AZ | RU | EN

AZƏRBAYCAN HƏMKARLAR İTTİFAQLARININ 110 İLLİYİ

25 Nov 2015

Azərbaycan həmkarlar ittifaqlarının yaranmasının 110 illiyi münasibətilə noyabrın 25-də Dövlət Musiqili Teatrında təntənəli yubiley mərasimi keçirilib.

Mərasimdə Azərbaycan Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov, digər dövlət və hökumət rəsmiləri, beynəlxalq həmkarlar ittifaqları təşkilatlarının, həmçinin bir sıra ölkələrin həmkarlar ittifaqları qurumlarının rəhbər şəxsləri, respublika həmkarlar ittifaqlarının nümayəndələri iştirak ediblər.

Tədbiri açan Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) sədri, Beynəlxalq Həmkarlar İttifaqları Konfederasiyasının vitse-prezidenti, Milli Məclisin deputatı Səttar Mehbalıyev əlamətdar hadisə münasibətilə respublika həmkarlar təşkilatlarının üzvlərini təbrik edib.

Azərbaycanda həmkarlar ittifaqlarının tarixindən danışan S.Mehbalıyev XIX əsrin ikinci yarısı və XX əsrin əvvəllərində Azərbaycanda neft sənayesinin çiçəklənməsi ilə milli sahibkarların yetişdiyini, Bakının böyük sənaye mərkəzinə çevrildiyini və fəhlə hərəkatının genişləndiyini diqqətə çatdırıb. Qeyd olunub ki, 1904-cü il dekabrın 30-da “Elektrosila” zavodunda neft sənayeçiləri ilə fəhlələr arasında ilk kollektiv müqavilə imzalandı. 1905-ci il oktyabrın 17-də isə konka (at dəmir yolu) işçiləri həmkarlar ittifaqı təşkilatı yaratdılar. Artıq 1906-cı ilin sonunda Bakıda mövcud olan 18-20 həmkarlar ittifaqının üzvlərinin sayı 12 min nəfəri ötmüşdü. Qafqazdakı həmkarlar ittifaqının 75 faizi Azərbaycanın paytaxtında cəmlənmişdi.

Bildirilib ki, 1991-ci ildə müstəqilliyini bərpa edən Azərbaycanda ölkə həyatının bütün sahələrində olduğu kimi, həmkarlar ittifaqı təşkilatlarının fəaliyyətində də xeyli dəyişiklik baş verdi, demokratik və aşkarlıq prinsipləri daha geniş tətbiq olunmağa başladı. 1993-cü il fevralın 5-də Azərbaycan Həmkarlar İttifaqları Şurası özünü buraxaraq səlahiyyətlərini yeni təsis olunan konfederativ tipli AHİK-ə verdi. Bu təşkilatın yaranması ilə həmkarlar ittifaqlarının fəaliyyətində inzibati-amirlik metodlarına son qoyuldu, sahə həmkarlar ittifaqlarının səlahiyyətləri özlərinə qaytarılmaqla, təşəbbüskarlığa, yeniliyə, dünya həmkarlar ittifaqları sisteminə qoşulmağa yol açıldı.

S.Mehbalıyev deyib ki, AHİK-in müstəqil qurum kimi formalaşması məhz ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Məhz Ümummilli Liderin şəxsi təşəbbüsü və nəzarəti altında 1994-cü ilin fevralında postsovet məkanında ilk dəfə olaraq Azərbaycanda “Həmkarlar ittifaqları haqqında” Qanunun qəbul edilməsi ilə həmkarlar ittifaqlarının cəmiyyətdəki yeri və statusu müəyyən olundu. Bu qurumun fəaliyyətini həmişə diqqət mərkəzində saxlayan Ulu Öndər ona yardım göstərir, Konfederasiyanın qurultaylarına təbrik məktubları göndərir, əldə olunmuş nailiyyətləri yüksək qiymətləndirir, zəruri tövsiyələr verirdi.

Qeyd edilib ki, Ümummilli Liderin inkişaf strategiyasını uğurla həyata keçirən Prezident İlham Əliyevin həmkarlar ittifaqlarının sosial-iqtisadi məsələlərlə bağlı mövqeyini dəstəkləməsi və bu sahədə mühüm qərarlar qəbul etməsi qurumun həyatında xüsusi rol oynayıb. Azərbaycan Prezidentinin həmkarlar ittifaqlarının fəaliyyətinə xüsusi diqqət yetirdiyini vurğulayan S.Mehbalıyev dövlətimizin başçısının sərəncamları ilə həmkarlar ittifaqlarında xidmətləri olan şəxslərin yüksək fəxri adlar, orden və medallarla təltif edildiyini söyləyib.

“Bu gün Azərbaycan həmkarlar ittifaqları vətəndaş cəmiyyətinin əsas institutlarından biridir”, - deyən sədr AHİK-in Baş Kollektiv Sazişin layihəsinin hazırlanmasının və bağlanmasının təşəbbüskarı kimi çıxış etdiyini söyləyib. Bildirilib ki, Baş Kollektiv Saziş üçtərəfli qaydada - AHİK, Nazirlər Kabineti və Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası arasında bağlanılır. Müvafiq olaraq sahələrdə tarif sazişləri, yerlərdə isə kollektiv müqavilələr bağlanılır. Hazırda Azərbaycanda 13 min 451 kollektiv müqavilə, 119 tarif sazişi fəaliyyət göstərir. Respublikada sosial tərəfdaşlığın formaları ildən-ilə təkmilləşir, 2014-2015-ci illəri əhatə edən Baş Kollektiv Sazişdə bir çox yeni və perspektivli müddəalar əksini tapıb.

AHİK sədri vurğulayıb ki, Konfederasiya həmkarlar ittifaqı üzvlərinin sosial təminatlarına dair qanun və proqramların, bir çox normativ sənədlərin işlənib hazırlanmasında fəal iştirak edib. Müxtəlif orqanlar tərəfindən hazırlanmış 100-dən çox qanun layihəsində AHİK-in rəyi nəzərə alınıb. Həmkarlar ittifaqı mütəxəssislərinin birbaşa iştirakı ilə ərsəyə gəlmiş bu sənədlər həmkarlar ittifaqının hüquqi bazasını xeyli genişləndirib.

Diqqətə çatdırılıb ki, bu gün sıralarında 1,6 milyondan çox həmkarlar ittifaqı üzvünü birləşdirən AHİK işçilərin pozulmuş əmək və sosial hüquqlarının bərpası uğrunda daha səmərəli mübarizə aparır. AHİK və üzv təşkilatlarda işə bərpa ilə əlaqədar 823 müraciətdən 143-ü müsbət həll edilib. Bu müddətdə 4211 nəfərin öz iş yerində saxlanılmasına nail olunub. Azərbaycan həmkarlar ittifaqları transmilli şirkətlərdə işçilərin həmkarlar ittifaqına cəlb edilməsi sahəsində də müəyyən təcrübə toplayıb. Belə şirkətlərdə 70-dək həmkarlar ittifaqı təşkilatı fəaliyyət göstərir.

Qeyd olunub ki, ölkədə silsilə tədbirlər – təqdimatlar, seminarlar, “dəyirmi masa”lar, yığıncaqlar təşkil edən AHİK-in 1991-ci ildən nəşr edilən mətbu orqanı olan “Ülfət” qəzeti respublikamızda ən yüksək tirajla yayımlanan nəşrlərdəndir.

Bildirilib ki, beynəlxalq həmkarlar ittifaqı hərəkatının tərkib hissəsi olaraq AHİK xarici ölkələrin həmkarlar ittifaqları ilə həmrəylik və əməkdaşlığı getdikcə möhkəmləndirir, beynəlxalq həmkarlar ittifaqı hərəkatının aksiyalarında iştirak edir. AHİK güclü, fəal və innovativ milli həmkarlar ittifaqı mərkəzi kimi artıq özünü təsdiq edib. Bunun nəticəsidir ki, Konfederasiya 2000-ci ildən üzv olduğu, sıralarında 162 ölkənin 328 həmkarlar ittifaqını – 176 milyon üzvü birləşdirən və dünyanın ən böyük həmkarlar ittifaqı qurumu olan Beynəlxalq Həmkarlar İttifaqları Konfederasiyasının (BHİK) rəhbər heyətində təmsil olunur. Belə ki, BHİK-in III qurultayında AHİK-in nümayəndəsi bu qurumun vitse-prezidenti seçilib. İndiyədək dünyanın 46 beynəlxalq təşkilatı və milli həmkarlar ittifaqı mərkəzi ilə əməkdaşlıq əlaqələri qurulub, 10 xarici həmkarlar ittifaqı qurumu ilə ikitərəfli müqavilələr, Beynəlxalq Əmək və Beynəlxalq Miqrasiya təşkilatları ilə əməkdaşlıq haqqında sazişlər imzalanıb.

Bu gün gənclər siyasətinin Azərbaycanda prioritet istiqamətlərdən birini təşkil etdiyini deyən S.Mehbalıyev gənclərin həmkarlar ittifaqı işində iştirakının xüsusilə diqqət mərkəzində saxlanıldığını vurğulayıb. O deyib ki, bu gün AHİK aparatının hər üç işçisindən birinin yaşı 30-dan aşağıdır. Azərbaycan həmkarlar ittifaqlarında üzvlərin 25,2 faizini gənclər təşkil edir. AHİK-in Gənclər Şurası fəaliyyət göstərir. Onun sədri həm də Pan-Avropa Regional Gənclər Şurasının vitse-prezidentidir.

Diqqətə çatdırılıb ki, son 10 ildə rəsmi beynəlxalq yarışlarda, çempionatlarda 332 medal qazanmış həmkarlar ittifaqları idmançıları bu uğuru davam etdirirlər. Birinci Avropa Oyunlarının açılış mərasimində Azərbaycan nümayəndə heyətinin ön cərgəsində respublikamızın bayrağını Azərbaycan Həmkarlar İttifaqları İdman Təşkilatları Assosiasiyasının nəzdindəki “Atilla” idman klubunun cüdoçusu Elmar Qasımov aparıb.

Bildirilib ki, həmkarlar ittifaqlarının maliyyə bazasının möhkəmləndirilməsi məqsədilə üzvlük haqlarının artırılması sayəsində həmkarlar ittifaqı təşkilatlarının öz funksiyalarını yerinə yetirmək imkanları genişlənib. Sahə həmkarlar ittifaqları öz üzvlərinin sağlamlığının və istirahətinin qayğısına qalaraq həmkarlar ittifaqı vəsaiti hesabına yeni istirahət bazaları tikdirib istifadəyə verib. Həmkarlar ittifaqı təşkilatlarının daxili imkanları hesabına hər il orta hesabla 45 min nəfərdən artıq vətəndaş müalicə və istirahət ocaqlarına yollayışlarla təmin olunub. Uşaq sağlamlıq düşərgələrində isə işçilərin minlərlə övladı dincəlir.

AHİK-in qaçqın və məcburi köçkünlərə, 20 Yanvar, eləcə də Qarabağ müharibəsi şəhidlərinin ailələrinə yardımlar etdiyini vurğulayan S.Mehbalıyev Konfederasiya və onun üzv təşkilatları tərəfindən göstərilən yardımların 10 milyard manatlarla hesablandığını deyib. Bildirib ki, AHİK tərəfindən sanatoriya-kurort müəssisələrinin 12600 çarpayı fondunun yalnız 2250-sindən sanatoriya-kurort müalicəsi və istirahət üçün istifadə edilir.

AHİK sədri rəhbərlik etdiyi qurumun milli ordu ilə də yüksək səviyyədə iş apardığını söyləyərək hərbi hissələrdə əsgərlərlə görüşlərin, özfəaliyyət kollektivlərinin çıxışlarının təşkil edildiyini, müxtəlif şeir, bədii-qiraət müsabiqələrinin keçirildiyini bildirib. Qeyd olunub ki, C.Naxçıvanski adına Hərbi Liseyin müdavimlərinə həmkarlar ittifaqlarının təqaüdləri verilir. Həmçinin ali təhsil müəssisələrində qış və yay sessiyalarının nəticələrinə görə təhsildə uğur qazanmış, ictimai işlərdə fərqlənmiş tələbələrə də adlı təqaüd verilir. İndiyədək 1700 nəfərdən artıq gənc belə təqaüdə layiq görülüb.

S.Mehbalıyev çıxışının sonunda deyib: “AHİK olaraq üzərimizə düşən məsuliyyəti dərindən dərk edir, həmkarlar ittifaqı birliyinin qorunmasına, həmkarlar ittifaqının cəmiyyətdə rolunun və təsirinin artmasına, bütün səviyyələrdə sosial əməkdaşlığın möhkəmlənməsinə çalışırıq”.

Mərasimdə çıxış edən Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli HƏSƏNOV deyib:

- Sənayeləşmə dövründə Avropada meydana gələn həmkarlar hərəkatı ötən müddətdə böyük inkişaf yolu keçib, insan hüquq və azadlıqlarının, xüsusilə də əmək hüquqlarının qorunması sahəsində mühüm nailiyyətlər qazanıb.

Azərbaycanda da həmkarlar təşkilatları XIX əsrin sonu XX əsrin əvvəllərində Rusiya imperiyasının sənaye mərkəzlərində gedən ictimai-siyasi və iqtisadi proseslər, habelə insanların sosial problemlərinin həlli məsələsinin aktuallaşdığı bir dövrdə yaranmağa başlayıb. Artıq XX əsrin əvvəllərində neft hasilatının artması, böyük sənaye müəssisələrinin yaranması nəticəsində Bakı şəhəri sürətli inkişaf dövrünə qədəm qoyub və qısa zamanda Rusiya imperiyasının əsas iqtisadi mərkəzlərindən birinə çevrilib. Həmin dövrdə dünyanın iqtisadi mərkəzlərində gedən ümumi meyillərə uyğun olaraq neft sənayesində çalışan böyük işçi qüvvəsinin əmək hüquqlarının qorunması məsələsi də aktuallaşıb. Təsadüfi deyil ki, Bakı fəhlələrinin 1904-cü ildə keçirilən ümumi tətili həmin dövrdə Rusiya imperiyasında ən böyük kütləvi etiraz aksiyası kimi tarixə düşüb. 1905-ci ildə ilk həmkarlar təşkilatlarının yaranmasını da bu prosesin məntiqi nəticəsi hesab etmək olar. Sonrakı dövrdə Azərbaycanda həmkarlar hərəkatı əməyin bütün növlərini əhatə edərək işçilərin hüquqlarının müdafiəsi sahəsində nüfuzlu və təsirli bir instituta çevrilib.

Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra həmkarlar hərəkatı öz inkişafının yeni mərhələsinə qədəm qoyub, həmkarlar ittifaqlarının fəaliyyəti yeni məzmun kəsb edib. 1993-cü ildə yenidən hakimiyyətə qayıdan ümummilli lider Heydər Əliyev həmişə həmkarlar təşkilatlarına diqqət və qayğı ilə yanaşıb, onların inkişafına böyük önəm verib. Ulu Öndər həmkarlar hərəkatını müxtəlif siyasi qüvvələrin təsirindən qoruyub, onların uzun illər ərzində yaradılan maddi-texniki bazasının dağıdılmasının qarşısını alıb. Məhz həmin dövrdən başlayaraq həmkarlar ittifaqlarının təşkili, idarə olunması və fəaliyyətində ideoloji amillərin təsiri aradan qaldırılıb, inzibati amirlik metodlarından imtina edilib, demokratik prinsiplərin tətbiqinə başlanıb və Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının yaradılmasına hər cür dəstək verilib. 1994-cü ildə “Həmkarlar İttifaqları haqqında” Azərbaycan Respublikası Qanununun qəbulu ilə bu qurumun cəmiyyətimizdəki fəaliyyətinin müasir və demokratik prinsiplər əsasında tənzimlənməsinin hüquqi bazası formalaşdırılıb.

Hazırda Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasına iqtisadiyyat, mədəniyyət, təhsil, səhiyyə, dövlət qulluğu və digər fəaliyyət istiqamətlərini əhatə edən çoxsaylı həmkarlar ittifaqları komitələri və federasiyaları daxildir. Konfederasiyanın ətrafında birləşən sahə həmkarlar ittifaqı üzvlərinin sayı təxminən 2 milyona yaxındır. Bu da Azərbaycan həmkarlar ittifaqlarının ən kütləvi, eyni zamanda, mütəşəkkil bir ictimai qüvvə olduğunu göstərir. Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası sosial tərəfdaşlıq, sosial təminat, əməyin mühafizəsi, əmək hüquqlarının qorunması ilə bağlı ardıcıl və müntəzəm tədbirlər həyata keçirir.

Müstəqillik dövründə AHİK-in beynəlxalq əlaqələri də yaranıb və genişlənib, qurum Beynəlxalq Əmək Təşkilatı və Beynəlxalq Azad Həmkarlar İttifaqları Konfederasiyası kimi nüfuzlu beynəlxalq təşkilatların üzvü olub.

İnsan hüquq və azadlıqlarının təmin olunmasını ali məqsədi hesab edən Azərbaycan dövləti müasir dövrdə vətəndaşlarımızın iqtisadi və sosial mənafelərinin, əmək hüquqlarının qorunması sahəsində həmkarlar ittifaqlarının roluna böyük əhəmiyyət verir. Azərbaycan Respublikasının Nazirlər Kabineti, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası və Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası hər il ölkənin sosial-iqtisadi siyasətinin reallaşmasında razılaşdırılmış mövqelərini və birgə fəaliyyəti müəyyən edən Baş Kollektiv Saziş imzalayırlar.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev həmkarlar təşkilatlarının cəmiyyətdəki rolunun yüksəldilməsini vacib hesab edir. İmzalanmış fərman və sərəncamlar, həmçinin həmkarlar təşkilatları sahəsində çalışan işçilərin yüksək dövlət mükafatları ilə təltif edilməsi dövlətimizin başçısının bu sahəyə ardıcıl diqqət və qayğısının əyani təzahürüdür. Digər tərəfdən, ölkə qanunvericiliyinə, o cümlədən Əmək Məcəlləsinə edilmiş mütərəqqi dəyişikliklər işçilərin hüquqlarının daha səmərəli qorunması üçün həmkarlar təşkilatlarına yeni imkanlar yaradır.

Sevindirici haldır ki, Azərbaycan həmkarlar təşkilatlarının üzvləri onlara göstərilən dövlət qayğısını yüksək qiymətləndirir, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin fəaliyyətini təqdir edir və dəstəkləyirlər. Təsadüfi deyil ki, AHİK prezident seçkilərində cənab İlham Əliyevin prezident postuna namizədliyinin irəli sürülməsi təşəbbüsü ilə çıxış edib.

Qeyd edim ki, Prezident İlham Əliyevin həyata keçirdiyi məqsədyönlü və müstəqil siyasət nəticəsində Azərbaycan dinamik inkişaf edən, güclü iqtisadiyyata malik ölkəyə çevrilib. Liberal iqtisadi islahatların davam etdirilməsi, investisiyaların təşviqi, məqsədli dövlət proqramlarının reallaşdırılması nəticəsində son 10 ildə ölkə iqtisadiyyatı 3 dəfədən çox artıb, işsizlik və yoxsulluğun səviyyəsi 5 faizə enib, respublikada sosial və iqtisadi infrastruktur yenidən qurulub, əhalinin rifahı əsaslı şəkildə yüksəlib. 2003-cü ildən bu günədək Azərbaycanda minlərlə istehsal müəssisəsi yaradılıb, 1,4 milyon yeni iş yeri açılıb. Yeni yaradılan iş yerlərinin əksəriyyəti özəl sektorun payına düşür. Hesab edirəm ki, bütün bu reallıqları nəzərə alaraq, AHİK əmək prosesinə cəlb olunan vətəndaşların iş şəraitinin yaxşılaşdırılması, onların sosial problemlərinin həlli və əmək hüquqlarının təmin olunması üçün ardıcıl və məqsədyönlü tədbirləri davam etdirməlidir. Həmkarlar İttifaqları Konfederasiyası Azərbaycanda fəaliyyət göstərən transmilli şirkətlərlə əməkdaşlıq məsələlərinə diqqəti artırmalı, əməyin təşkili və sosial problemlərin həlli sahəsində qabaqcıl dünya təcrübəsini dərindən öyrənməli və tətbiq etməlidir.

Əminəm ki, AHİK qarşıdan gələn dövrdə də öz missiyasını uğurla davam etdirəcək və üzərinə düşən vəzifələrin öhdəsindən layiqincə gələcək.

Sonra Beynəlxalq Həmkarlar İttifaqları Konfederasiyasının baş katibi Şaran Burrounun Azərbaycan həmkarlar ittifaqlarının yaranmasının 110 illik yubileyi münasibətilə videomüraciəti təqdim edilib.

Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Mətin Kərimli nazir Səlim Müslümovun təbrik məktubunu oxuyub. Qeyd edilib ki, öz sıralarında 1,6 milyondan çox üzvü birləşdirən AHİK işçilərin hüquqlarının fəal müdafiəsini və Baş Kollektiv Sazişə əməl olunmasını təmin edir.

Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının (ASK) prezidenti Məmməd Musayev çıxışında minlərlə sahibkarlıq subyektini, 70-dək sahibkarlıq assosiasiyasını birləşdirən ASK-nın 2001-ci ildə Baş Kollektiv Sazişə qoşulduğunu vurğulayıb. Bildirib ki, saziş ölkədə sahibkarlığın inkişafına əlverişli şərait yaradır. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, AHİK və ASK-nın təhlükəsiz əmək şəraiti sahəsində gördüyü işlər işçilərin hüquqlarının müdafiəsi baxımından vacib rol oynayır.

Rusiyanın Müstəqil Həmkarlar İttifaqları Federasiyasının sədri, Ümumhəmkarlar İttifaqları Beynəlxalq Konfederasiyasının prezidenti Mixail Şmakov Azərbaycan həmkarlar ittifaqlarının yaranmasının 110 illik yubileyi münasibətilə rəhbərlik etdiyi qurumlar adından təbriklərini çatdırıb. O, Azərbaycanın həmkarlar ittifaqlarının yüksək fəallıq göstərdiyini və mühüm uğurlar qazandığını vurğulayıb.

Türkiyə Həmkarlar İttifaqları Konfederasiyasının baş katibi Pevrul Kavlak da yubiley münasibətilə təbriklərini çatdıraraq Azərbaycan həmkarlar ittifaqlarının fəaliyyətinin təqdirəlayiq olduğunu qeyd edib.

Gürcüstan Həmkarlar İttifaqları Birliyinin sədri İrakli Petriaşvili həmkarlar ittifaqları təşkilatlarının demokratik dövlət quruculuğunda mühüm rol oynadıqlarını diqqətə çatdıraraq AHİK-in də bu baxımdan yüksək xidmətlərini qeyd edib. O, Azərbaycan və Gürcüstan həmkarlar ittifaqları arasında səmərəli əməkdaşlıqdan məmnunluğunu bildirib.

Avrasiya Qida, Kənd Təsərrüfatı, Meşə və Turizm İşçiləri Həmkarlar İttifaqı Federasiyasının prezidenti, Türkiyə Otel, Restoran və İstirahət yerləri İşçiləri Həmkarlar İttifaqının sədri Cəmail Bakındı müstəqilliyin bərpasından sonra Azərbaycanın sürətlə inkişaf edərək mühüm nailiyyətlər qazandığını, ölkəmizdə dinamik inkişafın şahidi olduğunu bildirib. Azərbaycan həmkarlar ittifaqlarının da sürətlə inkişaf edərək artıq beynəlxalq qurumlarda fəallığı ilə seçildiyini vurğulayan qonaq dünyada sülhün və həmrəyliyin qorunmasında həmkarlar ittifaqlarının da üzərinə mühüm vəzifələrin düşdüyünü qeyd edib.

Sonra yubiley münasibətilə Türkiyənin Hak İşçi Sendikaları Konfederasiyasının sədr müavini Əli Çingiz Gülün təbrikləri diqqətə çatdırılıb.

Belarus Həmkarlar İttifaqları Federasiyasının katibi Anna Qriqoryevna Varfolomeeva da 110 illik yubiley münasibətilə Azərbaycan həmkarlar ittifaqlarını təbrik edib, qarşıdakı illərdə daha böyük uğurlar arzulayıb.

Daha sonra həmkarlar ittifaqlarının Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamları ilə orden, medal və yüksək fəxri adlara layiq görülmüş fəallarına mükafatları təqdim edilib.

Sonda yubiley mərasimi iştirakçılarının adından Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə müraciət qəbul olunub.




FAYDALI KEÇİDLƏR