AZ | RU | EN

AHİK-in sədri, BHİK-in vitse-prezidenti Səttar Mehbalıyevin Ümumhəmkarlar İttifaqları Konfederasiyasının İcraiyyə Komitəsinin iclasındakı məruzəsinin tezisləri

22 Oct 2014

Qətiyyətlə demək olar ki, ölkə Prezidenti İlham Əliyevin yürütdüyü balanslaşdırılmış sosial-iqtisadi siyasət nəticəsində Azərbaycan Respublikasının iqtisadiyyatı dinamik sürətlə inkişaf etməkdədir. İqtisadi islahatların dərinləşməsinə, çoxsahəli inkişafın həyata keçirilməsinə, qeyri-neft sektorunun sürətli inkişafına yönəlmiş kursun həyata keçirilməsi makroiqtisadi  və əhalinin rifah halının artım göstəricilərinin yüksək səviyyəsini təmin etmişdir.

Ölkədə məşğulluq siyasəti sistemləşdirilmiş şəkildə həyata keçirilir. Keçirilən islahatların nəticəsidir ki, əmək bazarında pozitiv dəyişikliklər davam etməkdədir.  Həyata keçirilən məqsədli proqramların  nəticəsində təkcə 2014-cü ilin son 9 ayında 100 min yeni iş yerləri yaradılmış, son 10 il müddətində isə bu rəqəm 1 milyon 300 minə çatmışdır. Bu gün  işsizliyin səviyyəsi 5 faizdir.

 Azərbaycan Həmkarlar İttifaqları dövlətin sosial-iqtisadi siyasətinin həyata keçirilməsində yaxından iştirak edərək yarandığı ilk illərdən öz işini bu istiqamətdə  qurur. Bu gün deyə bilərik ki, müdafiə funksiyalarımızın həyata keçirilməsi üçün həmkarlar ittifaqları strategiyasının müəyyən edilməsində biz Ümum Həmkarlar İttifaqları Konfederasiyasının model sənədlərinə, həmkarlar ittifaqının sosial-iqtisadi siyasətinin formalaşmasına dair tövsiyyələrinə əsaslanırıq. Biz bunu minnətdarlıq hissi ilə qeyd edirik.

AHİK əmək və əhalinin sosial müdafiəsi, maliyyə, təhsil, gənclər və idman nazirlikləri, dövlət sosial müdafiə Fondu, qaçqın və məcburi köçkünlərin işi üzrə Dövlət Komitəsi, müharibə veteranları təşkilatları və digər təşkilatlarla konstruktiv şəkildə əməkdaşlıq edir.

Bizim üçün xüsusi önəm daşıyan məsələlər həmkarlar ittifaqı sıralarının artımı, hüquqların qorunması və iş yerlərinin sabitliyidir. Bu istiqamətlər Beynəlxalq Həmkarlar İttifaqlarının Üçüncü Ümumdünya Konqresinin  gündəliyində əsas yeri tutan məsələlər olmuşdur.

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının yarandığı ilk illərdən biz təşkilatın birliyinin və bütün əmlakının qorunub saxlanmasına nail olmuşuq. Eyni zamanda sosial dəstək, maddi yardım göstərilməsi və yollayışların verilməsi sahəsində ənənəvi fəaliyyətimizi qoruyub saxlamışıq. Sözsüz ki, bazar münasibətləri şəraitində  əməkhaqqı, məşğulluq, iş şəraiti, hüquqi müdafiə respublika həmkarlar ittifaqı təşkilatları üçün əsas fəaliyyət istiqamətləri olmuşdur.

Azərbaycan Həmkarlar İttifaqları iqtisadi cəhətdən güclü, sosial cəhətdən müdafiə olunmuş, mənəvi, hüquqi, demokratik cəmiyyət qurulmasında yaxından iştirak edirlər.  Əmək və sosial-iqtisadi sahədə qarşılıqlı münasibətlərin qurulmasının əsasını sosial tərəfdaşlıq ideyası təşkil edir. 2000-ci ildən etibarən bu ideya özündə üçtərəfli Baş Kollektiv Sazişin, həmçinin yerlərdə Sahə  tarif sazişlərinin və kollektiv müqavilələrin imzalanmasını ehtiva edir. Bu gün Azərbaycan həmkarlar ittifaqlarında 13206 kollektiv saziş və 121 tarif müqaviləsi bağlanmışdır. 2014-cü ilin iyulunda 2014-2015-ci illər üçün imzalanmış Baş Kollektiv Sazişdə bir çox yeni, perspektiv məsələlər öz əksini tapmışdır.

 Azərbaycan Həmkarlar İttifaqları ölkənin əmək qanunvericiliyinin təkmilləşdirilməsi prosesinə real təsirə malikdir. Bizim təkliflərimizlə son 8 ildə AR Əmək Məcəlləsinə, İnzibati Xətalar Məcəlləsinə, “Həmkarlar İttifaqı haqqında” Qanuna və digər hüquqi-normativ aktlara 100-ə yaxın əlavə və dəyişikliklər edilmişdir.

Azərbaycan Həmkarlar İttifaqları transmilli şirkətlərin işçilərinin həmkarlar ittifaqı üzvlüyünə cəlb edilməsi sahəsində də müəyyən təcrübələr əldə etmişdir. İşimizin nəticəsi olaraq göstərməliyəm ki, əgər 2005-ci ildə transmilli şirkətlərdə 68 həmkarlar ittifaqı təşkilatı fəaliyyət göstərirdisə, bu gün xarici kapitalın 600 müəssisəsində həmkarlar ittifaqı öz işçilərinin hüquqlarını qoruyur. Bunlar neft-qaz sektorunun, avtonəqliyyat, kənd təsərrüfatı və yeyinti sənayesi, səhiyyə, tikinti və s. sahələrə məxsus müəssisələrdir.

 Həmkarlar ittifaqının iş fəaliyyətinin  bizdə və bütün dünyada olan bir sahəsi də qeyri-formal məşğulluqdur ki, bu məsələni də həll etməklə həmkarlar ittifaqları öz sıralarını əhəmiyyətli dərəcədə genişləndirə bilərdi.

 2014-cü ildə  muzdlu işçilərin qeydiyyata alınması qaydası haqqında AR Əmək Məcəlləsinə dəyişikliklər edilmişdir. Qeyd etmək lazımdır ki, bu kateqoriyadan olan müəssisələrdə həmkarlar ittifaqı təşkilatı yaratmaq bir çox çətinliklərlə bağlıdır. AHİK tərəfindən qeyri-formal sektorun işçilərinin iştirakı ilə bir sıra layihələr həyata keçirilmişdir, bununla belə həmin məsələ həmkarlar ittifaqı üçün perspektivdə aktual məsələ olaraq qalır.

v Gənclərin həmkarlar ittifaqı işində iştirakı xüsusi əhəmiyyət kəsb edir. Biz həmkarlar ittifaqının daha da möhkəmlənməsində və inkişafında gənclərə əsas qüvvə kimi baxırıq. Bunun üçün işləyən və təhsil alan gənclərin iqtisadi və sosial-əmək problemlərinin həllinə yönəlmiş səylərimizi daha da artırmalı, onları həmkarlar ittifaqı qurumlarına  və kütləvi aksiyaların təşkilinə cəlb etməli,  sıralarından əməli kadr ehtiyatı hazırlamalıyıq. Deyim ki, bu gün AHİK-də hər üçüncü aparat işçisi yaşı 30-dan az olan gənclərdir.

Həmkarlar İttifaqının ümumi informasiya siyasətini təşkilatlarda həyata keçirərkən biz bu mühüm sahəni iclaslar(konfranslar), mətbu materialların hazırlanması və yayılması, elektron poçtdan, təşkilatın veb-saytından, internet şəbəkəsindən istifadə kimi bütün mütərəqqi forma və metodlardan istifadə edərək təkmilləşdiririk. “İnformasiya siyasəti konsepsiyası” və ÜHİK-in digər model sənədləri, MDB ölkələrinin həmkarlar ittifaqları ilə informasiya mübadiləsinin təşkili bizə informasiya işinin təşkilində əvəzsiz kömək olmuşdur.

 Həmkarlar ittifaqı kadrlarının hazırlanması və peşəkar hazırlığa cəlb edilməsinin əsas baza orqanlarında biri Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasıdır. Həmkarlar ittifaqı kadrlarının və fəallarının təhsili və hazırlıq səviyyəsinin artırılımasında Akademiya müasir təhsil mərkəzi rolunu oynayır.

 AHİK Beynəlxalq Əmək Təşkilatının, Beynəlxalq Həmkarlar İttifaqları Konfederasiyasının mütəxəssisləri ilə bərabər həmkarlar ittifaqı fəallarının birgə təhsili işində əməli təcrübəyə malikdir. Biz onlarla birgə seminarlar, konfranslar keçirir, üzünmüddətli hazırlıq layihələri təşkil edirik. Təkcə son 3 ildə 47 belə layihə həyata keçirmişik.

 Təhsil, rabitə, səhiyyə, dəmiryol, mədəniyyət, dövlət idarələri, dəniz nəqliyyatı işçiləri həmkarlar ittifaqı respublika komitələrinə məxsus  sağlamlıq obyektləri tikilib istifadəyə verilmiş yaxud da tikintisi başa çatmaq üzrədir. Bu sağlamlıq müəssisələrində 2014-cü ilin ötən yay mövsümündə adları çəkilən sahələrin 4 mindən çox işçisi və onların ailə üzvləri dincəlmiş, 100 minə yaxın işçi isə sosial müdafiə fondunun hesabına həmkarlar ittifaqının güzəştli yollayışları ilə sanatoriya və pansionatlarda və digər özəl sağlamlıq mərkəzlərində istirahət etmişlər.

 Azərbaycan Həmkarlar İttifaqlarının inkişaf perspektivləri:

 azad şəkildə birləşmək hüququnun həyata keçirilməsi üzrə işi davam etdirmək, yeni həmkarlar ittifaqı təşkilatlarının yaradılması uğrunda mübarizə və həmkarlar ittifaqı sıralarına yeni üzvlərin cəlb edilməsi, iqtisadiyyatın bütün formalarında BƏT-in respublikada ratifikasiya olunmuş “Assosiasiya azadlığı və təşkilat hüququnun müdafiəsi”nə dair 87 saylı, “Təşkilatlanma və kollektiv danışıqlar aparmaq hüququ”na dair 98 saylı Konvensiyalarının real şəkildə həyata keçirilməsinə nail olmaq;

 muzdlu işçilərin, miqrantların hüquqlarını müdafiə etmək məqsədilə vətəndaş cəmiyyəti institutları, Azərbaycanda fəaliyyət göstərən miqrant təşkilatları ilə qarşılıqlı fəaliyyət göstərmək;

 iş yerlərində diskriminasiya halları ilə mübarizəni davam etdirmək, iş yerində gender bərabərliyini, gender qeyri-bərabərliyinə qarşı fəaliyyət üzrə beynəlxalq standartların tətbiqi üzrə tədbirlər daxil edilməklə, tələb etmək;

 həmkarlar ittifaqının əməyin mühafizəsi üzrə beynəlxalq və respublika aksiyalarının irəli çəkilməsini həyata keçirmək, əməyin mühafizəsi sahəsində risklərin müəyyən edilməsi üzrə həmkarlar ittifaqı işinin qabaqcıl təcrübəsi ilə mübadilə etmək, ölkənin Milli Məclisində BƏT-in əməyin mühafizəsi, sosial təminatlar (102) haqqında konvensiyalarının ratifikasiya edilməsinə mail olmaq;

 layiqli əmək və layiqli əməkhaqqı şəraitində əhalinin tam məşğulluğuna çalışmaq;

 demokratiya və sosial ədalətin əsas elementi kimi kollektiv danışıqlar və sosial dialoqun mərkəzi rolunu müdafiə etmək;

 gənclər siyasətinin həyata keçirilməsinə təsir göstərmək, onun hesabına həmkarlar ittifaqı üzvlərinin sayının artırılımasına nail olmaq. Həmkarlar İttifaqında Gənclər Şuralarının işini təkmilləşdirmək.

FAYDALI KEÇİDLƏR