AZ | RU | EN

Azərbaycan Dövlət İdarələri və İctimai Xidmət İşçiləri Həmkarlar İttifaqının V qurultayı keçirilmişdir

31 Aug 2012

 DİİXİ Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri Hikmət Osmanov qurumun 2006-2012-ci illərdə fəaliyyəti haqqında hesabat məruzəsi ilə çıxış edərək bildirmişdir ki, təşkilatda görülən işlər AHİK-in mövqeyinə və xəttinə uyğun olaraq yerinə yetirilir. DİİXİ Həmkarlar İttifaqı Respublika Komitəsi hesabat dövründə həmkarlar ittifaqı təşkilatlarının üzvlərinin sosial iqtisadi və əmək hüquqlarının qorunmasına səy göstərmiş, yeni dövlət orqanları və özəl qurumlarda həmkarlar ittifaqı təşkilatları yaratmağa nail olmuşdur. H.Osmanov diqqətə çatdırmışdır ki, DİİXİ Həmkarlar İttifaqının 2012-2017-ci illər üçün üzvlərinin əmək, sosial-iqtisadi hüquq və qanuni maraqlarının müdafiəsi sahəsində Fəaliyyət Proqramı hazırlanmışdır. Bu Fəaliyyət Proqramına uyğun olaraq qurum işini daha da gücləndirəcəkdir.

Mərkəzi təftiş komissiyasının hesabatı dinlənildikdən sonra məruzələr ətrafında müzakirələr aparılmış, DİİXİ Həmkarlar İttifaqı Respublika Komitəsinin 2006-2012-ci illərdə fəaliyyəti qənaətbəxş hesab edilmişdir.

Qurultayda çıxış edən Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) sədri, Milli Məclisin deputatı Səttar Mehbalıyev bildirmişdir ki, bu il sahə Həmkarlar İttifaqları Respublika Komitələri üzrə hesabat-seçki yığıncaqları keçirilir. Komitələrin qurultayları yekunlaşdıqdan sonra gələn il fevralın 5-də AHİK-in qurultayı keçiriləcəkdir. S.Mehbalıyev qeyd etmişdir ki, qurultaya 1300-dək nümayəndə seçiləcəkdir.

AHİK sədri demişdir: “Həmkarlar İttifaqı təşkilatları dövlət qurumları, işəgötürənlər və onların birlikləri ilə əməkdaşlığı inkişaf etdirir. Dövlət, hakimiyyət və idarəçilik orqanlarına təkliflər vermək məqsədi ilə işçilərin peşə qruplarının iqtisadi və sosial vəziyyətinin təhlili sistematik olaraq həyata keçirilir”.

S.Mehbalıyev Ümum Həmkarlar İttifaqları Konfederasiyasının 20 illiyi ilə əlaqədar və həmkarlar ittifaqları hərəkatı qarşısındakı xidmətlərinə görə H.Osmanova Fəxri gümüş döş nişanı təqdim etmişdir.

Qurultayda təşkilati məsələlərə baxılmış, Komitənin və mərkəzi təftiş komissiyasının yeni tərkibləri seçilmişdir.

Hikmət Osmanov yenidən DİİXİ Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri seçilmişdir.

Daha sonra Konfederasiyanın sədri vəzifəsinə S.Mehbalıyevin namizədliyinin irəli sürülməsi və təklifin AHİK-in IV qurultayına təqdim edilməsi haqqında qərar qəbul olunmuşdur.

Qurultay iştirakçıları tədbirdən öncə Fəxri Xiyabana gedərək ulu öndər Heydər Əliyevin və akademik Zərifə Əliyevanın məzarlarını ziyarət etmiş, gül dəstələri qoymuşlar. Daha sonra Şəhidlər Xiyabanında vətən uğrunda şəhid olmuş soydaşlarımızın məzarları önünə gül dəstələri düzmüşlər.

 31.08.12.3 bust

31.08.12.2

31.08.12  31.08.12.4

FAYDALI KEÇİDLƏR