AZ | RU | EN

Azərbaycan Respublikasının Nazirlər Kabineti, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası və Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatlarının Milli Konfederasiyası arasında 2010-2011-ci illər üçün BAŞ KOLLEKTİV SAZİŞ

06 Aug 2010

Tərəflər hesab edirlər ki, yaxın gələcəkdə dünya maliyyə böhranının ölkə iqtisadiyyatına mənfi təsirlərinin yumşaldılması, işçilərin layiqli əməyini, yaşayışını və sərbəst inkişafını təmin edən şəraitin yaradılması, ölkənin maliyyə, enerci, ərzaq, ekoloci təhlükəsizliyi, sosial bərabərsizliyin aradan qaldırılması, işsizliyin və yoxsulluğun azaldılması Azərbaycan dövlətinin sosial-iqtisadi siyasətinin prioritet məqsədlərini təşkil etməlidir.

Tərəflər qarşılıqlı əlaqələrin sosial tərəfdaşlıq prinsipləri əsasında inkişaf etdirilməsinə, sosial-əmək münasibətlərinin sosial dialoq, kollektiv müqavilələr və sazişlər vasitəsilə tənzimlənməsinə çalışacaqlarını və Baş Kollektiv Sazişlə müəyyən edilən öhdəlik və sövdələşmələrə riayət edəcəklərini bəyan edirlər.

 

I. İqtisadi siyasət sahəsində

1.1. Tərəflər hesab edirlər ki, Saziş bağlanılan müddətə dövlətin sosial-iqtisadi siyasəti iqtisadiyyatın strukturunun innovasiyalı yeniləşməsinə, onun rəqabət qabiliyyətinin artırılmasına və dinamik inkişafını təmin edən şəraitin yaradılmasına yönəldilməlidir. Bu məqsədlə Tərəflər aşağıdakı tədbirləri həyata keçirməyi öhdələrinə götürürlər:

1.1.1. azad rəqabət üçün şərait yaradılmasına, istehsalın həcminin artırılmasına, işçilərin sosial təminatlarının təmin edilməsinə istiqamətləndirilən sosial-iqtisadi inkişaf proqramlarının hazırlanıb həyata keçirilməsi üzrə birgə iş aparmaq;

1.1.2. iqtisadiyyatın real sektorunun inkişafına yerli və xarici investisiyaları cəlb etmək üçün müəyyən olunmuş təminatlara riayət etmək, o cümlədən investorların hüquqlarının müdafiəsi sistemini təkmilləşdirmək və əhalinin investisiya fəallığının artırılması üzrə tədbirləri həyata keçirmək;

1.1.3. manat və xarici valyutanın arasında optimal nisbiliyi qorumaq;

1.1.4. ölkənin Ümumdünya Ticarət Təşkilatına daxil olması üçün səyləri gücləndirmək, müsbət və mənfi nəticələr barədə üçtərəfli məsləhətləşmələr aparmaq;

1.1.5. regionların inkişafı, yeni iş yerlərinin yaradılması məqsədi ilə hər bir şəhər (rayon) üzrə əmək və təbii resursları, iqtisadi vəziyyəti və infrastrukturu əks etdirən məlumat banklarını yaratmaq;

1.1.6. yüksək innovasiyalı və informasiya-kommunikasiya texnologiyalarının tətbiqinə geniş dəstək vermək;

1.1.7. sosial məqsədlərə sərf olunan vəsaitin dövlət büdcəsində xüsusi çəkisinin artırılması siyasətini davam etdirmək;

1.1.8. regionların, xüsusilə qeyri-neft sektorunun inkişafına yönəldilən tədbirləri həyata keçirməklə, ölkə iqtisadiyyatının neft sektorundan asılılığını azaltmaq;

1.1.9. yerli məhsulun istehsal həcmini, əməyin səmərəliliyini, malların keyfiyyətini və rəqabət qabiliyyətini yüksəltmək məqsədi ilə yerli istehsalçılara hərtərəfli yardımı artırmaq, qanunverici və beynəlxalq hüquq normaları əsasında daxili və xarici bazarlarda ölkənin yerli istehsalçılarının mənafelərini müdafiə etmək, istehsal olunmuş hazır məhsulun dünya bazarına ixracını stimullaşdıran tədbirlər sistemini gücləndirmək;

1.1.10. müəssisələrin, təşkilatların texniki cəhətdən yenidən qurulmasına dəstək vermək;

1.1.11. əməyin məhsuldarlığının artırılmasına yönəldilən tədbirləri stimullaşdırmaq;

1.1.12. bazar iqtisadiyyatı şəraitində istehsal həcminin artırılmasında və yeni iş yerlərinin yaradılmasında əsas amil olan kiçik və orta sahibkarlıq subyektləri üçün dövlət yardımını daha da gücləndirmək;

1.1.13. qeyri-formal iqtisadiyyatın həcminin azaldılması və real sektora yönəldilməsi istiqamətində tədbirlər həyata keçirməklə, korrupsiya əleyhinə fəaliyyəti gücləndirməklə dövlət büdcəsi vəsaitinin ÜDM-ə nisbətinin əhəmiyyətli dərəcədə artırılmasına nail olmaq;

1.1.14. ölkənin ərzaq təhlükəsizliyi baxımından kənd təsərrüfatı istehsalının inkişafı, onun səmərəliliyinin artırılması, bu sahədə qeyri-formal əmək münasibətlərinin aradan qaldırılması istiqamətində zəruri tədbirlər həyata keçirmək;

1.1.15. fermerlərin idarəetmə və texniki biliklərinin artırılması, kreditlərin verilməsi zamanı biznes planının tutulması, kredit əldə etmək, ondan istifadə qaydaları və sair ilə əlaqədar regionlarda yeni informasiya mərkəzlərinin yaradılmasını davam etdirmək;

1.1.16. şoranlaşmış, torpaqların təmizlənməsi və onlardan səmərəli istifadə olunması ilə bağlı fəaliyyəti gücləndirmək;

1.1.17. bilavasitə istehsalçıların vergi yükünün yüngülləşdirilməsini, sahibkarlığın inkişafını, investisiya fəaliyyətinin yüksəlməsini nəzərə alan vergi qanunvericiliyinin təkmilləşdirilməsini davam etdirmək;

1.1.18. ölkə gənclərinin və qadınların sahibkarlıq fəaliyyəti ilə məşğul olması üçün yardımı artırmaq;

1.1.19. təbii inhisarçıların xidmətlərinə və məhsullarına qoyulan qiymətlərə (tariflərə) yenidən baxılması prosesində üçtərəfli məsləhətləşmələrdən istifadə etmək;

1.1.20. istehlak bazarında qiymətlərin artmasına təsir göstərən inhisarlaşma, rəqabətin məhdudlaşdırılması, bazarların bölüşdürülməsi, razılaşdırılmış qiymətlərin tətbiq edilməsi hallarının qarşısının alınması üçün birgə monitorinqlər aparmaq və onların nəticələrini geniş ictimaiyyətə çatdırmaq;

1.1.21. ipoteka krediti sisteminin fəaliyyətini fəallaşdırmaq, onun üzərində birgə nəzarəti təşkil etmək;

1.1.22. transmilli şirkətlərdə, xarici sərmayə ilə işləyən və müştərək müəssisələrdə çalışan işçilərin hüquqlarının qorunması ilə bağlı birgə iş aparmaq;

1.1. 23. ölkəyə gətirilən ərzaq və qeyri- ərzaq mallarının keyfiyyəti üzərində nəzarət mexanizmini gücləndirmək;

1.1.24. strateci əhəmiyyətli təşkilatların maliyyə baxımından dəstəklənməsi haqqında təkliflər hazırlamaq və həyata keçirmək;

1.1.25. institusional, idarəetmə və struktur islahatları davam etdirmək.

1.2. Tərəflər iqtisadiyyatın bütün sahələri üzrə Ümumi Daxili Məhsulun əldə olunmuş artım templərinin saxlanmasını və aşağıda qeyd olunan real artım göstəricilərini təmin etməyi zəruri hesab edirlər:

Ümumi Daxili Məhsul 2010-cu ildə- 6,8 %, 2011-ci ildə – 5, 1 %, o cümlədən sənaye istehsalında müvafiq olaraq-7,8 %, və 3,9 %, kənd təsərrüfatı istehsalında - 4% və 4%, pərakəndə əmtəə dövriyyəsi - 7,1% və 7,5 % , əhalinin pul gəlirləri -10,1 % və 9 %

 

II. Əməyin ödənilməsi, əhalinin gəlirləri və həyat səviyyəsi

Tərəflər əhalinin həyat səviyyəsinin və gəlirlərinin artırılmasına, yoxsulluğun azaldılmasına istiqamətləndirilən kompleks tədbirlərin hazırlanmasını və həyata keçirilməsini zəruri hesab edir və aşağıdakı öhdəlikləri götürürlər:

2.1. əhalinin gəlirlərinin artmasını təmin edən razılaşdırılmış siyasəti davam etdirmək;

2.2. minimum əməkhaqqı, yaşayış minimumu göstəricilərinin Beynəlxalq Əmək Təşkilatının 131 saylı Konvensiyasının tələblərinə və Yenidən Baxılmış Avropa Sosial Xartiyasının tövsiyələrinə uyğun müəyyən edilməsini mərhələlərlə təmin etmək;

2.3. «Yaşayış minimumu haqqında» qanuna uyğun olaraq ölkə üzrə əməkhaqqının və pensiyaların minimum məbləğinin, müavinətlərin, təqaüdlərin, ehtiyac meyarının yaşayış minimumuna nisbətini razılaşdırılmış şəkildə müəyyən etməklə əhəmiyyətli dərəcədə artımına nail olmaq;

2.4. «Yaşayış minimumu haqqında» Azərbaycan Respublikası Qanununun icrası üçün zəruri normativ-hüquqi aktları hazırlayıb təsdiq etmək və bu sənədlərin tələblərinə riayət etmək;

2.5. əhalinin həyat səviyyəsinin aşağı düşməsinə yol verməmək üçün tarifləri (xidmətlərin, işlərin) və malların qiymətlərini dövlət tərəfindən tənzimləmək;

2.6. əhalinin əmanət banklarında 1992-ci il yanvarın 1-nə olan əmanətlərinin indeksləşdirməsini tətbiq etməklə, 2011-ci ildən başlayaraq mərhələlərlə ödənilməsini təmin etmək;

2.7. əməkhaqlarının, pensiyaların, müavinətlərin vaxtında ödənilməsini təmin etmək;

2.8. iqtisadiyyatın bütün sahələri üçün ümumi olan və ayrı-ayrı sahələr üzrə Vahid Tarif-İxtisas Sorğu kitabçalarının tərtib edilməsini başa çatdırmaq;

2.9. əhalinin ümumi gəlirlərində əməyin ödənilməsi payının artırılması istiqamətində işləri davam etdirmək;

2.10. büdcədən maliyyələşən təşkilatlarda çalışan işçilərin əməyinin Vahid Tarif Cədvəli əsasında ödənilməsi sisteminin təkmilləşdirilməsini davam etdirmək;

2.11. əhalinin işıq, qaz, su və istiliklə tam həcmdə və fasiləsiz təmin edilməsi üçün təsirli tədbirlər həyata keçirmək;

2.12. kişi və qadın işçilər tərəfindən həyata keçirilən eyni işlər üçün bərabər həcmdə əməyin ödənilməsini təmin etmək;

2.13. dövlət sosial sığorta şəhadətnaməsi olmayan şəxslərlə (ilk dəfə əmək fəaliyyətinə başlayanlar istisna olmaqla) əmək müqaviləsi bağlayan işəgötürənlərə qarşı sosial tərəfdaşların birgə nəzarətini gücləndirmək;

2.14. sahibkarlar (işəgötürənlər) tərəfindən rəsmi uçotdan gizlədilməklə, işçilərə verilən qeyri-rəsmi ödənişlərin leqallaşdırılması istiqamətində həyata keçirilən tədbirləri davam etdirmək;

2.15. kommunal xidmətlərin, nəqliyyatda gediş haqlarının və digər tariflərin artırılmasını yalnız əməkhaqlarının, pensiyaların və müavinətlərin artırılmasından sonra həyata keçirmək .

 

III. Əmək bazarının inkişafı və əhalinin məşğulluğunun təminatları

Tərəflər həm kişi, həm də qadınlar üçün azad, bərabərhüquqlu, təhlükəsiz və insan ləyaqətinə hörmət etmə tələblərinə cavab verən layiqli və məhsuldar işlə təminat imkanlarının təkmilləşdirilməsini milli iqtisadiyyatın və sosial siyasətin ən əsas istiqamətlərindən biri kimi qiymətləndirirlər. Bununla əlaqədar Tərəflər aşağıdakı öhdəlikləri götürürlər:

3.1. «Məşğulluq haqqında» qanuna uyğun olaraq məşğulluq sahəsində razılaşdırılmış siyasəti həyata keçirmək məqsədi ilə regionlarda sosial tərəfdaşların və müvafiq qeyri-hökumət təşkilatların nümayəndələrindən ibarət komitələrin yaradılmasını başa çatdırmaq, analoci qurumun respublika səviyyəsində təsis edilməsini təmin etmək;

3.2. mövcud iş yerlərinin saxlanmasını və layiqli yeni iş yerlərinin açılmasını təmin edən işəgötürənlər üçün güzəştlər nəzərdə tutan həvəsləndirici tədbirləri həyata keçirmək;

3.3. Azərbaycan Respublikasının Məşğulluq Strategiyasının həyata keçirilməsi üzrə Dövlət Proqramında, eləcə də gənclərin məşğulluğuna yönəldilmiş Milli Fəaliyyət Planında nəzərdə tutulmuş tədbirlərin icrasını təmin etmək;

3.4. gənclərin məşğulluğunun təmin edilməsinə, əmək şəraitinin yaxşılaşdırılmasına, həyat səviyyəsinin yüksəldilməsinə, tələbə və şagirdlərin, gənc fəhlələrin və mütəxəssislərin sosial müdafiəsinin gücləndirilməsinə istiqamətləndirilən tədbirləri dəstəkləmək;

3.5. respublika və regionlar üzrə məşğulluq proqramlarının tam həcmdə maliyyələşdirilməsini təmin etmək və bu məqsəd üçün ayrılmış vəsaitin səmərəli istifadə olunmasına nəzarəti gücləndirmək;

3.6. fasiləsiz təhsilin təşkil edilməsi, kadrların peşə hazırlığının yaxşılaşdırılması ilə bağlı işləri davam etdirmək;

3.7. əmək, məşğulluq, əmək miqrasiyası sahələrində qanunvericiliyin təkmilləşdirilməsi üzrə birgə və razılaşdırılmış fəaliyyəti davam etdirmək;

3.8. qeyri-formal məşğulluğun yaratdığı risklərlə bağlı ictimaiyyətin məlumatlandırılmasına dair işləri gücləndirmək;

3.9. əmək bazarının, qeyri-formal iqtisadiyyatın göstəricilərini dəqiqləşdirmək, mənfi tərəflərini aşkarlamaq və aradan qaldırmaq məqsədi ilə monitorinqlər təşkil etmək;

3.10. əmək miqrantlarının hüquqlarının müdafiəsi üzrə ölkələrarası sazişlərin bağlanılması təcrübəsindən istifadə etmək;

3.11. orta və ali məktəblərin, liseylərin və gimnaziyaların şagird və tələbələrinə əmək qanunvericiliyinin əsasları üzrə mühazirələr oxunmasını təşkil etmək;

3.12. Azərbaycan Respublikasının Əmək Məcəlləsinə uyğun olmayan qeyri-qanuni, müddətli əmək müqavilələrinin bağlanmasına yol verməmək;

3.13. Beynəlxalq Əmək Təşkilatının 1988-ci ildə qəbul etdiyi «Məşğulluğa köməklik və işsizlikdən müdafiə haqqında» 168 saylı Konvensiyanın ölkə parlamentində ratifikasiyasına nail olmaq;

3.14. biznes sahəsində risklərin sığortalanması istiqamətində tədbirlər həyata keçirmək;

3.15. ordudan tərxis olunmuş, cəzaçəkmə müəssisələrində cəza çəkmiş, qaçqın və məcburi köçkün gənclər, əhalinin sosial adaptasiyaya ehtiyacı olan digər təbəqələri arasında müvafiq proqramların tədrisini davam etdirmək;

3.16. texniki-peşə məktəblərinin maddi bazasını möhkəmləndirmək, yeni məktəblərin istifadəyə verilməsinə diqqəti artırmaq:

3.17. investisiya layihələrinin müsabiqəsi keçirilərkən yeni iş yerlərinin yaradılmasını və mövcud iş yerlərinin saxlanmasını nəzərə almaq;

3.18. əmək bazarının tələbatı əsasında iş axtaran və işsiz vətəndaşlar üçün peşəyönümü, peşə hazırlığı və yenidən hazırlığı üzrə regional tədris mərkəzlərinin yaradılmasını davam etdirmək;

3.19. orta təhsil məktəblərində şagirdlərin və gənclərin peşəyönümü, peşə hazırlığı sistemini təkmilləşdirmək;

3.20. Əmək Məcəlləsinin 241-ci maddəsinin «Yenidən Baxılmış Avropa Sosial Xartiyası»nın tələblərinə uyğunlaşdırılması üçün zəruri tədbirlər həyata keçirmək.

 

4. Sosial müdafiənin gücləndirilməsi istiqamətləri

Tərəflər Azərbaycan Respublikası vətəndaşlarının sosial müdafiəsi üzrə hüquqlarının təmin edilməsi üçün aşağıda göstərilən tədbirlərin həyata keçirilməsini zəruri hesab edirlər:

4.1. «Ünvanlı dövlət sosial yardımı haqqında» Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş «ehtiyac meyarı» göstəricisinin yaşayış minimumunun məbləğinə yaxınlaşdırılması üçün zəruri tədbirlərin həyata keçirilməsi;

4.2. əhalinin sağlamlığının mühafizəsi üzərində ictimai nəzarətin gücləndirilməsi;

4.3. İİV/QİÇS-ə, şəkərli diabet xəstəliyinə və digər xroniki xəstəliklərə tutulanların sosial müdafiəsinin gücləndirilməsi istiqamətində tədbirlərin davam etdirilməsi;

4.4. məktəbəqədər müəssisələrdə uşaq qidasının tərkibinin yaxşılaşdırılması məqsədi ilə müvafiq tədbirlərin həyata keçirilməsinin davam etdirilməsi;

4.5. məktəb tətilləri zamanı uşaqların istirahətinin təşkili işinin davam etdirilməsi, sağlamlıq düşərgələrinin sayının artırılması istiqamətində lazımi tədbirlərin həyata keçirilməsi;

4.6. yeni Mənzil Məcəlləsinə uyğun olaraq (maddə28) qəza vəziyyətində olan yaşayış sahələrinin (mənzillərin, binaların) mülkiyyətçi orqanlar (nazirlik, komitə, birlik və s.) tərəfindən tədricən yararlı vəziyyətə gətirilməsi və burada yaşayanların təhlükəsizliyinin təmin edilməsi;

4.7. sığortaolunanların sanatoriya-kurort müalicəsi üzrə xərclərinin maliyyələşdirilməsinin Dövlət Sosial Müdafiə Fondunun büdcəsində nəzərdə tutulan məbləğlər vasitəsilə həyata keçirilməsi;

4.8. səhiyyənin dövlət sektorunun prioritet rolunun saxlanması, aztəminatlı vətəndaşlara tibbi xidmətin dövlət təminatları əsasında ödənişsiz həyata keçirilməsinin davam etdirilməsi;

4.9. «Körpələrin və erkən yaşlı uşaqların qidalanması haqqında» Azərbaycan Respublikası Qanununun icrasını təmin etmək üçün hər il dövlət büdcəsində məqsədyönlü vəsaitin nəzərdə tutulması;

4.10. iş yerlərində qadınların təbii və reproduktiv xüsusiyyətləri nəzərə alınmaqla, müasir tələblərə cavab verə biləcək sanitar-gigiyenik normaların işlənib hazırlanması;

4.11. qeyri-dövlət pensiya fondlarının (özəl sosial sığorta təşkilatlarının) formalaşdırılması istiqamətində təkliflərin hazırlanması;

4.12. idarə, müəssisə və təşkilatlar tərəfindən sığortalananlar barədə fərdi uçot haqqında qanunvericiliklə müəyyən olunmuş məlumatların vaxtında verilməsinin təmin edilməsi;

4.13. müəssisə, təşkilat və idarələrdə işçilərin məzuniyyət hüququndan istifadə edə bilməsinə nəzarətin gücləndirilməsi;

4.14. təhlükə mənbəli müəssisələrin işəgötürənləri tərəfindən işlərin görülməsi ilə əlaqədar sığorta risklərinin sığortalanmasının müəyyən olunmuş qaydada aparılmasına nəzarətin gücləndirilməsi;

4.15. əhaliyə şəxsi mənzil tikintisi üçün torpaq sahəsinin ayrılması prosesinin və mənzil tikintisi üçün kreditlərin verilməsi sisteminin təkmilləşdirilməsinə, tikinti materiallarının qiymət və keyfiyyəti üzərində nəzarətin gücləndirilməsinə nail olmaq;

4. 16. müəssisə və təşkilatların vəsaiti hesabına tikilmiş mənzil sahəsinin işçilər arasında bölüşdürülməsi (paylanması) haqqında nümunəvi qaydalar hazırlanıb qəbul olunsun;

4.17. uşaq əməyinin, məcburi əməyin və insan alverinin aradan qaldırılmasını təmin edən, əmək miqrasiyasını tənzimləyən dövlət sosial proqramlarının dəstəklənməsi;

4.18. sosial infrastruktur yönümlü işlərin inkişaf etdirilməsi, xalq tətbiqi sənətinin dirçəldilməsi və inkişafı, turizm istirahət zonalarının yaradılması və bu sahələrə investisiyaların gücləndirilməsi hesabına qadınların məşğulluğunun artırılması;

4.19. işsizliyin azaldılması proqramlarına uyğun olaraq qadınlara, xüsusilə də 20-30 yaşlı qadınlara yeni peşələrin öyrədilməsinə və ixtisaslarının artırılmasına dair lazımi tədbirlərin görülməsinə nəzarətin gücləndirilməsi;

4.20. ölkənin şəhər və rayonlarında məktəbyaşlı uşaqların təhsildən yayınması hallarının üzə çıxarılması, onun səbəblərinin araşdırılması və uşaqların məktəblərə qaytarılması üzrə yerli icra hakimiyyəti, həmkarlar ittifaqı və təhsil orqanlarının nümayəndələrindən ibarət komissiyaların yaradılması;

4.21. üç yaşınadək uşağa qulluq edən valideynlərdən birinə verilən müavinətin həcminin minimum yaşayış səviyyəsinə çatdırılması üçün birgə iş aparmaq;

4.22. ali, orta ixtisas, lisey və gimnaziyaların proqramlarına «Gender siyasətinin əsasları» tədrisinin daxil edilməsinə nail olmaq;

4.23. ölkənin digər bölgələrindən Bakı şəhərinin ali, orta ixtisas və texniki peşə məktəblərində təhsil alan və yataqxana ilə təmin olunmayan tələbə və şagirdlərə pul kompensasiyasının verilməsinə nail olmaq;

4.24. Azərbaycan Respublikası Əmək Məcəlləsinə və «Sosial sığorta haqqında» Qanuna uyğun olaraq işəgötürən tərəfindən işçilərin əlavə sığortalanması üçün əməli tədbirlər görmək;

4.25. işçilərə verilən ödənişli əsas məzuniyyətin aşağı həddini 28 təqvim günü müəyyən edən Avropa Sosial Xartiyasının 2-ci maddəsinə qoşulmaq və bu məqsədlə Əmək Məcəlləsinin 114-cü maddəsinə dəyişiklik edilməsinə nail olmaq;

4.27. uşağa bilavasitə qulluq edən şəxsin qismən ödənişli sosial məzuniyyətdən istifadə etdiyi müddətin əmək stacına görə əlavə məzuniyyət hüququ verən dövrə daxil edilməsi üçün Əmək Məcəlləsinin 116-cı maddəsinin 2-ci hissəsinə dəyişiklik edilməsinə nail olmaq;

4.28. pensiyaların artırılması məqsədi ilə islahatları davam etdirmək;

4.29. işəgötürənlər tərəfindən sosial sığorta haqlarının vaxtında və tam həcmdə köçürülməsi üzərində birgə nəzarəti gücləndirmək;

4.30. Dövlət Sosial Müdafiə Fondu və onun yerli orqanları işçilərin fərdi hesabında yığılan vəsait haqqında məlumatın ildə bir dəfə sığortaçıya təqdim olunmasını təmin edilməsini;

4.31. Beynəlxalq Əmək Təşkilatının «Kişi və qadın işçilər üçün bərabər münasibət və bərabər imkanlar: ailə vəzifələri olan işçilər haqqında» (№156,1981-ci il) və «Analığın mühafizəsi haqqında» 1952-ci il (yenidən baxılmış) Konvensiyanın yenidən baxılması haqqında» №183,2000-ci il konvensiyaların ratifikasiyası üçün səy göstərmək.

 

5. Əmək hüquqlarının müdafiəsi, əməyin mühafizəsi, texniki və ekoloci təhlükəsizlik

Əmək hüquqlarının müdafiəsini, əməyin mühafizəsini,texniki və ekoloci təhlükəsizliyi əməkdaşlığın əsas istiqamətlərindən biri kimi qiymətləndirərək, Tərəflər aşağıdakı öhdəlikləri götürürlər:

5.1. Azərbaycan Respublikasının qanun layihələrini hazırlamaq:

5.1.1. əməyin mühafizəsi haqqında;

5.1.2. içməli su və içməli su təchizatının keyfiyyəti haqqında;

5.1.3. istehsalat tullantıları və onların istifadəsi haqqında;

5.1.4. təbii və texnogen fövqəladə hallar baş verdikdə əhalinin və ərazinin müdafiəsi barədə.

5.2. Dövlət Milli proqramlarını hazırlayıb qəbul etmək:

5.2.1. əməyin mühafizəsi və əmək şəraitinin yaxşılaşdırılması barədə;

5.2.2. torpaqların və su hövzəsinin neft məhsullarından təmizlənməsi və rekultivasiyası, çirklənməyə qarşı xəbərdarlıq haqqında.

5.3. normativ sənədlərin işlənib hazırlanması və təsdiq olunması:

5.3.1. tikintidə texniki təhlükəsizlik qaydaları;

5.3.2. peşə xəstəliklərinin təhqiqi və uçota alınması qaydaları;

5.3.3. yeni və yenidən qurulmuş müəssisənin, obyektin, istehsal vasitəsinin əməyin mühafizəsi üzrə sertifikat-pasportunun verilməsi qaydaları;

5.3.4. İİV/QİÇS-lə bağlı sosial partnyorların fəaliyyətini tənzimləyən mexanizm və qaydalar;

5.4. əməyin mühafizəsi üzrə mütəxəssislərin hazırlanması, ixtisaslarının artırılması, təcrübə mübadiləsinin aparılması üçün şərait yaratmaq;

5.5. əməyin mühafizəsi tələblərinin gücləndirilməsi məqsədi ilə əmək qanunvericiliyinin təkmilləşdirilməsi üzrə təkliflər hazırlamaq;

5.6. qanunvericilikdə nəzərdə tutulmuş hallarda işçilərin ilkin və dövri tibbi müayinədən keçirilməsini təmin etmək və bu istiqamətdə nəzarəti gücləndirmək;

5.7. əmək şəraitindən asılı olaraq işçilərin müalicəvi-profilaktik yeməklərlə təmin olunmasına nəzarəti gücləndirmək;

5.8. əmək şəraiti zərərli və təhlükəli olan istehsalatlarda çalışanlar üçün kollektiv və fərdi mühafizə vasitələrinin istehsalını təşkil etmək;

5.9. iş yerlərində, o cümlədən sənaye müəssisələrində insanların sağlamlığının qorunması məqsədi ilə ekoloci təhlükəsizliyi təmin etmək;

5.10. Beynəlxalq Əmək Təşkilatının «Əməyin təhlükəsizliyi və gigiyenası haqqında» 1981-ci ilin 155 saylı, «Əmək təhlükəsizliyinin və gigiyenasının təmin edilməsi əsasları haqqında» 2001-ci ilin 187 saylı, «Kənd təsərrüfatında əməyin təhlükəsizliyi və gigiyenası haqqında» 2001-ci ilin 184 saylı konvensiyaların ölkə parlamentində ratifikasiyasına nail olmaq;

5.11. su, külək və günəş enercisindən geniş istifadə etmək məqsədi ilə proqram hazırlamaq və həyata keçirmək.

 

6. Sosial partnyorluq və Tərəflərin fəaliyyətinin əlaqələndirilməsi

6.1. Sosial partnyorluq sistemini inkişaf etdirmək məqsədi ilə Tərəflər aşağıdakı öhdəlikləri götürürlər:

6.1.1. sosial-iqtisadi siyasətin işlənilməsi və həyata keçirilməsi məsələləri üzrə məsləhətləşmələr aparmaq, sosial-əmək münasibətləri, əhalinin məşğulluğu, miqrasiya və sosial təminat sahəsində milli proqram, qanun və digər normativ-hüquqi aktların layihələrini əvvəlcədən müzakirə etmək;

6.1.2. sosial partnyorluq sisteminin mövcudluğunu və inkişafını təmin edən qanunverici bazanın təkmilləşdirilməsi üzrə fəaliyyəti davam etdirmək, ölkə üzrə Milli Sosial Şuranın yaradılmasına dair razılaşdırılmış təkliflər hazırlamaq;

6.1.3. Nazirlər Kabinetinin hazırladığı işçilərin sosial-əmək maraqlarına aid olan normativ-hüquqi aktları respublika həmkarlar ittifaqları və işəgötürənlər birlikləri ilə qabaqcadan müzakirə edərək qəbul etmək;

6.1.4. Beynəlxalq Əmək Təşkilatının dəstəyini almış «Sosial partnyorluq haqqında», «İşəgötürənlər birlikləri haqqında» qanun layihələrinin qəbul olunmasına səy göstərmək;

6.1.5. dövlət əmlakının özəlləşdirilməsi zamanı əmək kollektivlərinin maraqlarını tam nəzərə almaq məqsədi ilə özəlləşdirmə komissiyalarının tərkibinə həmkarlar ittifaqları nümayəndələrinin daxil edilməsinə nail olmaq;

6.1.6. MDB ölkələrinin Parlamentlərarası Assambleyası tərəfindən qəbul olunmuş model qanunlardan və digər normalardan Milli qanunvericiliyin təkmilləşdirilməsində istifadə olunmasına səy göstərmək;

6.1.7. tarifləri dövlət tərəfindən tənzimlənən malların (xidmətlərin, işlərin) qiymətlərinin bahalaşması, Vergi Məcəlləsinə əlavə və dəyişikliklərin edilməsi ilə bağlı sosial tərəfdaşlarla məsləhətləşmələr aparmaq.

6.2. Tərəflər aşağıdakı məsələlərin həllinə kömək göstərməyi öhdəlik kimi qəbul edirlər:

6.2.1. mülkiyyət formasından və tabeliyindən asılı olmayaraq bütün müəssisələrdə sosial-əmək münasibətlərinin sosial partnyorluq prinsipləri əsasında tənzimlənməsi;

6.2.2. iqtisadi imkanlar nəzərə alınmaqla, əmək qanunvericiliyinə nisbətən daha geniş əlavə əmək, sosial-iqtisadi, maddi-məişət və digər münasibətləri əhatə edən sahə (tarif) və ərazi (rayon) kollektiv sazişlərin və kollektiv müqavilələrin bağlanması və həyata keçirilməsi;

6.2.3. mülkiyyət formasından və tabeliyindən asılı olmayaraq, müəssisələrdə həmkarlar ittifaqı təşkilatlarının yaradılmasına çalışmaq.

6.3. Tərəflər sahə (tarif), ərazi (rayon) kollektiv sazişlərdə və kollektiv müqavilələrdə müəyyən edilmiş məqsədlər üçün müəssisə və təşkilatlarda işləyənlərin əməkhaqqı fondunun ən azı 0,15 faizinin həmkarlar ittifaqına ayırmalar edilməsini tövsiyə edirlər.

6.4. Tərəflər həmkarlar ittifaqına üzvlük haqlarının idarə, təşkilat və müəssisələrin mühasibatlığı vasitəsilə köçürmə yolu ilə ödənilməsinə razılıq verirlər. Köçürmələr əməkhaqlarının ödənilməsi ilə eyni vaxtda aparılır.

Həmkarlar ittifaqlarının fəaliyyəti üçün lazım olan şəraitin yaradılması mövcud qanunvericiliyə uyğun olaraq həll edilir.

6.5. Mərkəzi icra hakimiyyəti orqanlarının illik büdcələri tərtib edilərkən sahə kollektiv sazişlərdə əks olunan öhdəliklərin maliyyələşdirilməsini nəzərə almaq.

6.6. Dövlət Statistika Komitəsi sosial tərəfdaşlar tərəfindən razılaşdırılmış göstəricilər üzrə əhalinin həyat səviyyəsinin statistik müşahidəsini daimi həyata keçirir və Baş Kollektiv Sazişə əlavədə əks olunan göstəricilər barədə yarım ildə bir dəfə (iyul və fevral aylarında) Tərəflərə məlumat verir.

6.7. Tərəflər sosial-əmək və iqtisadi münasibətlər sahəsində yaranan kollektiv əmək mübahisələrinin (münaqişələrinin) tənzimlənməsi üçün onlardan asılı olan bütün zəruri tədbirləri həyata keçirir, bu sahədə infrastrukturun təkmilləşdirilməsini və birgə əməkdaşlığı təşkil edirlər.

6.8. Hər bir Tərəf qəbul olunmuş öhdəliklərin icrasını təmin edən tədbirlər hazırlayır.

6.9. Tərəflər götürdükləri öhdəlikləri yerinə yetirmədikdə, Azərbaycan Respublikasının müvafiq qanunvericiliyində nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar.

6.10. Baş Kollektiv Sazişin icrasına nəzarəti Tərəflərin müvafiq komissiyaları həyata keçirir və nəticələr hər ilin yekunlarına görə müzakirə edilir.

6.11. Baş Kollektiv Sazişə əlavə və dəyişikliklər Tərəflərin qarşılıqlı razılığı əsasında edilir.

6.12. Baş Kollektiv Saziş 2010-2011-ci il müddətinə bağlanılır və imzalandığı gündən qüvvəyə minir.

Yeni danışıqlar qüvvədə olan Baş Kollektiv Sazişin müddəti başa çatanadək qurtarmayıbsa, bu Baş Kollektiv Sazişin qüvvəsi Tərəflərin razılığı ilə üç ayadək uzadıla bilər.

6.13. Baş Kollektiv Sazişin icrasını və sosial-əmək münasibətlərinin tənzimlənməsi üzrə Tərəflərin fəaliyyətini işıqlandırmaq məqsədi ilə Tərəflər sosial tərəfdaşlığın inkişafına həsr edilmiş materialları respublika kütləvi informasiya vasitələri ilə yayırlar.

6.14. Baş Kollektiv Sazişə daxil edilmiş müddəalar, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə başqa hal nəzərdə tutulmayıbsa, mülkiyyət formasından asılı olmayaraq bütün müəssisə, idarə və təşkilatlara şamil edilir.

 

Baş Kollektiv Sazişə

Əlavə

Əsas sosial-iqtisadi göstəricilər

Ümumi Daxili Məhsul (mln. manatla).

Əsas kapitala investisiyalar (Ümumi Daxili Məhsulda faizlə).

Sosial-mədəni tədbirlərə ölkə büdcəsindən ayrılan xərclər (mln.manatla).

Ümumi Daxili Məhsulda faizlə (hər il may ayının ikinci ongünlüyü).

Daimi əhalinin sayı (hər il may ayının ikinci ongünlüyü).

Orta ömür uzunluğu.

Doğum əmsalı.

Ölüm əmsalı.

Əhalinin təbii artımı (min nəfər 10000 nəfər əhaliyə).

Orta hesabla adambaşına düşən pul gəlirləri (manatla).

Sərəncamda qalan real pul gəlirləri (manatla).

Hesablanmış orta aylıq əməkhaqqı (manatla):

nominal (manatla, faizlə artım);

real (faizlə artım);

iqtisadiyyatın sahələri üzrə (manatla).

ümumi Daxili Məhsulda əməkhaqqının xüsusi çəkisi.

Təyin olunmuş pensiyalar (kompensasiyalar nəzərə alınmaqla):

orta aylıq məbləğ (manatla);

nominal (manatla, faizlə artım);

real (faizlə artım).

İstehlak mallarının qiymət indeksi.

Ailə büdcəsindən qida üçün sərf olunan orta məbləğ (manatla).

İqtisadiyyatda məşğul olanların sayı (min nəfərlə).

İqtisadi fəal əhalinin sayı (min nəfərlə).

Məşğul olan işçilərin bölünməsi (min nəfərlə):

status üzrə (hər il may ayının ikinci ongünlüyü);

sahələr üzrə.

Qeydə alınmış işsizlərin sayı (min nəfərlə).

İşsizlik statusu olanların sayı (min nəfərlə).

Bir iş yeri vakansiyasına işsizlərin sayı.

İstehsalat xəsarətləri (zədələri)

o cümlədən:

ölümlə nəticələnən;

ağır və təhlükəli əmək şəraitində.

İşləyənlərin xüsusi çəkisi (faizlə) (hər il may ayının ikinci ongünlüyü)

o cümlədən:

qadınların.

Əsas növlər üzrə peşə xəstəlikləri.

FAYDALI KEÇİDLƏR