AZ | RU | EN

AHİK sədri, millət vəkili Səttar Mehbalıyevin Ümum Həmkarlar İttifaqları Konfederasiyasının İcraiyyə Komitəsinin iclasında "2011-ci ildə Azərbaycan Respublikasının sosial-iqtisadi inkişafı və həmkarlar ittifaqlarının vəzifələri haqqında" mövzusunda çıxı

23 Apr 2012

Davam edən iqtisadi inkişaf qeyri-neft sektorunun həcminin artması, sahibkarlıq fəaliyyətinin genişlənməsi, sosial sahənin və sosial müdafiənin möhkəmləndirilməsi, əhalinin rifahının yüksəlməsi ilə müşayiət olunmuşdur.

Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinin məlumatına əsasən, ölkənin inkişafını xarakterizə edən əsas makro göstərici-ümumi daxili məhsul istehsalı 2011-ci ildə artaraq 50.1 milyard manata çatmışdır. Əhalinin hər nəfərinə 5530.6 manatlıq (7003.4 ABŞ dolları) əlavə dəyər istehsal olunmuşdur.

Qeyri-neft sektorunda ÜDM istehsalı 9.4 faiz artmış və bu sektorda yaradılmış əlavə dəyərin xüsusi çəkisi 51,7 faiz təşkil etmişdir. 2011-ci ildə sənaye müəssisələrində 34,5 milyard manat dəyərində məhsul istehsal olunmuşdur. Sənaye məhsulunun 81,5 faizi fərdi sektorda istehsal edilmişdir.

Ötən il ərzində kənd təsərrüfatı sahəsində ümumi məhsulun istehsalı 5,8 faiz artmışdır.

2011-ci ildə investisiya yatırımının rekord göstəricisi əldə olunmuşdur. Bütün maliyyə mənbələrindən 12,8 milyard manat (20 milyard ABŞ dolları) məbləğində investisiyadan istifadə edilmişdir.

Ötən il nəqliyyatda yük daşınması, həmçinin sərnişin daşınması üzrə göstəricilər artmış, informasiya və rabitə müəssisələri tərəfindən göstərilən xidmətlərin həcmi də xeyli çoxalmışdır. Xarici ticarət dövriyyəsi 36,3 milyard ABŞ dolları təşkil etmişdir.

Yuxarıda qeyd olunan göstəricilər iqtisadi artımın quruluşunun dəyişməsini, ölkə iqtisadiyyatının neft sektorundan asılılığını zəifləməsini, qeyri-neft sahəsinin rolunun və regionların iqtisadi potensialının artmasını, müxtəlif sahələrin dinamik inkişafını nümayiş etdirir.

Sahibkarlığın inkişafı 2011-ci ildə iqtisadi siyasətin prioritet istiqamətlərindən biri idi. Dövlət tərəfindən sahibkarlığın dəstəklənməsi belə fəaliyyətin genişləndirilməsi, iş adamlarının hüquqlarının müdafiəsi və onların işində əsassız maneələrin aradan götürülməsi üzrə işlər davam etdirilmişdir. Sahibkarlığa Dəstək Milli Fondu tərəfindən 1643 iş adamına güzəştli şərtlərlə 138 milyon manat həcmində kreditlər ayrılmışdır.

2011-ci ildə dövlət büdcəsinin gəlirləri 15,7 milyard manat təşkil etmişdir.

Azərbaycanda həmçinin istehlak bazası uğurla inkişaf edir. Əhaliyə 21,8 milyard manatlıq istehlak malları satılmış və pullu xidmətlər göstərilmişdir. Ölkənin hər bir sakini ticarət şəbəkəsində 2010-cu illə müqayisədə 200,5 manat dəyərində istehlak malları almış və xidmətlər əldə etmişdir.

Ötən il ərzində inflyasiya göstəricisi birrəqəmli səviyyədə saxlanılmışdır.

Əhalinin gəlirləri 30,6 milyard manat təşkil etməklə artmışdır. Yoxsulluq səviyyəsi 7,6 faizə qədər azalmışdır.

Ölkənin iqtisadi və sosial sahələrində muzdla işləyənlərin orta aylıq əməkhaqqı 2011-ci ilin yekunlarına görə 363,1 manati təşkil etmişdir. Büdcədən maliyyələşdirilən təhsil, səhiyyə, elm, idman və bəzi digər sahələrin işçilərinin maaşları orta hesabla 10 faiz artırılmışdır.

Əvvəlki illərdə olduğu kimi, ölkədə 2011-ci ildə də məşğulluq siyasətinin həyata keçirilməsi davam etdirilirdi. İşsizlik səviyyəsi 5,4 faizə endirilmişdir. Ötən ildə məqsədyönlü dövlət proqramlarının həyata keçirilməsi nəticəsi olaraq 92 min yeni iş yeri yaradılmış, onların da 73 mini daimidir.

Azərbaycanda 2011-ci ildə əldə olunmuş nailiyyətlər nüfuzlu beynəlxalq təşkilatlar tərəfindən yüksək qiymətləndirilir. Belə ki, "Rəqabət Qabiliyyətliyi Qlobal İndeksi"n hesablamalarına əsasən, Azərbaycan dünyanın 142 dövləti arasında 55-ci, MDB ölkələri arasında isə 1-ci yerə layiq görülmüşdür.

Dünya maliyyə-iqtisadi böhranından sonrakı dayanıqlı və dinamik inkişaf nəzərə alınaraq Azərbaycan 2012-ci ilin fevral ayında ilk dəfə "Böyük iyirmilik" ölkələrin xarici işlər nazirlərinin sammitinə dəvət almışdır.

Cəmiyyətin siyasi sisteminin tərkib hissəsi olan həmkarlar ittifaqları işçilərin xeyrinə keçirilən mütərəqqi dəyişikliklər üçün xüsusi məsuliyyət daşıyır və baş verən proseslərdən kənarda dura bilməz.

AHİK daim ölkənin sosial-iqtisadi inkişafına dair təhlillər aparır, məşğulluq və əməkhaqqı, makroiqtisadi göstəricilər üzrə informasiyanı toplayır, müvafiq təkliflər hazırlayır. AHİK-in fəaliyyətinin müasir mərhələsində əsas istiqamətləri layiqli əmək üzrə mübarizə, əmək bazarının optimallaşdırılmasına diqqətin artırılması, onun genişləndirilməsi üzrə işəgötürənlərlə birgə işin aparılması, iqtisadiyyatın müxtəlif sahələrində əməkhaqlarının artırılmasını təşkil edir.

Hörmətli həmkarlar!

Çıxışımın sonunda diqqətinizi bir məsələyə cəlb etmək istəyirəm. Respublika həmkarlar ittifaqları təşkilatlarından verilən hesabatlar əsasında ÜHİK hər il bizim ölkələrimizdə sosial-iqtisadi inkişafa dair təhlili arayış hazırlayır ki, bu da öz növbəsində üzv təşkilatlar arasında informasiya mübadiləsinin bir növüdür.

Ölkənin sosial-iqtisadi inkişafı proseslərində həmkarlar ittifaqlarının rolunu artırmaq və fəaliyyətini genişləndirmək məqsədi ilə, fikrimcə, bütün üzv təşkilatları qane edə biləcək bu istiqamətdə həmkarlar ittifaqlarının təfsilatlı nümunəvi fəaliyyət planının işlənilməsi də faydalı olardı.

Diqqətinizə görə təşəkkür edirəm.

FAYDALI KEÇİDLƏR