AZ | RU | EN

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasında Beynəlxalq Spartakiadanın qaliblərinə mükafatlar təqdim edilmişdir

10 Jul 2014

 

Görüşdə AHİK-in sədri, Milli Məclisin deputatı Səttar Mehbalıyev Dövlət İdarələri və İctimai Xidmət İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin mini futbol üzrə yığma komandasının iyunun 25-dən 29-dək İspaniyanın Palma de Malyorka şəhərində keçirilən Beynəlxalq Spartakiadada ikinci yeri tutduğunu bildirmişdir. Qeyd etmişdir ki, komandanın üzvləri əsasən Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin, Azərbaycan Beynəlxalq Bankının, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın, Dənizkənarı Bulvar İdarəsinin, Ombudsman Aparatının, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin, “Azərlotereya” ASC-nin işçilərindən ibarət olmuşdur.

S.Mehbalıyev demişdir ki, Prezident İlham Əliyev tərəfindən respublikamızda insanların, xüsusilə də gənclərin idmana cəlb edilməsinə, onların fiziki sağlamlıqlarının inkişafına və qorunmasına yüksək dərəcədə diqqət və qayğı göstərilir. Bunun nəticəsidir ki, idmançılarımız istər dünya çempionatlarında, istərsə də Olimpiya oyunlarında idmanın əksər növləri üzrə yüksək yer tutur, Azərbaycanın dövlət bayrağını şərəflə ucaldırlar.

10.07.14.2 10.07.14.1

Bildirilmişdir ki, AHİK və onun üzv təşkilatları tərəfindən də bu istiqamətdə bir sıra davamlı işlər görülür. Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası bədən tərbiyəsi və idmanın kütləviliyinə nail olunması sahəsində konkret tədbirlərin həyata keçirilməsi, üzv təşkilatların bu sahədəki fəaliyyətlərinin canlandırılması, həmkarlar ittifaqı üzvlərinin sağlamlığının möhkəmləndirilməsi, bu məqsədlə onların idmana cəlb olunması üçün müntəzəm olaraq respublika spartakiadaları təşkil edir.

Görüşdə qeyd edilmişdir ki, Dövlət İdarələri və İctimai Xidmət İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsi "Spartak" İdman Cəmiyyəti ilə birlikdə Bakının Ramana qəsəbəsində yerləşən gənc əlillərin əmək və istirahət evinin sakinləri arasında ildə iki dəfə - Novruz bayramına və Beynəlxalq Əlillər Gününə həsr olunmuş stolüstü idman növləri üzrə yarışlar keçirir və qalibləri mükafatlandırır.

10.07.14.3

Yarışların bütün iştirakçıları, hətta iştirak etməyən yataq xəstələri də bu tədbirlərdə yad edilir, onlara maddi yardımlar göstərilir, idman ləvazimatları hədiyyə olunur. Komitə tərəfindən son beş ildə bu tədbirlərin keçirilməsinə otuz min manatdan artıq vəsait xərclənmişdir.

Sonda AHİK-in sədri, Milli Məclisin deputatı S.Mehbalıyev Beynəlxalq Spartakiadada ikinci yeri tutmuş komandanın üzvlərinə pul mükafatını, Dövlət İdarələri və İctimai Xidmət İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri Hikmət Osmanova isə yığmanın layiq görüldüyü kuboku təqdim etmişdir.

FAYDALI KEÇİDLƏR