AZ | RU | EN

Bakıda “Əmək bazarında sağlam və təhlükəsiz iş şəraitinin təmin olunmasında sosial tərəfdaşların rolu” mövzusunda Beynəlxalq konfrans keçirilir

25 Sep 2012

Konfransda BHİK-in, Beynəlxalq Əmək Təşkilatı (BƏT) və Avropa Həmkarlar İnstitutunun nümayəndələri ilə yanaşı, Rusiya, Belarus, Gürcüstan, Qazaxıstan, Moldova, Ukrayna və Tacikistanın nümayəndə heyətləri iştirak edirlər.
Əmək bazarında sağlam və təhlükəsiz iş şəraitinin yaradılmasında sosial tərəfdaşların rolunun müzakirə edildiyi və təcrübə mübadiləsinin aparıldığı tədbirdə AHİK sədrinin müavini Cavanşir Alxasov Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının fəaliyyəti haqqında danışmışdır. Bildirmişdir ki, öz sıralarında bir milyon yarımdan çox həmkarlar ittifaqı üzvünü birləşdirən AHİK öz praktiki fəaliyyətində qarşıdurma yaratmadan, hörmətlə, demokratik dialoq qurmaqla, işçilərin ictimai və iqtisadi mənafelərini fəal müdafiə etməklə, sosial əmək münasibətlərinin bərpa olunmasında, sosial tərəfdaşlığın inkişafında öz töhfələrini vermişdir.

Qeyd olunmuşdur ki, həmkarlar ittifaqlarının fəaliyyətinin prioritet istiqamətlərindən biri də işçilərin əmək və sağlamlıqlarının müdafiəsi sahəsidir. Həmkarlar ittifaqları işçilərin sağlamlığının və əməyinin mühafizəsi istiqamətində əsas vəzifələri sosial tərəfdaşlıq sistemi, kollektiv müqavilələrin bağlanması, bütün səviyyələrdə qanunverici və normativ aktların təkmilləşdirilməsi, onların işlənməsi üçün dövlət tənzimləmə mexanizmlərinin yaradılması vasitəsilə həyata keçirirlər.

Vurğulanmışdır ki, sosial tərəfdaşlar olan AHİK, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) və Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatlarının Milli Konfederasiyası (ASK) üçün əməyin mühafizəsi mövzusu son dərəcə aktualdır, çünki Azərbaycan Respublikası son illərdə dünyanın inkişaf etməkdə olan ölkələri sırasına daxil olmuşdur. İqtisadi inkişaf şəraitində işçilərin sosial cəhətdən müdafiəsinə tələbat da kəskin surətdə artır.
Bildirilmişdir ki, sosial tərəfdaşların bir sıra dövlət və milli proqramlarda və layiqli əmək proqramında nəzərdə tutulan tədbirlərin həyata keçirilməsində fəal iştirakı nəticə etibarilə əmək şəraitinin, ətraf mühitin vəziyyətinin yaxşılaşdırılmasına öz tövhələrini vermişdir.

Diqqətə çatdırılmışdır ki, AHİK-in sosial tərəfdaşlarla əməkdaşlığının əsas istiqaməti Baş Kollektiv Sazişdir. Bu sənəd hər iki ildən bir AHİK tərəfindən irəli sürülür və orada müxtəlif məsələlər, o cümlədən əməyin və sağlamlığın müdafiəsi, ətraf mühit və ekologiya məsələləri öz əksini tapır. Son illər Azərbaycan Həmkarlar İttifaqları ölkədə qanunverici və normativ bazanın təkmilləşdirilməsi prosesinə real təsir göstərməkdədirlər. Həmkarlar İttifaqlarının təklifi ilə Əmək və Vergi Məcəllələrinə bir sıra dəyişikliklər edilmişdir ki, bunlar da işçilərin iş rejiminin, istirahətinin, əmək və sağlamlıqlarının mühafizəsinin yaxşılaşdırılmasına xidmət edir.

25.09.12 25.09.12.1

Məlumat verilmişdir ki, AHİK-in yaradıldığı dövrdən etibarən həmkarlar ittifaqlarının xidmət dairəsinə daxil olan müəssisə və təşkilatlarda əmək xəsarəti alanların sayı azalmışdır.

Ümumilikdə respublika üzrə bu göstəricilər azalmaya doğru gedir.
Daha sonra ƏƏSMN-in Dövlət Əmək Müfəttişliyi Xidmətinin rəis müavini Rauf Tağıyev, ASK-nın baş katibi Məmmədəli Əfəndiyev, sağlam və təhlükəsiz əmək şəraiti üzrə Milli Şuranın nümayəndələri və digərlərinin məruzələri dinlənilmişdir. Natiqlər ölkəmizdə iş yerində sağlam və təhlükəsiz əmək şəraitinin yaradılması üzrə görülmüş işlər barədə məlumat vermişlər.

Diqqətə çatdırılmışdır ki, Azərbaycanda iş yerlərində sağlam və təhlükəsiz əmək şəraitinin yaradılması istiqamətində sosial tərəfdaşların təşəbbüs və səylərinin birləşdirilməsi və əlaqələndirilməsi məqsədi ilə ƏƏSMN, AHİK və ASK tərəfindən birgə Təhlükəsiz və Sağlam Əmək Şəraiti üzrə Milli Üçtərəfli Sosial Şura yaradılmışdır. Bununla yanaşı, hər üç qurum sahibkarların iş yerlərində təhlükəsizliyi təmin etməyə istiqamətlənmiş tədbirlər həyata keçirirlər. Bu tədbirlər sırasında həm maarifləndirmə və həm də təlim keçmə işi üstünlük təşkil edir. Belə tədbirlərin nəticəsidir ki, bu ilin səkkiz ayında istehsalatda baş verən bədbəxt hadisələrin sayı ötən ilin müvafiq dövrünə nisbətən xeyli azalmışdır.
 Tədbirdə BƏT-in, BHİK-in, MDB ölkələrinin və Avropa Həmkarlar İttifaqları İnstitutunun nümayəndələrinin “Avropa İttifaqı ölkələrinin və MDB ölkələrinin əməyin və sağlamlığın mühafizəsi sahəsində iş təcrübəsi” mövzusunda təqdimatları olmuşdur.

Konfransda sosial tərəfdaş olaraq 2012-2013-cü illər üçün bağlanmış Baş Kollektiv Sazişin müddəalarında işlənməsi nəzərdə tutulan qanun və normativ aktların tezliklə hazırlanması üçün Avropa və MDB ölkələrinin qabaqcıl təcrübəsindən istifadə edilməsinin vacibliyi vurğulanmış, mövzu ətrafında müzakirələr aparılmışdır.

Konfrans sentyabrın 27-dək davam edəcəkdir.

FAYDALI KEÇİDLƏR