AZ | RU | EN

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının IV qurultayı keçirilmişdir

06 Feb 2013

05.02.13Fevralın 5-də Heydər Əliyev Sarayında Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının IV qurultayı keçirilmişdir.

Qurultayda üzv həmkarlar ittifaqları təşkilatlarından 1300-dək nümayəndə, eləcə də Beynəlxalq Əmək Təşkilatının, Beynəlxalq Həmkarlar İttifaqları Konfederasiyasının, digər beynəlxalq təşkilatların və xarici ölkələrin, o cümlədən Rusiya, Türkiyə, Ukrayna, Belarus, Özbəkistan, Konqo və s. həmkarlar ittifaqları mərkəzlərinin təmsilçiləri iştirak etmişlər.

Qurultayı AHİK-nın sədri Səttar Mehbalıyev açmışdır.

Azərbaycanın dövlət himni səsləndirilmişdir.

Prezident Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyev dövlət başçısı İlham Əliyevin qurultaya təbrik məktubunu oxumuşdur.  

Qurultay iştirakçıları Prezidentin təbrikini hərarətli alqışlarla qarşılamışlar.

Sonra gündəlik elan edilmiş, qurultayın rəhbər orqanları seçilmişdir.

Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Natiq Məmmədov, Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının prezidenti Məmməd Musayev, bir sıra beynəlxalq təşkilatların, xarici ölkələrin həmkarlar ittifaqları təşkilatlarının nümayəndələri təbrik sözü söyləmişlər.

Təbrik çıxışlarında Azərbaycan həmkarlar ittifaqları hərəkatının inkişafından, işçilərin əmək hüquqlarının qorunmasında xidmətlərindən danışılmış, qurumun beynəlxalq əlaqələrinin genişlənməsindən söz açılmışdır.

Daha sonra Konfederasiyanın sədri, Milli Məclisin deputatı Səttar Mehbalıyev AHİK-nın ötən qurultayından keçən dövr ərzində görülmüş işlər barədə hesabat məruzəsi ilə çıxış etmişdir.

S.Mehbalıyev bildirmişdir ki, AHİK-nın IV qurultayı əlamətdar hadisə - Konfederasiyanın yaranmasının 20 illik yubileyi ilə eyni vaxtda keçirilir. Qeyd edilmişdir ki, III qurultaydan ötən beş ildə ölkəmizin sosial-iqtisadi həyatında əsaslı dəyişikliklər baş vermiş, əhalinin maddi vəziyyəti yaxşılaşmışdır. Xalqımızın ümummilli lideri Heydər Əliyevin qətiyyəti, dərin zəkası və uzaqgörən siyasəti nəticəsində əbədi müstəqillik qazanmış Azərbaycanın qüdrəti və nüfuzu Prezident İlham Əliyevin yürütdüyü uğurlu daxili və xarici siyasət sayəsində artmaqdadır.

Bildirilmişdir ki, qurultaylararası dövrdə "Həmkarlar ittifaqları haqqında" qanuna, Əmək Məcəlləsinə, İnzibati Xətalar Məcəlləsinə edilmiş bir sıra mühüm əlavə və dəyişikliklər müəssisələrdə həmkarlar ittifaqı təşkilatlarının nüfuzunu artırmış, yüzlərlə yeni üzvlərin gəlməsinə şərait yaratmış, minlərlə əməkçinin iş yerini itirməsinin qarşısını almışdır. Bu dəyişikliklər, həmçinin həmkarlar ittifaqı təşkilatlarının fəaliyyətinin güclənməsinə, onların işəgötürənlərdən asılılığının azaldılmasına əsas vermişdir.

Qeyd edilmişdir ki, ötən dövrdə hökumətin, işəgötürənlərin və həmkarlar ittifaqlarının birgə səyi nəticəsində məşğulluğun səmərəliliyinin artmasına və işsizliyin azalmasına nail olunmuşdur. Ölkəmizdə işsizliyin səviyyəsi 2008-ci illə müqayisədə 6,1 faizdən 5,2 faizə enmişdir. 2003-cü ilin IV rübündən başlayaraq respublikada 1,2 milyondan çox yeni iş yeri yaradılmışdır ki, bunun da təqribən 70 faizi daimidir. AHİK-nın Azərbaycan hökuməti və Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası (ASK) ilə hər iki ildən bir bağladığı Baş Kollektiv Sazişdə nəzərdə tutulduğu kimi, son illərdə hökumət ölkədə məşğulluq imkanlarının yaradılması istiqamətində müvafiq tədbirlər həyata keçirmişdir.

Konfederasiya sədri ölkəmizdə qeyri-leqal məşğulluğun qarşısının alınması, işçilərin əmək hüquqlarının gücləndirilməsi, ümumilikdə əməkçilərin sosial-iqtisadi hüquqlarının qorunması üçün AHİK-nın Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, ASK ilə birlikdə fəaliyyətinin gücləndirilməsinin vacibliyini vurğulamışdır.

Bildirilmişdir ki, ötən müddətdə AHİK-nın və onun üzv təşkilatlarının fəaliyyətinin prioritet istiqamətlərindən biri də layiqli əməkhaqqı uğrunda mübarizə olmuşdur. Respublika həmkarlar ittifaqları minimum əməkhaqqının minimum yaşayış həddindən aşağı olmaması uğrunda kampaniyanı ardıcıl davam etdirir. Həmkarlar ittifaqlarının bu sahədə həmrəyliyinin müsbət təsiri olmuşdur.

Məruzədə vurğulanmışdır ki, Azərbaycanda sosial tərəfdaşlığın təmin olunmasında bu tərəfdaşlığın subyektləri - Nazirlər Kabineti, AHİK və ASK məntiqli və düşünülmüş siyasət yürüdür, bütün tərəflərin maraqlarına cavab verən mühüm bir vəzifəni həyata keçirirlər. Respublikada əmək, əmək münasibətləri, əhalinin məşğulluğu, təhlükəsizlik və əməyin mühafizəsi, əməkçilərin sosial təminatları və s. hüquqlar Baş Kollektiv Sazişdə də əksini tapmışdır.

Diqqətə çatdırılmışdır ki, Azərbaycanda sosial dialoqu gücləndirmək, onu beynəlxalq normalara uyğunlaşdırmaq məqsədi ilə AHİK-da "Sosial tərəfdaşlıq haqqında" qanun layihəsi hazırlanmışdır. Daimi fəaliyyət göstərən Sosial və İqtisadi Məsələlər üzrə Üçtərəfli Komissiyanın Əsasnaməsinin layihəsi ekspertizadan keçirilmək üçün Beynəlxalq Əmək Təşkilatının Azərbaycandakı nümayəndəliyinə təqdim edilmişdir.

Hesabat məruzəsində bildirilmişdir ki, son illər aparılan iqtisadi islahatlarla əlaqədar əmək qanunvericiliyi təkmilləşdirilir. Həmkarlar ittifaqları islahatların əmək adamının istismarı hesabına həyata keçirilməsinin əleyhinədir və əmək münasibətləri sahəsində qüvvədə olan təminatların azalmasına razı deyildir. Bu, həmkarlar ittifaqlarının prinsipial mövqeyidir. Bizim bu mövqeyimiz Əmək Məcəlləsində edilmiş dəyişikliklərdə və əlavələrdə əksini tapmışdır. İndiyədək Əmək Məcəlləsinə aid verdiyimiz 60-dan çox rəy və təklifin əksəriyyəti qəbul olunmuşdur. Son beş ildə AHİK-nın iştirakı ilə 113 qanunvericilik aktı və normativ sənəd qəbul olunmuşdur.

AHİK-nın illik statistik hesabatlarının təhlili göstərir ki, hər il müəssisələrdə qeydə alınan nöqsanların yarıdan çoxunu əmək normalarının pozulması halları təşkil edir. Bu isə müvafiq qurumların və müfəttişliklərin vəziyyətə tam nəzarət edə bilmədiklərinə sübutdur. Bütün bunlar həmkarlar ittifaqlarını inzibati xətalar və cinayət qanunvericiliyini daha da sərtləşdirməyi tələb etməyə vadar edir. Belə ki, ötən müddət ərzində Azərbaycan Respublikası məhkəmələrində həmkarlar ittifaqı hüquqşünaslarının iştirakı ilə 113 əmək mübahisəsinə baxılmışdır. Bunların 50 faizini işçilər udmuşlar. Bəzi hallarda isə müəssisənin bağlanmasının qarşısı alınmış, iş yerlərini qoruyub saxlamaq, işçilərin pozulmuş əmək hüquqlarını bərpa etmək mümkün olmuşdur. Bu dövrdə 9 min 974 adama təmənnasız hüquqi yardım göstərilmişdir.

Bildirilmişdir ki, hesabat dövründə respublika həmkarlar ittifaqlarına 864 min 818 ərizə və şikayət daxil olmuş və onların 98,2 faizi müsbət həllini tapmışdır. İşçilərin ixtisarı, işdən çıxarılması və digər hüquqların pozulması ilə əlaqədar 17 min 28 müraciət olmuşdur. Həmkarlar ittifaqları işçilərin qanunsuz işdən çıxarılması məsələsini nəzarətdə saxlayaraq onlara verilmiş hüquqların köməyi ilə tədbirlər görmüşlər. Son beş ildə 3 min 568 nəfərin müraciətinə AHİK-nın rəhbər işçiləri tərəfindən baxılmışdır. Ərizə və şikayətlərin həllinə düzgün yanaşma nəticəsində AHİK-ya çoxsaylı minnətdarlıq məktubları göndərilmişdir.

Əməyin və işçilərin sağlamlığının mühafizəsinin həmkarlar ittifaqının prioritet vəzifələrindən olduğunu bildirən S.Mehbalıyev demişdir ki, AHİK-nın və üzv təşkilatların bu sahədə gördükləri işlər ictimai nəzarətin gücləndirilməsinə səbəb olmuşdur. 2008-2012-ci illərdə müəssisə və istehsalatlarda 3,2 mindən artıq müayinə aparılmış, əmək qanunvericiliyinin, həmçinin sənaye, ekologiya və sanitar-gigiyena təhlükəsizliyinə dair qanunvericilik tələblərinin 14,1 mindən artıq pozulması faktı aşkara çıxarılmışdır. Həmkarlar ittifaqı orqanlarında əməyin mühafizəsi, əmək şəraitinin yaxşılaşdırılması, istehsalat zədələnmələri və ətraf mühitin problemləri üzrə 668-ə yaxın məsələ müzakirə edilmişdir. Ümumiyyətlə, son beş ildə həmkarlar ittifaqları əməyin mühafizəsi və işçilərin sağlamlığı məsələləri üzrə 40-dan çox qanunverici və normativ aktın işlənib hazırlanması və təkmilləşdirilməsində, əməyin mühafizəsinə dair Beynəlxalq Əmək Təşkilatının iki konvensiyasının ratifikasiyaya hazırlanmasında iştirak etmişdir. AHİK-nın təşəbbüsü və iştirakı ilə hazırlanmış "İstehsalatda bədbəxt hadisə və ya peşə xəstəliyi nəticəsində peşə əmək qabiliyyətinin itirilməsinin icbari sığortası haqqında" qanun Milli Məclisdə qəbul edilmiş və 2011-ci ilin yanvarından qüvvəyə minmişdir. Ötən il yanvarın 27-də Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, AHİK və ASK tərəfindən təhlükəsiz və sağlam əmək şəraiti üzrə Milli Üçtərəfli Sosial Şura yaradılmışdır.

Diqqətə çatdırılmışdır ki, həmkarlar ittifaqları işçilərin və onların ailə üzvlərinin sağlamlığının qorunması və istirahətinin təşkili sahəsində ciddi tədbirlər görür. Hazırda həmkarlar ittifaqlarının fəaliyyət göstərən 7 sanatoriyası, bir müalicə pansionatı və iki istirahət evi vardır. Qurultaylararası dövrdə üç istirahət evi fəaliyyətə başlamış, bir sağlamlıq ocağı isə bu il istifadəyə veriləcəkdir. Ötən beş ildə 158 min 889 nəfərin istirahətinin və müalicəsinin təşkili üçün həmkarlar ittifaqları 70,7 milyon manat vəsait xərcləmişdir. Bu dövrdə həmkarlar ittifaqlarının uşaq-sağlamlıq düşərgələrində 11 min nəfər dincəlmişdir. Aztəminatlı ailələrin, məcburi köçkün və qaçqın uşaqlara güzəştlər edilmişdir.

Qeyd olunmuşdur ki, AHİK və üzv təşkilatlar hesabat dövründə işçilərin layiqli əmək şəraitini, yaşayışını və sərbəst inkişafını təmin edən mühitin yaradılmasına, həmçinin qarşılıqlı əlaqələrin sosial tərəfdaşlıq əsasında inkişaf etdirilməsinə, əmək münasibətlərinin dialoq, kollektiv müqavilələr və sazişlər vasitəsilə tənzimlənməsinə səy göstərmişlər. Həmkarlar ittifaqlarının fəallığı sayəsində təkcə ötən il işəgötürənlərlə 12 min 366 kollektiv müqavilə və 121 saziş bağlanmışdır. Digər qurumlardan fərqli olaraq, müəssisələrdə yaradılmış həmkarlar ittifaqı təşkilatları bilavasitə iş yerində fəaliyyət göstərir və işçilərin problemləri ilə daha yaxından tanışdır. Bu baxımdan Əmək Məcəlləsinin tələblərinin daha çox pozulduğu transmilli şirkətlərin həmkarlar ittifaqına qarşı olan münasibətini neytrallaşdırmaq, əməkçilərin təşkilatını qurmaq, kollektiv müqavilə bağlamaq güclü fəaliyyət tələb edir. Son beş ildə AHİK və üzv təşkilatları transmilli şirkətlərin həmkarlar ittifaqının hüquqlarını pozan hərəkətlərinə qarşı daha sərt mövqe tutaraq Azərbaycanın milli qanunvericiliyinə, Beynəlxalq Əmək Təşkilatının konvensiyalarına əməl olunması çağırışları ilə çıxışlar etmişlər. Göstərilən səylər nəticəsində transmilli şirkətlərin 28 müəssisəsində həmkarlar ittifaqı təşkilatları təsis edilmişdir.

Bildirilmişdir ki, ümumilikdə hesabat dövründə 1102 yeni həmkarlar ittifaqı təşkilatları yaradılmışdır. Bu təşkilatlar 148 min 448 nəfəri birləşdirir. Təkcə Naxçıvan Muxtar Respublikasında son beş ildə üç min nəfərdən çox həmkarlar ittifaqı üzvünü əhatə edən 639 həmkarlar ittifaqı təşkilatı fəaliyyətə başlamışdır.

Vurğulanmışdır ki, dünyada baş verən qloballaşma prosesləri, ciddi iqtisadi və maliyyə böhranları əhaliyə, eləcə də əmək münasibətlərinə mənfi təsir göstərməkdədir. Yaxşı yaşayış axtarışında olan insanlar bir ölkədən digərinə axışır və müxtəlif problemlərlə qarşılaşırlar. Belə insanlar arasında xeyli sayda həmkarlar ittifaqı üzvü də vardır. Konfederasiya işçi qüvvəsinin miqrasiyası istiqamətində işi fəallaşdırmaq məqsədi ilə 2010-cu il dekabrın 30-da keçirilmiş III Məclisində "Əməkçi miqrantların sosial-iqtisadi problemlərinin həllində həmkarlar ittifaqı təşkilatlarının vəzifələri haqqında" məsələni müzakirə etmişdir. AHİK Rusiya Həmkarlar İttifaqı Federasiyası, eləcə də həmin federasiyanın Sverdlovsk və Həştərxan Vilayət həmkarlar ittifaqları təşkilatları, Gürcüstan Həmkarlar İttifaqları Birliyi ilə miqrasiya sahəsində əməkdaşlıq haqqında müqavilələr imzalamışdır.

Məruzədə qeyd edilmişdir ki, ötən dövrün aktual problemlərindən biri də həmkarlar ittifaqının cəlbediciliyini artırmaq, həmkarlar ittifaqı üzvlüyünün motivasiyasını gücləndirmək olmuşdur. Göstərilən səylər nəticəsində ölkəmizdə həmkarlar ittifaqı üzvlərinin sayı 1,6 milyon nəfərə çatmışdır.

S.Mehbalıyev Azərbaycan həmkarlar ittifaqlarının ali təhsil ocağının yaradılmasını vaxtında atılmış düzgün addım kimi qiymətləndirmişdir. Bu gün hamımıza məlumdur ki, həmkarlar ittifaqı işinin təşkili xeyli dərəcədə güclü kadrların hazırlanmasından asılıdır. Əmək və Sosial Münasibətlər Akademiyası həmkarlar ittifaqları üçün kadr hazırlığı bazasına çevrilmişdir. Hazırda akademiyada 624 gənc təhsil alır. Bununla yanaşı, üzv təşkilatların kadr və fəallarının təhsilinin artırılması işi də diqqətdə saxlanılır. Beş ildə 1483 nəfər akademiyada tədris kurslarında biliyini artırmışdır.

Ölkəmizdə gənc nəslin yetişdirilməsi sahəsində Prezident İlham Əliyevin yürütdüyü siyasəti yüksək qiymətləndirən AHİK sədri "Azərbaycan gəncliyi 2011-2015-ci illərdə Dövlət Proqramı"nın uğurla icra olunduğunu vurğulamışdır. Bildirilmişdir ki, AHİK-nın nəzdində Gənclər Şurası yaradılmış və uğurla fəaliyyət göstərir. Şuranın əsasnaməsinə uyğun olaraq həmkarlar ittifaqlarının bütün səviyyələrində gənclər şuraları yaradılmışdır. Sevindirici haldır ki, gənc liderlərimiz beynəlxalq səviyyədə özlərini təsdiq etməyi bacarmışlar. Yaponiyada, İtaliyada, Türkiyədə, Rusiyada gənclərin problemlərinə həsr olunmuş tədbirlərdə Azərbaycan həmkarlar ittifaqlarının nümayəndələri də uğurla iştirak etmişlər. Belə tədbirlərdən biri - 2012-ci ilin avqustunda "Həmkarlar ittifaqı və gənclərin məşğulluğu" mövzusunda Bakıda beynəlxalq konfrans keçirilmişdir ki, onun işinə on ölkədən 60 gənc qatılmışdır.

Gənclərin təhsil almaq istəklərini, elmi və yaradıcılıq axtarışlarını daim dəstəkləyən AHİK artıq neçə ildir ki, şagirdlərə və tələbələrə adlı təqaüdlər verir. Bu günə qədər 1500-dən artıq gəncə adlı təqaüd verilmişdir. Konfederasiya 56 imkansız tələbənin illik təhsil haqqının bir hissəsini ödəmişdir. 7 min 115 tələbəyə maddi yardım göstərilmiş, 1795 tələbəyə isə pulsuz yemək verilməsi təşkil olunmuşdur.

Dövlət başçısının qayğısı sayəsində Azərbaycanın artıq idman ölkəsinə çevrildiyini vurğulayan S.Mehbalıyev ölkəmizin son illərdə dünya və qitə miqyaslı çempionatlara uğurla ev sahibliyi etdiyini məmnunluqla bildirmişdir. Bu sahədə qazandığımız parlaq qələbələrin nəticəsidir ki, ötən il dekabrın 8-də Avropa Olimpiya Komitəsinin Baş Assambleyasında 2015-ci ildə ilk Avropa Oyunlarının Bakıda keçirilməsi haqqında qərar qəbul edilmişdir.

Məruzədə hazırda ölkəmizdə 903 bədən tərbiyəsi kollektivinə 200 minə yaxın işçinin və onların ailə üzvləri cəlb olunduğu diqqətə çatdırılmışdır. Azərbaycan Həmkarlar İttifaqları İdman Təşkilatları Assosiasiyası 5 idman cəmiyyəti, 4 idman klubu və 1 idman sağlamlıq klubunu birləşdirir. Həmkarlar ittifaqı idman təşkilatlarının istifadəsində 2230 idman qurğusu, o cümlədən 2 stadion, 86 idman zalı, 2127 sadə idman meydançası, 5 üzgüçülük hovuzu və 10 kompleks idman qurğusu vardır. Son illər həmkarlar ittifaqı idman təşkilatlarında 4040 nəfər dərəcəli idmançı yetişdirilmişdir. "Yüksək idman ustalığı uğrunda" spartakiada il boyu keçirilir. Həmkarlar ittifaqı idmançıları hesabat dövründə 611 respublika yarışında 5922 idmançı ilə təmsil olunmuş, respublika çempionatlarında 415 qızıl, 351 gümüş və 403 bürünc medala layiq görülmüşlər. 1531 idmançı isə rəsmi və qeyri-rəsmi beynəlxalq yarışlarda 36 qızıl, 31 gümüş və 64 bürünc medal qazanmışdır. XXX London Yay Olimpiya Oyunlarında assosiasiyanın idmançıları da fəal iştirak etmişlər.

Vurğulanmışdır ki, AHİK və üzv təşkilatları beynəlxalq əlaqələr sahəsində gələcək yerini qloballaşmanın sosial cəhətdən ədalətsiz inkişafına, milli və transmilli kapitalın muzdlu işçilərin və həmkarlar ittifaqlarının hüquqları üzərinə getdikcə artan təzyiqlərinə qarşı mübarizədə görürlər. Bu mübarizədə informasiya mübadiləsinin rolu danılmazdır. AHİK təkcə bu məsələlərdə deyil, vahid informasiya sisteminin təkmilləşdirilməsi, KİV-lə daha sıx əməkdaşlığın yaradılması, həyata keçirilən tədbirlərin yayılması yönündə ardıcıl işlər görür. Ötən müddətdə qazanılan uğurların həmkarlar ittifaqı üzvlərinə, ictimaiyyətə çatdırılmasında "Ülfət" qəzetinin böyük rolu olmuşdur. Qəzet Konfederasiya, sahə, bölgə, ilk təşkilatlar səviyyəsində keçirilən tədbirləri, qabaqcıl təşkilatların iş təcrübəsini geniş işıqlandırmış, mühüm problemlər qaldırmış, üzvlərin hüquqi maarifləndirilməsi işində xüsusi fəallıq göstərmişdir.

AHİK sədri demişdir ki, 2005-2012-ci illərdə həmkarlar ittifaqlarındakı xidmətlərinə görə respublika həmkarlar ittifaqlarının 82 işçisi ölkəmizin orden və medalları ilə təltif olunmuş, üç nəfərə Prezident təqaüdü verilmiş, 43 nəfər fəxri adlara layiq görülmüşdür.

S.Mehbalıyev demişdir ki, həmkarlar ittifaqları təşkilatları qurultayqabağı yığıncaqlarında builki Prezident seçkilərində İlham Əliyevin namizədliyini dəstəkləyəcəklərini bildirmişlər. Biz 2003-cü ildə də, 2008-ci ildə də ölkədə ilk dəfə olaraq bu addımı atmışdıq, indi də sözümüzün arxasındayıq. Bizim arzumuz və amalımız hər bir ölkə vətəndaşının, hər bir həmkarlar ittifaqı üzvünün həyatında sürətli inkişaf və tərəqqinin öz əksini tapmasıdır. Azərbaycan Prezidenti İlham Əliyevin ölkə əhalisinin sosial müdafiəsinin gücləndirilməsi və həmkarlar ittifaqlarının möhkəmləndirilməsi istiqamətində atdığı addımların, imzaladığı fərman və sərəncamların, verdiyi tapşırıq və tövsiyələrinin icra olunması bu məqsədə çatmaqda bizə böyük dəstəkdir. İnanırıq ki, AHİK üzv təşkilatlarla birlikdə bundan sonra da yeni uğurlara imza atacaqdır.

Fasilədən sonra işini davam etdirən AHİK-nın IV qurultayında Təftiş Komissiyasının hesabatı dinlənilmişdir. Daha sonra Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov çıxış edərək dövlət başçısının qurultaya təbrik məktubunda həmkarlar ittifaqlarının fəaliyyətinin dəyərləndirilməsi, o cümlədən qarşıda duran vəzifələrlə bağlı mühüm fikirlərin qeyd olunduğunu diqqətə çatdırmışdır.

Konfederasiyanın və üzv təşkilatların ötən beş ildəki fəaliyyətini qənaətbəxş hesab edən Ə.Həsənov Azərbaycanda həmkarlar ittifaqı hərəkatının tarixindən danışmışdır. Bildirilmişdir ki, Azərbaycan tarixində ilk dəfə 1905-ci ildə Bakı fəhlələri ilə neft sənayesini təmsil edən qurumlar arasında ilk kollektiv saziş imzalanmışdır. Bu sazişlə demək olar ki, işçilərin hüquqlarının müdafiəsi haqqında ilk hüquqi-normativ sənəd ortaya qoyulmuşdu. Azərbaycan həmkarlar ittifaqının tarixi məhz o dövrdən başlanır.

Qeyd edilmişdir ki, Azərbaycan müstəqilliyini bərpa etdiyi ilk illərdə sovet dönəmində formalaşdırılmış, inkişaf etdirilmiş digər dəyərlər kimi, respublika həmkarlar ittifaqı hərəkatı da ciddi təzyiqlərə məruz qalmış, bu təşkilatların ləğv edilməsi təhlükəsi yaranmışdı. Lakin 1993-cü ildə xalqımızın ümummilli lideri Heydər Əliyevin respublikada siyasi hakimiyyətə qayıdışından sonra ölkəmizdə həmkarlar ittifaqlarının təşkilatlanması prosesi başlanmışdır. Ümummilli lider həmkarlar hərəkatına həm əmək adamlarının hüquqlarının müdafiəsi məktəbi kimi xüsusi diqqət yetirmiş, bu təşkilatın güclənməsinə, fəaliyyətinə mühüm yer ayırmışdır. Məhz ulu öndərin hakimiyyətə qayıdışı ilə həmkarlar ittifaqlarının həyatında yeni dövrün təməli qoyulmuş və onlar yenidən nüfuz qazanmağa başlamışlar.

Prezident Administrasiyasının şöbə müdiri AHİK-nın inkişafında qurumun hazırkı sədri S.Mehbalıyevin fəaliyyətini xüsusi vurğulamış, bu xidmətlərinə görə onun "Şöhrət" ordeni ilə təltif olunduğunu diqqətə çatdırmışdır.

Qeyd edilmişdir ki, ulu öndər Heydər Əliyev hakimiyyətə qayıtdıqdan sonra "Həmkarlar ittifaqları haqqında" qanunun qəbul edilməsinə dəstək verməklə bu mühüm sahəyə böyük qayğı göstərmişdir.

Ə.Həsənov demişdir ki, digər dövlətlərdən fərqli olaraq, Azərbaycanda hakimiyyətlə həmkarlar təşkilatları əsl tərəfdaşdırlar. Çünki dövlətimizin də, həmkarlar ittifaqlarının da fəaliyyətinin təməlində Azərbaycan vətəndaşı, onun rifahı və hüquqlarının təmin edilməsi dayanır. Ölkəmizdə həyata keçirilən sosial siyasətin, Prezident İlham Əliyev tərəfindən təsdiq edilmiş bütün dövlət proqramlarının təməlində Azərbaycan vətəndaşı durur. Azərbaycanda dövlət həmişə həmkarlar təşkilatlarına özünün ciddi tərəfdaşı kimi baxır.

Azərbaycan hökumətinin beynəlxalq əmək hüququ ilə bağlı beş konvensiyaya qoşulduğunu xatırladan Ə.Həsənov vətəndaşların minimal həyat şəraiti haqqında daha bir beynəlxalq konvensiyaya qoşulmaq istiqamətində iş aparıldığını vurğulamışdır.

Şöbə müdiri demişdir ki, həmkarlar ittifaqlarının daxildə vətəndaşların, işçilərin hüquqlarının qorunması ilə bağlı təkliflərini dəstəkləyirik, qanunvericilikdə dəyişikliklər edilərək həmkarlar ittifaqlarının fəaliyyətinin gücləndirilməsinə çalışırıq. Belə bir şəraitdə AHİK-nın IV qurultayı ölkə səviyyəsində mühüm hadisədir. Sevindirici hal odur ki, Azərbaycan vətəndaşlarının əsas təməlini yaradan həmkarlar ittifaqlarının üzvləri növbəti Prezident seçkilərinə dövlət başçısının namizədliyi irəli sürürlər. Bir ölkənin həmkarlar ittifaqları təşkilatları respublikanın birinci şəxsini prezidentliyə namizəd irəli sürürsə bu, cəmiyyətdəki həmrəyliyin, dövlətlə həmkarlar təşkilatları arasında birliyin göstəricisidir. Sizin bu qərarınızı bütün Azərbaycan xalqı alqışlayacaqdır.

Yazıçı Əkrəm Əylislinin "Daş yuxular" əsərinə münasibət bildirən Ə.Həsənov demişdir ki, bu gün xalq yazıçısı adını daşıyan bir adam bəşəri hisslərin önündə getmək əvəzinə, Azərbaycan xalqına şər atır, minlərlə şəhidin ruhunu tapdalayır. Bu gün həmin mənfur dövlətin mərkəzi şəhəri olan İrəvanda nə qədər türk, müsəlman yaşamışdır. İrəvan əhalisinin 90 faizi azərbaycanlılar olmuşdur. Bir fransız rəssamın əsrin əvvəllərində çəkdiyi əsərdə bu şəhərdə çoxlu sayda məscid görmək olur. Bunların hamısı Azərbaycan məscidləri idi. Bura nə zamandan orta əsr Ermənistan torpağı olub?

Ə.Həsənov vurğulamışdır ki, bir insanın milli vətəndaşlıq hissi, məsuliyyəti yoxdursa, onda bəşəri hisslər, məsuliyyət ola bilməz. Bir insan özünün "bəşəri hisslərini" nümayiş etdirmək üçün xalqına böhtanmı atmalıdır? Bu insan Azərbaycan gənci ilə torpaqlarımızı işğal edən, yüz minlərlə azərbaycanlını qətlə yetirən, Xocalı soyqırımını törədən erməni gəncini müqayisə edir. Ermənini bəşəri, azərbaycanlını isə cılız, düşkün hisslərə malik gənc kimi təsvir edir. Bu insan öz xalqının, millətinin maraqlarını beynəlxalq aləmdə nəyə isə dəyişməyə hazır olduğunu nümayiş etdirir. Belə insanlara biz Azərbaycan xalqı olaraq ictimai nifrətimizi bildirməliyik. Əlbəttə, onu daş-qalaq etməyəcəyik. Biz tolerant xalqıq, belə insanları çox görmüşük, belələrinə dözmüşük.

Orxan Pamuk "Türklər "erməni soyqırımı"nı tanımalıdır" cümləsinə görə millətinin qınağına çevrildi. O, bütün milli dəyərlərindən Nobel mükafatı almaq üçün imtina etdi. Əgər sənin xalqın yoxdursa, milli mənsubiyyətin şübhə altına alınırsa, səndən millətin, xalqın imtina edirsə, o, Nobel mükafatına dəyərmi? Bir insanın milli hissindən yüksək hiss ola bilməz. Azərbaycana internet vasitəsilə meydan oxumaq istəyən neçə-neçə dırnaqarası jurnalistlər, yazıçılar, siyasətçilər, sizcə, Əkrəm Əylisliyə niyə belə münasibət göstərirlər? Düşünürlər ki, bəlkə gələcəkdə hakimiyyətə gəlmək üçün bu fikirlərinə görə onlara kimsə kömək edəcək? Ar olsun belələrinə!

Daha sonra sahə həmkarlar ittifaqları respublika komitələrinin sədrləri hesabat məruzələri ətrafında çıxış edərək Konfederasiyanın ötən qurultaydan sonrakı fəaliyyətini qənaətbəxş hesab etmişlər. Bildirilmişdir ki, son illərdə ölkəmizdə həmkarlar ittifaqları təşkilatlarının inkişafına dövlətimiz tərəfindən yüksək diqqət və qayğı göstərilmişdir. Natiqlər təmsil etdikləri təşkilatların üzvləri adından 2013-cü ildə keçiriləcək Prezident seçkilərində İlham Əliyevin namizədliyinin irəli sürülməsini təklif etmişlər.

AHİK-nın IV qurultayına beynəlxalq təşkilatların və xarici ölkələrin həmkarlar ittifaqlarının təbrik teleqramları oxunmuşdur.

Sonra təşkilati məsələlərə baxılmış, hesabat məruzəsi və təftiş komissiyasının hesabatı səsə qoyularaq qəbul edilmişdir.

Milli Məclisin deputatı Səttar Suliddin oğlu Mehbalıyev açıq səsvermə yolu ilə yenidən Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri seçilmişdir.

Konfederasiyanın Nizamnaməsinə əlavə və dəyişikliklər edilmiş, AHİK-nın fəaliyyətinin əsas istiqamətləri təsdiq olunmuşdur.

AHİK-nın IV qurultayı 2013-cü ildə Prezident seçkilərində İlham Əliyevin namizədliyinin irəli sürülməsi haqqında qərar qəbul etmişdir.

AHİK qurultayının nümayəndələri qarşıdakı seçkilərdə namizədliyinin irəli sürülməsinə razılıq verməsi barədə Prezident İlham Əliyevə müraciət qəbul etmişlər.

AHİK-nın IV qurultayında Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı bütün dünya həmkarlar ittifaqları və fəhlə hərəkatlarına müraciət qəbul edilmişdir.

Müraciətdə qurultay nümayəndələri dünya dövlətlərini Ermənistanı işğalçı dövlət kimi tanımağa çağırmışlar.

Qurultayda ictimai təşkilatlara da müraciət qəbul olunmuşdur.

Bununla da AHİK-nın IV qurultayı öz işini başa çatdırmışdır.

 

AHİK-in IV QURULTAYINDAN FOTO REPORTAJ

FAYDALI KEÇİDLƏR