AZ | RU | EN

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası və Qeyri-hökumət Təşkilatları Referendumla əlaqədar təşəbbüs qrupu yaradıblar

04 Aug 2016

Sentyabrın 26-da keçiriləcək referendum ilə əlaqədar avqustun 4-də Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasında (AHİK) respublika həmkarlar ittifaqlarının və qeyri-hökumət təşkilatlarının nümayəndələrinin iştirakı ilə toplantı keçirilib.

 AHİK-in sədri, Milli Məclisin deputatı Səttar Mehbalıyev toplantını giriş sözü ilə açaraq Azərbaycan Konstitusiyasına sonuncu dəyişikliyin 2009-cu ildə edildiyini vurğulayıb. Sonuncu dəyişiklikdən ötən yeddi ildə Azərbaycanın sürətlə inkişaf etdiyini deyən S.Mehbalıyev əldə olunan uğurların Əsas Qanunun daha da təkmilləşdirilməsi zərurətini ortaya qoyduğunu bildirib. Qeyd edib ki, Konstitusiyaya əlavə və dəyişikliklərin əsas məqsədi Azərbaycanda iqtisadi və siyasi islahatların uğurla aparılmasına imkan verən yeni və daha çevik dövlət idarəçiliyi mexanizminin formalaşdırılmasıdır.

Konstitusiyaya dəyişikliklə əlaqədar Azərbaycan Prezidenti İlham Əliyevin Referendum Aktı layihəsi ilə çıxış etdiyini deyən AHİK sədri həmin sənəddə Konstitusiyanın 23 maddəsində dəyişiklik edilməsinin, 6 yeni maddənin əlavə olunmasının nəzərdə tutulduğunu söyləyib.

S.Mehbalıyev bildirib ki, referendumla bağlı təşviqat qrupunun yaradılması məqsədilə ictimai birliklər və təşkilatlar yığıncaqlar keçirib, öz nümayəndələrini müəyyən ediblər. Bugünkü yığıncağa AHİK və 24 QHT-ni təmsil edən 401 nümayəndə qatılıb.

Yığııncağın keçirilməsi üçün yetərsay müəyyən olunduqdan sonra sədr və katib seçilib, gündəlik səsə qoyularaq təsdiq edilib.

Sonra Azərbaycan Milli Qeyri-Hökumət Təşkilatları Forumunun prezidenti Rauf Zeyni dövlətimizin başçısının təşəbbüsü ilə irəli sürülən Referendum Aktı layihəsinə Konstitusiya Məhkəməsi tərəfindən rəy verildiyini deyib. O, əsası ulu öndər Heydər Əliyevin qoyduğu uzaqgörən siyasətin Prezident İlham Əliyevin uğurla həyata keçirməsi nəticəsində ölkəmizdə digər sahələrlə yanaşı, vətəndaş cəmiyyəti institutlarının da sürətli inkişafı üçün əlverili şəraitin yaradıldığını deyib, bu istiqamətdə görülən işlərdən danışıb. R.Zeyni bildirib ki, Azərbaycan vətəndaş cəmiyyəti institutları referendumun keçirilməsini dəstəkləyir və Konstitusiyaya dəyişikliklərin ölkəmizdə daha sürətli inkişafına, dövlətçiliyin möhkəmlənməsinə imkan yaradacağına əminliyini ifadə edib.

Beynəlxalq Münasibətlərin Araşdırılması Mərkəzinin rəhbəri Rufiz Qonaqov, Respublika Veteranlar Təşkilatının sədr müavini Cəlil Xəlilov, “İrəli” İctimai Birliyinin sədri Mirhəsən Seyidov, “Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə” İctimai Birliyinin sədri Emin Həsənli Referendum Aktı layihəsində dövlətçiliyin möhkəmləndirilməsi, seçkili orqanlara seçilmək üçün yaş həddi məhdudiyyətinin götürülməsi, habelə Silahlı Qüvvələrimiz ilə bağlı müddəaların əhəmiyyətini yüksək qiymətləndiriblər. Qeyd olunub ki, bu gün Azərbaycanda güclü xalq-iqtidar həmrəyliyi mövcuddur. Azərbaycan cəmiyyəti, o cümlədən veteranlar, gənclər, qaçqın və məcburi köçkünlər və digər təbəqədən olan insanlar dövlətimizin başçısı İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasətin fəal dəstəkçiləri kimi, referendumda fəal iştirak edərək öz səslərini verəcəklər.

Çıxışlardan sonra gündəlikdə duran məsələlər müzakirə edilib. Müzakirələr nəticəsində referendum üzrə 25 nəfərlik tərkibdə “Vətəndaş Cəmiyyəti” adlı təşəbbüs qrupu yaradılıb. Qrupun səlahiyyətli və maliyyə məsələləri üzrə səlahiyyətli nümayəndələri təyin olunub. “Vətəndaş cəmiyyəti” təşəbbüs qrupunun səlahiyyətli nümayəndələrinə eyni adlı təşviqat qrupunda səlahiyyətli nümayəndəlik hüququ verilməsi barədə qərar qəbul edilib. Təşəbbüs qrupunun səlahiyyətli nümayəndəsinə referendumla bağlı qrupun adından çıxış etmək üçün notarial qaydada vəkalətnamə verilməsi məsələsi də təsdiqlənib.

Sonda “Vətəndaş Cəmiyyəti” adlı təşəbbüs qrupunun yaradılması barədə bildirişlə Mərkəzi Seçki Komissiyasına müraciət edilməsi qərara alınıb.


FAYDALI KEÇİDLƏR