AZ | RU | EN

Aviasiya İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin XXV Konfransı keçirilib

11 Oct 2017

Konfransı giriş sözü ilə açan Aviasiya İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri Bəkir Yusifov rəyasət heyətinin üzvlərinin və konfransın işçi komissiyalarının yeni tərkiblərinin seçilməsini təklif edib. 

Daha donra  Bəkir Yusifov kollektivin 2012-2017-ci illər üzrə fəaliyyəti barədə hesabat məruzəsi ilə çıxış edibdir.

Məruzədə respublika komitəsinin bu illər ərzində gördüyü işlərdən, Azərbaycanda mülki aviasiyanın inkişafından, bu sahə üzrə fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatlarının aviasiyanın inkişafına verdiyi töhfələrdən, Azərbaycanda mülki aviasiya sahəsində həyata keçirilən islahatlar və əldə olunan uğurlardan söz açılıb. B.Yusifov çıxışında aviasiya işçilərinin sosial müdafiəsinin gücləndirilməsi, həyat səviyyəsinin yüksəldilməsi və iş şəraitinin yax- şılaşdırılması, əmək hüquqlarının qorunması, sosial güzəştlər sisteminin təkmilləşdirilməsi məsələlərinin hər zaman diqqət mərkəzində olduğunu nəzərə çatdırıb. Bildirib ki, məlum devalvasiyadan sonra həyat və yaşayış səviyyəsinin aşağı düşməsinə baxmayaraq, mülki aviasiya sahəsində çalışan işçilərin əmək haqlarını sabit şəkildə saxlamaq mümkün olubdur. Dövlət Sosial Müdafiə Fonduna, vergi orqanlarına ödəmələrin vaxtında həyata keçirilməsi, təqaüdlərin gecikdirilmədən ödənilməsi təmin edilibdir. Daim təkmilləşmə prosesindən keçən texniki vasitələr, sistemlər, komplekslər işlərin yüksək səviyyədə, keyfiyyətlə yerinə yetrilməsinə imkan verir. İşçilərə yaradılan iş və əmək şəraiti, əməyin mühafizəsi və təhlükəsizlik texnikasının təmin edilməsi müasir dövrün tələblərinə uyğundur. Aviasiya işçilərinin əməyinin ödənişi, sosial-iqtisadi məsələlərin həlli, əməyin mühafizəsi və təhlükəsizlik texnikası ilə təmin olunması, kadrlarla aparılan işlər, kollektiv üzvlərinin sağlamlığının qorunması, onların və ailə üzvlərinin müalicəsinin və istirahətinin təşkili, gənclərlə iş, gender bərabərliyi, bədən tərbiyəsi və idmana cəlb edilməsi məsələləri Azərbaycan Dövlət Mülki Aviasiya Administrasiyası, “Azərbaycan Hava Yolları” QSC və Aviasiya İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsi arasında bağlanmış Sahə Kollektiv Sazişlə həyata keçirilir. Dövlət müstəqilliyimizin qorunub saxlanılmasında, xalqın rifah halının yüksəldilməsində, gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə olunmasında “Azərbaycan Hava Yolları” QSCnin idarə, müəssisə və təşkilatlarında çalışan müharibə, əmək, silahlı qüvvələr, Çernobıl və hüquq-mühafizə orqanları veteranlarının xüsusi yeri vardır və onlara daim qayğı göstərilir. 

Məruzəçi daha sonra qeyd edib ki, hesabat dövrü ərzində işçilərin və onların ailə üzvlərinin sağlamlığının qorunması məqsədilə sanator-kurort və istirahət mərkəzlərində müalicə və istirahət məqsədilə 2117 nəfərə yollayış verilibdir. Qeyd etmək lazımdır ki, işçiyə yollayış verildikdə, ümumi məbləğin 15 faizini işçi ödəməli olduğu halda, həmin məbləğ Sahə Kollektiv Sazişinə əsasən “Azərbaycan Hava Yolları” QSC tərəfindən ödənilir. Respublika komitəsinin təklifinə əsasən, hesabat dövrü ərzində, sahə həmkarlar ittifaqı təşkilatları hesabına 5494 işçinin 3-5 günlük ailəvi istirahəti təşkil edilibdir. Uçuşların istehsalı idarəsinin həmkarlar ittifaqı təşkilatının müraciətini nəzərə alaraq respublika komitəsinin 4 noyabr 2011-ci il tarixli V plenumunun qərarı ilə həkim təyinatı əsasında respublikadan kənara müalicəyə göndərilən hər bir uçuş heyəti üzvü tərəfindən istifadə edilmiş yollayı- şın qiymətindən asılı olmayaraq onlara 700 (yeddi yüz) manat məbləğində maddi yardım göstərilib. 2012-2017-ci il ərzində uçuşların istehsalı idarəsinin 155 nəfər uçuş heyəti üzvü bu imkandan istifadə edib.

Məruzədən sonra çıxışlar olubdur. Məruzə ətrafında çıxış edənlər sonda Aviasiya İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin hesabat dövründəki fəaliyyətini müsbət qiymətləndiriblər. Konfransda Aviasiya İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin rəhbər orqanları, 41 nəfərdən ibarət komitə (plenum) üzvü, 11 nəfərdən ibarət rəyasət heyətinin üzvü açıq səsvermə yolu ilə seçilib. Sahə təşkilatlarından daxil olan çoxsaylı müraciətlər nəzərə alınaraq, Bəkir Aslan oğlu Yusifov açıq səsvermə yolu ilə növbəti dəfə sədr vəzifəsinə seçilib.

 XXV konfrans 2018-ci ilin fevral ayında keçiriləcək AHİK-in V qurultayında yekdilliklə Milli Məclisin deputatı Səttar Möhbalıyevin yenidən Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri vəzifəsinə namizədliyinin irəli sürülməsi və müdafiə olunması barədə qərar qəbul edib. Tədbirdə sahə həmkarlar hərəkatı birliyinin möhkəmləndirilməsinə göstərdiyi xidmətə, həmkarlar ittifaqı təşkilatlarının işində yaxından iştirakına görə 16 nəfər həmkarlar ittifaqı fəalı respublika komitəsinin fəxri fərmanı, 3 nəfər Beynəlxalq Aviasiya İşçiləri Həmkarlar İttifaqları Birliyinin “20 illik” döş nişanı ilə təltif olunublar. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən mülki aviasiya sahəsində çalışan insanlara göstərilən xüsusi qayğının nəticəsində Azərbaycan mülki aviasiyası daim sürətlə inkişaf edir. Azərbaycan mülki aviasiyasının inkişafında çoxillik xidmətlərinə görə Prezident İlham Əliyevin sərəncamı ilə Aleksandr Pavloviç Plemakova Prezident təqaüdü verilmişdir. Eyni zamanda, A.P.Plemakova Beynəlxalq Aviasiya İşçiləri Həmkarlar İttifaqları Birliyinin “20 let MOPavia” döş nişanı və respublika komitəsi tərəfindən pul mükafatı təqdim olunubdur.        

 Konfransda AHİK sədri, millət vəkili Səttar Möhbalıyev çıxış edərək Azərbaycan iqtisadiyyatının inkişafında mülki aviasiyanın rolunu yüksək qiymətləndirib. Bildirib ki, bu sahədə çalışan insanların əməyi riskli və olduqca məsuliyyətlidir. Onlar hər cür qayğıya layiqdirlər. Biz fəaliyyətimizdə bunu nəzərə alırıq. Bir faktı deyim ki, Aviasiya İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinə hər il sanatoriyalara, istirahət mərkəzlərinə normada nəzərdə tutulduğundan qat-qat çox yollayışlar ayırırıq. Respublika Komitəsi də yollayışları ilk təşkilatlar arasında bölür.

Səttar Möhbalıyev deyib ki, biz yollayışları verməklə üzvlər qarşısında vəzifəmizi bitirmiş hesab etmirik. Çalışırıq ki, üzvlərimiz bu yollayışlarla getdikləri sanatoriyalarda yüksək səviyyədə müalicə alsınlar, ən müasir istirahət mərkəzlərində dincəlsinlər. Ona görə də balansımızda olan sanatoriyalar, demək olar ki, yenidən qurulub. Buna baxmayaraq, hər birində vaxtaşırı cari təmir işləri aparılır.

O, nümunə kimi "Şıx" sanatoriyasının adını çəkib: "Bu sağlamlıq ocağı indi təsəvvürəgəlməz dərəcədə yenilənibdir. Dünyanın istənilən sanatoriyası ilə rəqabət apara bilər".

AHİK sədri mövzunun davamı olaraq bir məsələni də diqqətə çatdırıb: "Üzvlərimizin tələbatını nəzərə alaraq istirahət mərkəzləri şəbəkəsini genişləndirməliyik. Bu istiqamətdə iş gedir. Artıq 6 sahə Respublika Komitəsinin ölkəmizin səfalı guşələrində istirahət mərkəzi var. Biz istəyirik ki, bütün sahə həmkarlar ittifaqlarının öz istirahət mərkəzi olsun". S.Möhbalıyev çıxışında digər məsələlərə də toxunub.

 QSC-nin uçuşların təşkili üzrə vitse-prezidenti İlham Əmirov çıxışında işçilərin sosial-iqtisadi problemlərinin həllində həmkarlar ittifaqının rolunun əvəzsiz olduğunu qeyd edib. Bildirib ki, cəmiyyətin rəhbərliyi ilə sahə Hİ Respublika Komitəsi arasında sıx əməkdaşlıq mövcuddur.

 Konfransın işində Dövlət Mülki Aviasiya Administrasiyasının direktoru Arif Məmmədov iştirak edib.


FAYDALI KEÇİDLƏR