AZ | RU | EN

Bakıda Dövlət İdarələri və İctimai Xidmət İşçiləri Həmkarlar İttifaqının VI qurultayı keçirilib

25 Aug 2017

Avqustun 25-də Bakıda Azərbaycan Dövlət İdarələri və İctimai Xidmət İşçiləri Həmkarlar İttifaqının VI qurultayı keçirilib.
Qurultayda Azərbaycan Dövlət İdarələri və İctimai Xidmət İşçiləri Həmkarlar İttifaqının sədri Hikmət Osmanov qurumun ötən dövr ərzindəki fəaliyyəti haqqında hesabat məruzəsi ilə çıxış edib. Bildirib ki, təşkilatda görülən işlər Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının mövqeyinə və xəttinə uyğun olaraq yerinə yetirilir. Qurum hesabat dövründə həmkarlar ittifaqı təşkilatlarının üzvlərinin sosial, iqtisadi və əmək hüquqlarının qorunmasına səy göstərib.

Qeyd edilib ki, ötən ilin yekunlarına əsasən, Dövlət İdarələri və İctimai Xidmət İşçiləri Həmkarlar İttifaqı 1576 ilk həmkarlar ittifaqı təşkilatını əhatə etməklə 79 min 503 nəfər həmkarlar ittifaqı üzvünü özündə birləşdirir. Ötən illə müqayisədə bir sıra üzv təşkilatların ləğvi, digərlərinin daha çoxsaylı təşkilatların tabeliyinə keçməsi ilə ilk həmkarlar ittifaqı təşkilatlarının sayı 3,7 faiz azalıb, göstərilən səylər nəticəsində isə üzvlərin sayı 1,4 faiz artıb. Bu sahədə çalışanların 37,8 faizini qadınlar, 21,4 faizini gənclər təşkil edir. 2016-cı ildə komitəyə 13 min 777 ərizə və şikayət daxil olub ki, onlardan 98,8 faizi öz müsbət həllini tapıb.

Sonra təftiş komissiyasının hesabatı dinlənilib.

Daha sonra qurumun rəhbər orqanlarının yeni tərkibləri seçilib və bu barədə qərarlar səsə qoyularaq qəbul edilib.

Qurultayda iştirak edən Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdir müavini Tahir Süleymanov əvvəlki qurultayın beş il bundan əvvəl keçirildiyini xatırladıb, bildirib ki, respublikanın ən böyük təşkilatında bütün işlərin mütəşəkkil qaydada, yüksək səviyyədə icrası sevindirici haldır. Qeyd edilib ki, müstəqilliyimizin bərpasından sonra Azərbaycanda güclü vətəndaş cəmiyyəti formalaşıb. Bu, bir tərəfdən ölkəmizin müstəqil siyasət yolunu seçməsi ilə bağlıdırsa, digər tərəfdən də ulu öndər Heydər Əliyevin və Prezident İlham Əliyevin bu sahəyə böyük diqqət və qayğısının nəticəsidir. Vətəndaş cəmiyyətinin ilk təsisatlarından biri siyasi partiyalardır. Müstəqillik illərində Azərbaycanda 55 siyasi partiya qeydə alınıb, lakin onlardan bəziləri o qədər passiv fəaliyyət göstərir ki, cəmiyyət tərəfindən tanınmır və onların mövcud olmaları da bilinmir. Lakin bəzi siyasi partiyalar ölkəmizin ictimai-siyasi fəaliyyətində yaxından iştirak edir, vətəndaşların siyasi şüurunun inkişaf etdirilməsində böyük səy göstərirlər. Belə partiyalarin 11-i Milli Məclisdə təmsil olunur. 2012-ci ildə Prezident İlham Əliyev qanunvericilik təşəbbüsü şəklində təklif verdi ki, “Siyasi partiyalar haqqında” Qanuna bir dəyişiklik olunsun. Həmin dəyişikliyə uyğun olaraq siyasi partiyalar ilk dəfə dövlət büdcəsindən maliyyələşməyə başladılar. 2013-cü ildən etibarən bu məqsədlə hər il dövlət büdcəsindən 2 milyon 500 min manat vəsait ayrılır.

Vətəndaş cəmiyyətinin digər mühüm təsisatı qeyri-hökumət təşkilatlarıdır. Ölkəmizdə QHT-lərin fəaliyyətini tənzimləyən mükəmməl qanunvericilik bazası yaradılıb. 2007-ci ildən etibarən Prezident İlham Əliyevin təşəbbüsü ilə Azərbaycan dövləti özü ictimai təşkilatların donoru qismində çıxış etməyə başlayıb. İl ərzində QHT-lərə 15-20 milyon manat vəsait ayrılır.

Nəhayət, vətəndaş cəmiyyətinin ən mühüm təsisatı həmkarlar ittifaqlarıdır. Özündə 1 milyon 600 minə yaxın üzvü birləşdirən həmkarlar ittifaqları təşkilatları digər təsisatlardan fərqli olaraq dövlətdən subsidiya almır. Əksinə, öz vəsaitləri hesabına dövlət layihələrinin həyata keçirilməsinə bu və ya digər dərəcədə yardım göstərir.

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) sədri, Milli Məclisin deputatı Səttar Mehbalıyev qurultayda çıxış edərək bildirib ki, həmkarlar ittifaqları təşkilatları dövlət qurumları, işəgötürənlər və onların birlikləri ilə əməkdaşlığı inkişaf etdirir. Hakimiyyət orqanlarına təkliflər vermək məqsədilə işçilərin peşə qruplarının iqtisadi və sosial vəziyyətinin təhlili sistematik olaraq həyata keçirilir. Həmkarlar ittifaqlarının başlıca vəzifəsi üzvlərinin əmək, sosial-iqtisadi hüquqlarını və mənafelərini qorumaqdır. Bu vəzifələrin uğurla yerinə yetirilməsi isə heç şübhəsiz, yaşadığımız cəmiyyətin nə dərəcədə demokratik olmasından, insan haqlarına və azadlıqlarına göstərdiyi hörmətdən asılıdır. Burada ölkənin iqtisadi durumunun dayanıqlılığının, aparılan islahatların səmərəliliyinin, müxtəlif sahələr üzrə qəbul olunan dövlət proqramlarının icrası səviyyəsinin də önəmli rolu var. Təsadüfi deyildir ki, Azərbaycan Həmkarlar ittifaqlarının qaldırdığı məsələlərə BHİK tərəfindən daim dəstək verilib.

AHİK-in sədri, eyni zamanda, Azərbaycan həmkarlar ittifaqlarının beynəlxalq əlaqələrindən danışıb, bu istiqamətdə görülən işlər barədə məlumat verib. Bildirib ki, beynəlxalq arenada xüsusi nüfuza malik olan Azərbaycan Həmkarlar İttifaqı 80-dən çox ölkənin müvafiq qurumları ilə sıx əlaqələr qurub, 167 ölkənin üzv olduğu Beynəlxalq Həmkarlar İttifaqları Konfederasiyasında və Pan Avropa Regional Şurasında vitse-prezident səviyyəsində təmsil olunur.

Qeyd edilib ki, müasir dünyada vətəndaş cəmiyyətinin formalaşması insan hüquq və azadlıqlarının etibarlı təminatları sisteminin yaradılmasını tələb edir. Hər bir dövlətdə insan hüquqlarının təminatına yönələn nə qədər çox müdafiə mexanizmi yaradılarsa, həmin cəmiyyətdə humanizm və ümumbəşəri dəyərlərə hörmət də bir o qədər yüksək olar. Məhz buna görə də Azərbaycan dövləti demokratik prinsiplərin möhkəmləndirilməsi, insan hüquq və azadlıqlarının təşviqi, vətəndaş cəmiyyəti institutlarının daha da inkişaf etdirilməsi, onların fəaliyyətinin stimullaşdırılması istiqamətində ardıcıl siyasət həyata keçirir.

Sonda Hikmət Osmanov səsvermə yolu ilə Azərbaycan Dövlət İdarələri və İctimai Xidmət İşçiləri Həmkarlar İttifaqına yenidən sədr seçilib.

FAYDALI KEÇİDLƏR