AZ | RU | EN

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının dördüncü qurultayına

06 Feb 2013

Vətəndaşların sosial problemlərinin həlli və əmək hüquqlarının müdafiəsi sahəsində həmkarlar ittifaqlarının rolunu yüksək qiymətləndirən ümummilli lider Heydər Əliyev Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının fəaliyyətinə həmişə böyük diqqət yetirmişdir. Ulu öndərin qayğısı sayəsində həmkarlar təşkilatları öz işini müasir ictimai və sosial-iqtisadi şəraitə uyğun yenidən qurmuş, uzun illər ərzində formalaşmış potensialını qoruyub saxlamağa və inkişaf etdirməyə müvəffəq olmuşdur.  Bu gün də ölkəmizdə həmkarlar ittifaqlarının qanunvericilik bazası təkmilləşdirilir, fəaliyyəti üçün daha əlverişli şərait yaradılır.

Modernləşmə kursunu həyata keçirən Azərbaycan Respublikasında iqtisadi və sosial tərəqqiyə yönəlmiş dövlət siyasəti öz bəhrəsini verməkdədir. Təsadüfi deyil ki, dərin maliyyə böhranı bir sıra ölkələrdə iqtisadiyyatın tənəzzülə uğramasına və sosial gərginliyin artmasına gətirib çıxardığı halda, respublikamız qlobal böhranın təsirindən qorunmuş, sosial-iqtisadi inkişaf, vətəndaşlarımızın rifah halının yüksəldilməsi tədbirləri ardıcıl davam etdirilmişdir. Aparılan islahatlar, müxtəlif sahələri əhatə edən dövlət proqramları və genişmiqyaslı infrastruktur layihələrinin uğurla icra olunması ölkədə yoxsulluq və işsizlik kimi ictimai problemlərin səviyyəsini minimuma endirmiş, Azərbaycanı  dünyada güclü və demokratik  dövlət, nüfuzlu və etibarlı tərəfdaş kimi tanıtmışdır.

Cəmiyyətin tərəqqisi və dinamik proseslər qarşıya daim yeni vəzifələr qoyur. Hazırda respublikamızda ümumi daxili məhsulun əksər hissəsi özəl bölmədə formalaşır. Ölkədə daxili və xarici investisiyalar hesabına yaradılmış minlərlə sahibkarlıq subyekti, yerli və transmilli şirkətlər fəaliyyət göstərir, yeni-yeni iş yerləri açılır. Hesab edirik ki, mülkiyyət formasından asılı olmayaraq, bütün müəssisələrdə çalışan Azərbaycan vətəndaşlarının sosial mənafelərinin və əmək hüquqlarının qorunması üçün həmkarlar ittifaqları daha əzmkar olmalı və qətiyyətli tədbirlər görməlidir. Hökumət bu sahədə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası ilə sosial tərəfdaşlığı gücləndirməli və onunla imzaladığı Baş Kollektiv Sazişin müddəalarının yerinə yetirilməsinə diqqəti artırmalıdır.

Bu gün vətəndaş cəmiyyətinin fəal təsisatlarından biri kimi çıxış edən Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası ölkənin ən kütləvi ictimai təşkilatıdır. Qurum üzvlərinin əhəmiyyətli hissəsini gələcəyimizin təminatçıları olan gənclər təşkil edir. Bu amili nəzərə alaraq, həmkarlar ittifaqları işləyən və təhsil alan gənclərin hüquq və mənafelərinin daha dolğun müdafiəsinə çalışmalı, onların təşəbbüslərinin dəstəklənməsi, peşə hazırlığının artırılması, məşğulluğunun təmin edilməsi və digər bu kimi mühüm məsələlərin həllinə kömək göstərməlidir.

Hörmətli qurultay nümayəndələri!

Müasir dövrün inkişaf meyilləri həmkarlar ittifaqlarının məsuliyyətini daha da artırır, zamanın çağırışlarına hazır olmağı tələb edir. Əminəm ki, qurultayın qərarları Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının fəaliyyətinin daha səmərəli təşkilinə, nüfuzunun artmasına, cəmiyyətdə sosial harmoniya və tərəfdaşlıq mühitinin güclənməsinə ciddi təkan verəcəkdir.

Sizi bir daha təbrik edir, qurultayın işinə uğurlar arzulayıram!

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 4 fevral 2013-cü il

FAYDALI KEÇİDLƏR