AZ | RU | EN

Bakıda “Gənclərin miqrasiya problemləri” mövzusunda beynəlxalq konfrans keçirilib

10 Sep 2014

AHİK-in sədri, Milli Məclisin deputatı Səttar Mehbalıyev tədbiri açaraq deyib ki, konfransın məqsədi gənc miqrantların getdikləri ölkələrə uyğunlaşmaları, qanunlara riayət etmələri, qarşılaşdıqları problemlərin həlli və digər istiqamətlərdə maarifləndirilməsidir.

S.Mehbalıyev bildirib ki, müxtəlif dövlətlərdən dəvət olunmuş nümayəndələr öz ölkələrində miqrasiya sahəsində görülmüş işlər, miqrantların hüquqlarının qorunması və digər mövzularda müzakirələr aparacaqlar. Konfransın sonunda yekun sənəd imzalanacaq və digər ölkələrə də göndəriləcək.

Qeyd olunub ki, miqrasiya dünyada çox problemli bir məsələdir. Azərbaycan üçün miqrasiya prosesləri yeni bir anlayış deyil. 1990-cı illərin əvvəllərində etnik təmizlənməyə məruz qalan azərbaycanlılar da bu problemlə üzləşiblər. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi nəticəsində 1 milyondan çox azərbaycanlı qaçqın və məcburi köçkün vəziyyətinə düşüb. O dövrdə insanların əksəriyyəti qonşu ölkələrdə özlərinə sığınacaq və münasib iş axtarırdı. İndi isə vəziyyət tam fərqlidir. Son 10 ildə Azərbaycanda gedən sürətli inkişaf nəticəsində artıq əcnəbi vətəndaşlar ölkəmizə üz tutmağa başlayıblar.

 10.09.14.1 10.09.14

S.Mehbalıyev son illər Azərbaycanda miqrasiya sahəsində qanunvericiliyin təkmilləşdirilməsi, normativ-hüquqi bazanın gücləndirilməsi istiqamətində mühüm tədbirlər həyata keçirildiyini bildirib. Qeyd edib ki, Azərbaycanda həmkarlar ittifaqları gənclərin miqrasiya sahəsində üzləşdikləri problemlərin həllində yaxından iştirak edir. AHİK gənc kadrların hazırlanması və peşə hazırlığının yüksəldilməsinə xüsusi önəm verir.

Diqqətə çatdırılıb ki, həmkarlar ittifaqları iş yerlərinin açılmasına, işləyən və təhsil alan gənclərin fəallığının təmin edilməsinə, onların rəhbər vəzifələrdə təmsil olunmalarına diqqət yetirir. Son üç ildə Azərbaycanda dövlət qulluğuna qəbul olanların 60 faizdən çoxu 30 yaşına çatmamış gənclərdir. Yerli idarəetmə orqanlarında çalışanların 28 faizini, ölkənin həmkarlar ittifaqları üzvlərinin dörddə birini gənclər təşkil edir.

Konfransda bildirilib ki, artıq dünyada 200 milyondan çox insan öz ölkəsindən kənarda yaşayır. Ekspertlərin rəyinə görə, istehsal olunan ümumi daxili məhsulun təxminən onda biri miqrantların payına düşür.

Beynəlxalq Həmkarlar İttifaqları Konfederasiyası Pan-Avropa Regional Şurasının MDB üzrə proqram əlaqələndiricisi Anna Salnikova, qurumun gənclər komitəsinin prezidenti Qoda Neverauskayte miqrasiya problemləri ilə mübarizədə həmkarlar ittifaqları ilə əməkdaşlığın önəmini qeyd ediblər.

Tədbir müvafiq mövzuda müzakirələrlə davam edib.

İki gün davam edəcək konfransda “Azərbaycanda miqrasiya siyasəti”, “Miqrasiya ilə bağlı fəaliyyət sahələri”, “Avropa Şurası və onun hüdudlarından kənara miqrasiya: əsas tendensiyalar və əmək bazarı üçün nəticələr”, “Həmkarlar ittifaqları və həmkarlar ittifaqlarının gənc üzvləri miqrasiya problemi ilə bağlı nə edirlər?” və digər mövzular müzakirə olunacaq.

FAYDALI KEÇİDLƏR