AZ | RU | EN

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası III qurultayı nümayəndələrinin Azərbaycan Respublikasının Prezidenti zati-aliləri, cənab İlham Əliyevə MÜRACİƏTİ

17 Mar 2008


Əsası öndərimiz Heydər Əliyev tərəfindən qoyulmuş siyasətin layiqli davamçısı kimi, Sizin səmərəli fəaliyyətiniz nəticəsində Azərbaycan Respublikası ciddi uğurlara imza atmış, son illərdə sürətli iqtisadi inkişaf tempinə görə dünyada lider mövqeyinə çıxaraq regionda əsl söz sahibinə çevrilmişdir. Bu gün respublikamızın razılığı və bilavasitə iştirakı olmadan Jənubi Qafqaz regionunda hər hansı beynəlxalq layihənin həyata keçirilməsi mümkün deyil.

 

Azərbaycanın dövlət büdcəsinin xərcləri son 4 ildə 10 dəfə artmışdır ki, bu da respublikamızda aparılan böyük qurucq işlərinin bariz təzahürüdür. 2008-ci ilin icmal büdcəsinin 12 milyard ABŞ dolları səviyyəsinə çatdırılması ölkəmizin sosial-iqtisadi və mədəni inkişafı sahəsində mühüm vəzifələrin həlli yolunda yeni perspektivlər açır.

Sosial sahədə apardığınız məqsədyönlü siyasət nəticəsində ölkə əhalisinin güzəranı daha da yaxşılaşmış, sosial obyektlərin tikintisi və istifadəyə verilməsi sürətlənmiş, məşğulluq probleminin həllində böyük irəliləyişə nail olunmuş, aztəminatlı ailələrin sosial müdafiə mexanizmi işlənib hazırlanmışdır. Əməyin və sağlamlığın mühafizəsi istiqamətində mühüm qərarların qəbul edilməsi, bütün kateqoriyadan olan işçilərin əmək haqlarının və təqaüdlərin bir neçə dəfə artırılması prezident seçkilərində Azərbaycan xalqına verdiyiniz vədlərin ardıcıl şəkildə yerinə yetirilməsinin əyani sübutudur. «Azərbaycan kurortları» Dövlət Proqramı haqqında» 27 fevral 2007-ci il tarixli sərəncamınız ictimaiyyət tərəfindən insanların sağlamlığına göstərilən dövlət qayğısının parlaq nümunəsi kimi qiymətləndirilir.

Beş il əvvəl Azərbaycanda səhiyyəyə cəmi 56 milyon ABŞ dolları həcmində vəsait ayrılmışdısa, cari ildə bu məqsədlə dövlət büdcəsindən ayrılan vəsaitin həcmi 411 milyon dollardır. Ölkəmizdə sosial proqramların həyata keçirilməsi üçün genişmiqyaslı işlər görülür. Yanvarın 1-dən pensiyaların minimum məbləği və minimum əməkhaqqı növbəti dəfə artırılmışdır. 300 min nəfərdən çox adama ünvanlı sosial yardım verilir. Sizin prezidentliyiniz dövründə ölkəmizdə 640 min yeni iş yeri yaradılmışdır ki, onun da 460 mini daimi iş yeridir.

İqtisadi islahatların müvəffəqiyyətlə davam etdirilməsi və sahibkarlığın inkişafına diqqətin artırılması bazar iqtisadi sisteminin möhkəmlənməsinə təkan verir. Təsadüfi deyil ki, ölkə iqtisadiyyatında özəl sektorun payı 80 faizdən çoxdur. Bu il yenə də özəl sektorun, o cümlədən aqrar sahənin inkişafı üçün dövlət büdcəsindən lazımi vəsaitin ayrılması yeni iş yerlərinin açılmasına, yoxsulluğun azalmasına, regionların inkişafına, əhalinin güzəranının daha da yaxşılaşmasına əlverişli şərait yaradacaqdır.

Möhtərəm cənab Prezident!

Ardıcıl olaraq həyata keçirdiyiniz tədbirlər nəticəsində Azərbaycanın beynəlxalq mövqeyi getdikcə güclənir. Ölkəmiz Avropanın enerji təhlükəsizliyinin təmin olunması üçün mühüm strateji əhəmiyyəti olan dövlətə çevrilmişdir. Keçən il Bakı-Tbilisi-Qars dəmir yolunun təməlinin qoyulması, Bakı-Tbilisi-Ərzurum qaz kəmərinin istismara verilməsi Azərbaycanı Avropa ilə daha sıx birləşdirməklə həm ölkəmizin, həm də bütövlükdə regionun dünya dövlətləri arasında iqtisadi və siyasi çəkisini daha da artırdı.
Sizin hələ Avropa Şurasında Azərbaycan nümayəndə heyətinin başçısı kimi fəaliyyətiniz dövründə bu mötəbər qurumun Parlament Assambleyası Ermənistanı təcavüzkar dövlət kimi tanıyaraq, işğalçı qoşunları torpaqlarımızdan tezliklə çıxarmağa çağırmışdır. Avropa Şurası kimi nüfuzlu beynəlxalq təşkilatın Dağlıq Qarabağ münaqişəsi ilə bağlı belə qətiyyətli mövqe tutması Azərbaycanın uğurlu xarici siyasətinin, şəxsən Sizin, cənab Prezident, böyük əməyinizin nəticəsidir. Əminik ki, Sizin göstərdiyiniz səylər sayəsində qədim Azərbaycan torpaqları erməni işğalından tezliklə azad ediləcək, ölkəmizin ərazi bütövlüyü bərpa olunacaqdır.

Müstəqillik yolunda inamlı addımlar atan Azərbaycanın Avropa ölkələri ilə inteqrasiyası getdikcə dərinləşir. İnanırıq ki, Avropa İttifaqı ilə Azərbaycan arasında imzalanmış Fəaliyyət planında nəzərdə tutulan tədbirlərin yerinə yetirilməsi ölkəmizin beynəlxalq aləmdə nüfuzunu daha da artıracaq və mövqelərini möhkəmləndirəcək.

Zati - aliləri!

Bu gün Azərbaycanın hərtərəfli inkişafının təməlində duran əsas amillər ümummilli liderimiz Heydər Əliyevin siyasi kursunun müvəffəqiyyətlə davam etdirilməsi, idarəetmə sahəsində təşəbbüskarlıq və prinsipiallığın geniş bərqərar olması, nəhayət, xalqın Sizə göstərdiyi böyük inam və etimaddır. Bütün bunların nəticəsində ölkəmizdə ictimai-siyasi sabitlik dönməz xarakter almış, demokratiyanın inkişafı, o cümlədən əsas insan hüquq və azadlıqlarının təmin olunması istiqamətində işlər inamla davam etdirilir.

Siz Azərbaycan Respublikasının Prezidenti seçildikdən sonra verdiyiniz bütün vədlərə sadiqlik nümayiş etdirməklə, hər bir azərbaycanlının Prezidenti olduğunuzu gördüyünüz böyük işlərlə sübuta yetirdiniz. Ölkəmizdə ən böyük qeyri-hökumət təşkilatı olan həmkarlar ittifaqlarına göstərdiyiniz diqqət və qayğını qurultay nümayəndələri xüsusi minnətdarlıq hissi ilə qeyd edirlər. Azərbaycan Həmkarlar İttifaqlarının təşəkkül tapmasının 100, Həmkarlar İttifaqı Mərkəzinin yaradılmasının 85 illiyi münasibətilə Azərbaycan Həmkarlar İttifaqlarının üzvlərinə ünvanladığınız təbrik məktubu, «Həmkarlar ittifaqı haqqında» Azərbaycan Respublikası Qanununa və Əmək Məcəlləsinə müvafiq dəyişikliklər və əlavələrin edilməsi, həmkarlar ittifaqı hərəkatının inkişafındakı xidmətlərinə görə, habelə Azərbaycan Turizm və Ekskursiyalar üzrə Respublika Şurasının 70, kurort sahəsinin yaradılmasının 60 illiyi münasibətilə bir qrup həmkarlar ittifaqı fəalının Azərbaycanın orden və medalları ilə təltif edilməsi, fəxri adların verilməsi, üç nəfərin prezident təqaüdünə layiq görülməsi haqqındakı fərman və sərəncamlarınız bizi daha da ruhlandırır.

Bu qayğı və diqqətə cavab olaraq həmkarlar ittifaqları bundan sonra da vətəndaşların əmək və sosial-iqtisadi hüquqlarının təmin olunması sahəsində öz missiyasını daha cəsarətlə və əzmkarlıqla həyata keçirəcək, Sizin rəhbərliyiniz altında respublikamızda gerçəkləşdirilən vətəndaş cəmiyyəti qurucğuna layiqli töhfələr verəcəklər. Biz bundan sonra da respublikamızda sosial ədalətin təntənəsi istiqamətində qətiyyətli addımlarınızı dəstəkləyərək daim Sizə yardımçı olacağıq.

Möhtərəm cənab Prezident!

Bu gün Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının III qurultayı respublikamızın həmkarlar ittifaqlarının 1,6 milyon nəfər üzvünün arzularını və təkidli təkliflərini nəzərə alaraq, 2008-ci ilin prezident seçkilərində Sizin namizədliyinizi irəli sürmək və dəstəkləmək haqqında qərar qəbul etdi. Sizin Azərbaycana rəhbərlik etdiyiniz dövrdə sözünüzlə əməlinizin birliyi, verdiyiniz vədlərə sadiqliyiniz, milli maraqları ifadə edən qətiyyətli siyasi xəttiniz bizə belə bir seçim etməyə əsas verdi.

İnanırıq ki, Azərbaycanı daha parlaq gələcəyə yalnız Sizin kimi öz xalqının və dövlətinin mənafeyini hər şeydən uca tutan və onu qorumağa qadir olan lider apara bilər.

Möhtərəm cənab Prezident!

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının III qurultayının qarşıdakı prezident seçkilərində Sizin namizədliyinizi irəli sürmək və dəstəkləmək barədə qərarına razılıq verməyinizi xahiş edirik.
Sizə möhkəm cansağlığı, çox məsul və şərəfli fəaliyyətinizdə uğurlar arzulayırıq.

AHİK-in III qurultayının nümayəndələri

FAYDALI KEÇİDLƏR