AZ | RU | EN

Bakıda Türkiyənin Hak-İş Konfederasiyası İcraiyyə Komitəsinin toplantısı keçirilib

15 Apr 2016

Aprelin 15-də Bakıda Türkiyənin "Hak-İş" Konfederasiyası İcraiyyə Komitəsinin toplantısı keçirilib. Tədbir iştirakçıları əvvəlcə Fəxri xiyabanda ümummilli lider Heydər Əliyevin məzarını ziyarət ediblər. Görkəmli oftalmoloq alim, akademik Zərifə Əliyevanın da xatirəsi yad olunub.

Sonra iştirakçılar Şəhidlər xiyabanında ölkəmizin azadlığı və ərazi bütövlüyü uğrunda canlarından keçmiş Vətən övladlarının məzarlarını ziyarət ediblər. Daha sonra Şəhidlər xiyabanında şəhid türk əsgərlərinin xatirəsinə ucaldılmış Türk Şəhidliyi abidəsi də ziyarət olunub.
İcraiyyə Komitəsinin toplantısında ölkələrimiz arasında dostluq, qardaşlıq əlaqələrinin inkişafından söhbət açılıb.
"Hak-İş" Konfederasiyasının rəhbəri Mahmut Arslan bildirib ki, Azərbaycan və Türkiyə hər zaman bir-birinə dəstək olub. Qardaş ölkənin müstəqilliyini tanıyan ilk dövlət də məhz Türkiyədir. Azərbaycanın siyasi və iqtisadi sahələrdə sürətli inkişafı Türkiyəni sevindirir. Ölkələrimiz yaxşı və pis gündə hər zaman bir-birinin yanında olub və olacaq.
Konfederasiya rəhbəri bu günlərdə Ermənistanın işğalçılıq siyasətini ifşa etməyə yönəlmiş petisiyaya dəstək məqsədilə bütün qurumlarının səfərbər olduğunu bildirib. “Sevindirici haldır ki, 100 min imzanın kifayət etdiyi petisiya üçün artıq 130 mindən çox imza toplanıb. Dəstəyimiz sona qədər olacaq. Qardaş Azərbaycana məhəbbətimiz sonsuzdur. İşğalçı Ermənistan Azərbaycanın tarixi torpaqlarından çıxana qədər mübarizəmiz davam edəcək. Tarixi köklərlə bağlılığımız birliyimizin əbədi olacağına əsas verir”, - deyə o əlavə edib.
Azərbaycan ilə Türkiyə arasında qardaşlıq münasibətlərindən danışan Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri, Milli Məclisin deputatı Səttar Mehbalıyev ölkələrimizin və xalqlarımızın birliyinin əbədi olacağını söyləyib. Azərbaycan və Türkiyə həmkarlar ittifaqları arasında əlaqələrin genişləndiyini vurğulayan AHİK sədri "Hak-İş" Konfederasiyası İcraiyyə Komitəsinin toplantısının Bakıda keçirilməsindən məmnunluğunu bildirib, bunun əlaqələrin inkişafının göstəricisi olduğunu diqqətə çatdırıb. Toplantının işinə uğurlar arzulayan S.Mehbalıyev bundan sonra da lazım olan bütün dəstəyin veriləcəyini qeyd edib.
Tədbirdə Türkiyənin Azərbaycandakı səfirliyinin müşaviri Meral Barlas, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini İdris İsayev çıxış ediblər.
Sonda "Hak-İş" Konfederasiyasının sədri Mahmut Arslan tədbir iştirakçılarına hədiyyələr təqdim edib.

FAYDALI KEÇİDLƏR