AZ | RU | EN

Azərbaycana qarşı növbəti qərəzli və qeyri-obyektiv mövqe

24 Sep 2014

Birmənalı şəkildə demək olar ki, bu qətnamə qərəzli və qeyri-obyektiv  mövqedən hazırlanıb.  Son illərdə ölkəmizin sürətli inkişafı, insanların rifahının yaxşılaşması, hüquq və azadlıqlarının qorunması Avropa Parlamentinin hər bir üzvünə yaxşı məlumdur.  Ermənistanın təcavüzü nəticəsində yüz minlərlə azərbaycanlı qaçqın və məcburi köçkünün kütləvi surətdə pozulan hüquqları da Avropa Parlamentinin üzvlərinə yaxşı məlum olan həqiqətdir. 1 milyona yaxın insanın 20 ildən artıq bir müddətdə kütləvi surətdə pozulmuş hüquqlarına biganə qalan bu təşkilatın təhrif edilmiş faktlar əsasında Azərbaycana qarşı ittihamlar irəli sürməsinə ədalətsizlikdən başqa ayrı ad vermək mümkün deyil. Azərbaycan müstəqil dövlətdir və öz taleyini özü həll etmək haqqına sahibdir. Heç kəsə, o cümlədən də Avropa Parlamentinin üzvlərinə Azərbaycanın daxili işlərinə qarışmaq haqqı verilməyib.

Qətnaməni Avropa Parlamenti qəbul etsə də, bu sənəd qurumun kiçik bir qrupu tərəfindən təklif olunub. Maraqlı məqam odur ki, qətnamənin qəbulunda iştirak edən müxtəlif partiyaların təmsilçilərinin əksəriyyəti bir dəfə də olsun Azərbaycanda olmayıb. Onların ölkəmizdə gedən proseslərdən, ümumiyyətlə, xəbərləri yoxdur. Avropa Parlamentində qəbul olunan sənədi təklif edənlər bu dəfə də birbaşa erməni lobbisinin çox ciddi təsiri altındadırlar. Ölkəmizə edilən bu təzyiqlərin ən əsas səbəbi də odur ki, Azərbaycan heç kimin diktəsi ilə yox, yalnız millətin maraqlarına uyğun addımlar atır, öz yolu ilə inkişaf edir. Belə bir qətnamənin "Əsrin müqaviləsi"nin 20 illiyi ərəfəsində qəbul olunması da təsadüfi deyil.

Həqiqəti qətiyyən əks etdirməyən bu qətnamə ölkəmizi basqı altında saxlamağa hesablanmışdır. Onu qəbul edənlər bilməmiş deyillər ki, əgər bir ölkənin təhlükəsizliyi təhdid olunarsa, onun inkişafına maneçilik törədilərsə, bunlara qarşı qanun çərçivəsində müvafiq tədbirlər görülməlidir. Məlumdur ki, Avropa təsisatlarında təmsil olunan bütün ölkələr  özlərinin daxili sabitliyini qorumaq, xarici təhdidlərə qarşı dayanmaq, basqılardan sığortalanmaq üçün bu istiqamətdə zəruri addımlar atırlar.  Dövlətin, dövlətçiliyin, ölkənin milli maraqlarının qorunması baxımından bunlar tamamilə normal hərəkətlərdir. Amma təəssüf doğuran məqam budur ki, nədənsə, bəzi xarici dairələr Azərbaycanda qanunun tələblərini pozanlara, öz statusundan sui-istifadə edərək imtiyazlar qazanmağa çalışanlara xüsusi diqqət ayırırlar.  Halbuki Avropa ölkələrində qanunun aliliyi vacib şərtdir. İstər Azərbaycanda, istərsə də Avropada kimin hansı status daşımasından asılı olmayaraq, hər kəs qanunlara əməl etməlidir. Qanunları pozan isə adekvat qaydada cəzalandırılmalıdır. Bütün bunlara görə, Avropa Parlamentinin son qətnaməsi həqiqəti əks etdirməyən, ölkəmizi öz təsiri altında saxlamağa hesablanmış sənəddir.

Bir daha deyirəm: Avropa Parlamentinin ölkəmiz haqqında yanlış təsəvvür yaradan belə qətnamələri erməni diasporunun təsiri altında olan şəxslərin təşəbbüsü, növbəti düşmənçilik fəaliyyəti kimi qiymətləndirilməlidir. Bu qətnamə Avropa Parlamentinin Azərbaycanla bağlı qəbul etdiyi birinci sənəd deyil. Bundan əvvəl də Avropa Parlamentinin Azərbaycandakı real vəziyyəti əks etdirməyən, tamamilə böhtan xarakterli, qərəzli mahiyyət daşıyan qətnamələri olmuşdur. Hesab edirəm ki, kiçik deputat qrupu tərəfindən müzakirəyə çıxarılan və qəbul edilən qətnamənin, orada yer alan fikirlərin heç bir əsası yoxdur.

 

Səttar MEHBALIYEV,

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri, Milli Məclisin deputatı

AZƏRBAYCAN qəzeti

24.09.2014

FAYDALI KEÇİDLƏR