AZ | RU | EN

Bakıda beynəlxalq dəniz nəqliyyatı işçiləri həmkarlar ittifaqının qurultayı keçiriləcəkdir

19 Sep 2017

Sentyabrın 19-da AHİK-in sədri, Beynəlxalq Həmkarlar İttifaqları Konfederasiyasının vitse-prezidenti, Milli Məclisin deputatı Səttar Möhbalıyevin sentyabrın 20-də  Bakıda keçiriləcək Beynəlxalq Dəniz Nəqliyyatı İşçiləri Həmkarlar İttifaqları Konfederasiyasının  VI qurultayında iştirak edəcək nümayəndələri ilə görüşü keçirilib.

Qonaqları salamlayan AHİK sədri MDB ölkələrinin həmkarlar ittifaqları arasındakı qardaşlıq, həmrəylik münasibətlərini yüksək qiymətləndirdiyini vurğulayıb. Dəniz nəqliyyatının ölkələrimizin iqtisadiyyatının mühüm hissəsi olduğunu bildirən S.Möhbalıyev bu sahənin iqtisadiyyatın artımında və rəqabət qabiliyyətinin artmasında böyük rol oynadığını qeyd edib. Dənizçilərin əməyi sayəsində  beynəlxalq  ticari əməkdaşlıq inkişaf edir, ölkələrimiz arasında fasiləsiz sudaşımaları  həyata keçirilir. Bu, çətin, lakin şərəfli işdir və onun icraçılarına həmkarlar ittifaqı tərəfindən daim diqqət göstərilməsi tələb olunur.

Siz ilk dəfə deyildir ki, ölkəmizdə qonaqsınız. Azərbaycan dəniz nəqliyyatı işçiləri həmkarlar ittifaqı və sizin həmkarlar ittifaql birliyiniz arasında işgüzar, dostluq əlaqələri mövcuddur. AHİK əminliyini bildirir ki,əməkçilərin hüquqlarının qorunması sahəsində beynəlxalq təcrübəniz  bundan sonra da  sahə həmkarlar ittifaqlarımız arasında istifadə olunacaq. Biz bilirik ki, Beynəlxalq Dəniz Nəqliyyatı işçiləri Həmkarlar İttifaqları Konfederasiyası beynəlxalq Konvensiyalara və BƏT-in  Sazişlərinə əsaslanaraq  MDB-də dəniz nəqliyyatı işçilərinin əmək, sosial-iqtisadi hüquqlarının müdafiə olunması sahəsində milli üzv təşkilatları ilə bərabərhüquqlu, konstruktiv dialoqa həmişə hazırdır.

Sonra S.Mühbalıyev qonaqlara Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının fəaliyyəti və vəzifələri barədə məlumar verdi. Bildirdi ki, AHİK 1993-cü ildə yaradılıb və öz fəaıiyyətini Azərbaycan Respublikasının Konstitusiyasına, “Həmkarlar İttifaqları haqqında” AR Qanununa və öz Nizamnaməsinə müvafiq olaraq həyata keçirir. Konfederasiya könüllülük prinsipləri əsasında 26 sahə həmkarlar ittifaqını və Naxçıvan Muxtar Respublikası sahələrarası həmkarlar ittifaqını  öz sıralarında birləşdirir. Bu gün həmkarlar ittifaqları öz sıralarında 1 milyon 500 min həmkarlar ittifaqı üzvünü birləşdirir. Konfederasiyanın əsas vəzəfələri həmkarlar ittifaqı üzvlərinin rifahını yüksəltmək, iş,məişət,istirahət şəraitini yaxşılaşdırmaq,  dövlət və icra orqanlarında onların maraqlarını qorumaq və hüquqlarını müdafiə etməkdir.

Azərbaycan həmkarlar ittifaqları  qanunvericilik fəaliyyətində fəal iştirak edirlər, ölkənin əmək qanunvericiliyinin təkmilləşdirilməsi prosesinə real təsir göstərirlər. Son illərdə həmkarlar ittifaqlarının təklifləri ilə AR Əmək Məcəlləsinə, “Həmkarlar ittifaqları haqqında”, “İnzibati Xətalar haqqında” və digər qanunlara 100-dən çox əlavə və dəyişikliklər edilib. Aəzrbaycan həmkarlar ittifaqlarının təşəbbüsləri ilə MDB ölkələri içərisində ilk dəfə olaraq AR Əmək Məcəlləsinə həmkarlar ittifaqı üzvü olan işçilərin problemlərinə toxunan əlavə və dəyişikliklər edilib. Ilk növbədə, bu, işəgötürənin həmkarlar ittifaqı üzvləri ilə əmək müqaviləsinin pozulması təşəbbüsü qaydasına toxunub. Əmək müqaviləsi işəgötürənin təşəbbüsü ilə pozularsa, o, . həmkarlar ittfaqına yazılı surətdə müraciət edərək işçinin işdən çıxarılmasını əsaslandırmalıdır. Həmkarlar ittifaqı təşkilatı 10 gündən gec olmayaraq işəgötürənə əsaslandırılmış yazılı qərarını göndərməlidir.  “Həmkarlar ittifaqları haqqında” qanuna həmkarlar ittifaqlarının təşəbbüsü ilə ölkə Parlamenti tərəfindən belə bir əlavə edilib: “Müəssisənin, idarənin, təşkilatın xüsusi mülkiyyət formasından asılı olmayaraq işəgötürən öz mühasibatlığı vasitəsilə üzvlük haqqlarının  tutulmasını təmin edir və 4 iş günü ərzində həmkarlar ittifaqı təşkilatının hesablaşma hesabına köçürür.

AHİK sədri bildirib ki, respublika hənkarlar ittifaqı təşkilatlarına göstərilən mühüm dəstək “İnzibati Xətalar haqqında” AR qanununa edilən əlavələr olubdir. Bu əlavələr  üzvlük haqqlarının vaxtlı-vaxtında və tam şəkildə yığılmasında işəgötürənin məsuliyyətinin daha da artırılmasını nəzərdə tutur. Əlavələrdə deyilir ki, üzvlük haqqlarının həmkarlar ittifaqı təşkilatının hesabına vaxtında köçürülmədiyi halda vəzifəli şəxslər 1000 manatdan 1500 manatadək cərimə olunurlar.

Respublikada əmək haqqlarının sistematik olaraq  artırılması, üzvlük haqqlarının vaxtında və tam şəkildə yığılmasında məsuliyyətin artırılması bizə sahə həmkarlar ittfaqı təşkilatlarında maliyyə vəziyyətinin möhkəmləndirilməsinə imkan verir.  Bu da təşkilatlarımıza həmkarlar ittifaqı üzvlərinin istirahətinin təşkili səviyyəsini artırmağa imkan yaradır. Belə ki, son bir neçə ildə rabitə, dəniz nəqliyyatı, təhsil, dəmiryol nəqliyyatı, dövlət idarələri,mədəniyyət, səhiyyə işçiləri həmkarlar ittifaqları respublikanın səfalı bölgələrində istirahət və müalicə mərkəzləri tikib istifadəyə veriblər. Təkcə ötən yay mövsümündə bu mərkəzlərdə 7 min həmkarlar ittifaqı üzvü  öz ailələri ilə dincəlmişlər. Biz  90-cı illərdə Dağlıq Qarabağ münaqişəsi nəticəsində yurd-yuvalarından qaçqın və müvəqqəti löçkün düşmüş soydaşlarımızın müvəqqəti yaşaması üçün verdiyimiz keçmiş sanatoriyalarımızı da tədricən bərpa etməyə başlamışıq.

S.Möhbalıyev daha sonra qeyd edib ki, AHİK beynəlxalq həmkarlar ittifaqı həmrəyliyi mövqeyindən çıxış edərək dünyanın 40-a qədər ölkəsinin həmkarlar ittifaqı mərkəzləri ilə əməkdaşlıq edir.

Bu gün respublikamızın iqtisadiyyatı və kənd təsərrüfatı uğurla inkiçaf etməkdə davam edir. Xəzər dənizinin Azərbaycan sektorunda  dünya miqyasl irı neft və qaz layihələri həyata keçirilir. Bi işdə Azərbaycanın dəniz neftçilərinə dəniz nəqliyyatı işçiləri yaxından kömək göstərir, gündəlik olaraq gəmilər, tankerlər vasitəsilə min tonlarla yanacaq daşıyırlar. Bu gün “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Səhmdar Cəmiyyəti çoxsahəli nəqliyyat müəssisəsidir. Onun tərkibinə nəqliyyat və neft donanması, gəmi təmiri zavodları, elmi-tədqiqat institutu, Azərbaycan Dövlət Dəniz Akademiyası və dənizçilərin Hazırlıq və Sertifikasiya Mərkəzi daxildir. Xəzər Gəmiçiliyinin 288 gəmisi, 9000 işçisi vardır.

Azərbaycan dövləti dəniz nəqliyyatının inkişafına xüsusi diqqət yetirir. Ölkə Prezidenti İlham Əliyevin  2016-cı il noyabr Sərəncamı ilə  2016-2020-ci illər üçün Azərbaycan Respublikasında gəmiçiliyin inkişafı üzrə Dövlət Proqramı təsdiq edilib. Proqramda Dövlət Xəzər Dəniz Gəmiçiliyində  nəqliyyat və neft sənayesi sahələrində yenilənmə tədbirlərinin həyata keçirilməsi, gəmi təmiri zavodlarının modernləşdirilməsi və digər mühüm istiqamətlərin inkişafı nəzərdə tutulur. Bu baxımdan Sahə həmkarlar ittifaqının qarşısında ciddi vəzifələr durur.

Çıxışının sonunda S.Möhbalıyev  qurultay iştirakçılarına uğurlar və səmərəli iş arzulayıb.
Beynəlxalq Dəniz Nəqliyyatı Həmkarlar İttifaqları Konfedersiyasının sədri Georgi Stolyarenko öz çıxışında qeyd edib ki,  rəhbərlik etdiyi qurumun bu il 25 yaşı tamam olur. Onun təsisçiləri sırasında Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası da olub. Deyib ki, bu gün də rəhbərlik etdiyi təşkilatın AHİK ilə sıx əməkdaşlıq əlaqələri mövcuddur. G Stolyarenko sentyabrın 20-də keçiriləcək VI qurultayın müzakirə edəcəyi məsələlər haqqında məlumat verib və bildirib ki, həmin vəzifələrin yerinə yetirilməsi üçün  bütün qüvvələini səfərbərliyə alacaqlar. Sonra G.Stolyarenko Azərbaycan Dəniz Nəqliyyatı Həmkarlar İttifaqının bir sıra işçilərini hədiyyə və diplomlarla təltif edib.

 Qurultay iştirakçıları Fəxri xiyabanda xalqımızın ümummilli lider Heydər Əliyevin xatirəsini yad edib, məzarı önünə əklil qoyublar. Qonaqlar həmçinin görkəmli oftalmoloq alim, akademik Zərifə Əliyevanın məzarı üzərinə gül dəstələri düzüblər.

Sonra Şəhidlər xiyabanına gedərək ölkəmizin azadlığı və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsini anıb, “Əbədi məşəl” abidəsini ziyarət ediblər.

                            


FAYDALI KEÇİDLƏR