AZ | RU | EN

Azərbaycan Həmkarlar ittifaqları Konfederasiyası icraiyyə Komitəsinin QƏRARI

29 Apr 2013

Əhalinin məşğulluğunu təmin etmək məqsədilə ölkə Prezidentinin təşəbbüsü və məşğulluq haqqında dövlət proqramlarının icrası nəticəsində 2003-cü ilin IV rübü – 2011-ci il müddət ərzində 1,0 mln-dan artıq yeni iş yerləri açılmış, o cümlədən 727,2 min daimi iş yeri.

2011-ci ildə iqtisadiyyatda məşğul olan əhalinin ümumi sayından 1387,5 min nəfəri və yaxud 31,7%-i muzdla işləyənlərin  payına düşmüşdür və onların əksəriyyəti iri və orta müəssisələrdə əmək fəaliyyəti ilə məşğul olmuşdur.

Məşğulluq xidməti orqanları tərəfindən  ölkə üzrə rəsmi işsiz statusu verilmiş şəxslərin, həmçinin BƏT-in metodologiyasına əsasən hesablanmış işsizlərin sayı tədricən azalaraq 2012-ci ilin əvvəlinə müvafiq olaraq 38,3 min nəfər və 250,9 min nəfər təşkil etmişdir.

Eyni zamanda məşğulluq problemlərin həll edilməsində çatışmamazlıqlar da az deyil. Bu ilk növbədə əmək bazarında təklif və tələb arasında uyğunsuzluğa, işçilərin sahələr üzrə bölüşdürülməsində qeyri-mütənasibliyə, gənclər arasında işsizliyin səviyyəsinə, qeyri-formal əmək münasibətlərində olanların çoxalmasına və s. aiddir.

Azərbaycan Həmkarlar İttifaqları əhalinin məşğulluğuna dair məsələlərini daima diqqət mərkəzində saxlayır, dövlət məşğulluq siyasətinin işlənilməsində və həyata keçirilməsində, müvafiq dövlət proqramlarının hazırlanmasında və icrasında, əmək qanunvericiliyinin təkmilləşdirilməsində fəal iştirak edir, işçilərin əmək hüquqlarının qorunmasını təmin edirlər. Bununla yanaşı, o da qeyd olunmalıdır ki, əhalinin məşğulluğunun təmin edilməsində həmkarlar ittifaqlarının imkanlarından tam istifadə olunmur.

Bununla əlaqədar AHİK-in İcraiyyə Komitəsi qərara alır:

1. Azərbaycanda məşğulluq məsələləri üzrə hazırlanmış arayış nəzərə alınsın və bütün sahə respublika komitələrinə göndərilsin.

2. AHİK-in zəhmətkeşlərin əməyinin və sosial-iqtisadi mənafelərinin müdafiəsi üzrə şöbəsinə tapşırılsın ki, məşğulluq məsələlərinin araşdırılmasına dair işləri davam etdirsin, zəruri hallarda AHİK-in rəhbərlərinə təkliflər versin.

3. Sahə respublika komitələrinə tövsiyə olunsun:

- mövcud iş yerlərinin qorunub saxlanılması üzrə işləri davam etdirsinlər, struktur dəyişiklikləri zamanı işçilərin kütləvi şəkildə ixtisarına yol verməsinlər;

- daimi iş yerlərində müddətli əmək müqavilələrin bağlanılması, müddətsiz əmək müqavilələrin müddətli müqavilələrlə əvəz olunması və digər qeyri-qanuni faktların üzə çıxarılması sahəsində işi gücləndirsinlər;

- əmək müqaviləsi bağlanmadan işə cəlb edilən işçilərin hüquqlarının qorunmasını təmin etsinlər;

- müəssisədə çalışan gənclərin və qadınların problemlərinə, onların təhsil və peşə ixtisas səviyyələrinin artırılmasına diqqəti artırsınlar;

- məşğulluq məsələlərinə aid digər problemlərin həll edilməsi istiqamətində zəruri tədbirlər həyata keçirsinlər.

4. Qərarın icrasına nəzarət AHİK sədrinin birinci müavini İ.Əliyevə həvalə edilsin..

FAYDALI KEÇİDLƏR