsi ilə bağlı Birləşmiş Millətlər Təşkilatının 4 qətnaməsi uzun illərdir ki, yerinə yetirilmir. Əslində Azərbaycanla Ermənistanın hərbi gücü müqayisə olunacaq səviyyədə deyil. Aprel ayının əvvəlində bu, bir daha sübut olundu. Azərbaycanın bu gün təkcə hərbi büdcəsi Ermənistanın dövlət büdcəsindən çoxdur və Azərbaycan Silahlı Qüvvələri qısa müddət ərzində işğal altındakı torpaqlarını azad etmək iqtidarındadır. Lakin dünya dövlətlərinin bu məsələyə ikili standartdan yanaşması bizi münaqişəni hərb yolu ilə həll etməkdən çəkindirir.
  Bu gün Asiyadan Avropaya qədər böyük bir ərazini əhatə edən türkdilli dövlətlər var və bu birlik kimsənin gücü yetməyəcək bir səviyyədədir. Bu birlik sayəsində bütün türkdilli dövlətlərin problemləri həll edilmiş olar, bütün dünya bizim haqq səsimizə dəstək vermək məcburiyyətində qalar. Bizim ədalətli olduğumuza dəstək üçün isə hər birimiz, istər dövlət məmuru, istər siyasətçi, istər sadə vətəndaş, istər həmkarlar ittifaqı, hər kəs öz töhfəsini verməlidir”, - deyə Konfederasiya sədri qeyd edib.
  S.Mehbalıyev çıxışının sonunda deyib ki, Beynəlxalq Avrasiya Təhsil İşçiləri Həmkarlar İttifaqları Birliyi də türk qardaşlığının bir nümunəsidir.
Forumda Beynəlxalq Avrasiya Təhsil İşçiləri Həmkarlar İttifaqları Birliyinə üzv təşkilatlar arasında münasibətlərin inkişaf etdirilməsi, əməkdaşlıq əlaqələrinin genişləndirilməsi məsələləri ətrafında müzakirələr aparılıb, eyni zamanda, üzv təşkilatlar arasında deklarasiya imzalanıb.

FAYDALI KEÇİDLƏR