AZ | RU | EN

AHİK nümayəndə heyəti Yunanıstanda səfərdə olmuşdur

21 Nov 2014

 

Səfər müddətində bir sıra əhəmiyyətli görüslər keçirilmiş, qarşılıqlı fikir mübadilələri aparılmışdır. AHİK sədri öncə Yunanıstan Əmək Konfederasiyasının sədri ilə təşkilatın baş qərargahında görüşmüşdür.  

Görüşdə YƏK-in sədri Yiannis Panagopulus nümayəndə heyətini ölkədəki sosial-iqtisadi vəziyyətlə tanış etmişdir. Yunanıstanın son illərdə düçar oldugu iqtisadi böhrandan danışmışdır. O, qeyd etmişdir ki, iqtisadi böhran nəticəsində ölkə iqtisadiyyatına böyük ziyan dəyib, minlərlə iş yeri bağlanıb, işsizlik və yoxsulluq səviyyəsi artıb. Əməkhaqlarının vaxtında verilməməsi, kütləvi ixtisarlar ölkədə sosial vəziyyətin ağırlaşmasına səbəb olub.

O, qeyd edib ki, son dövlər həmkarlar ittifaqı təşkilatlarının işi çətinləşib. Üzvlük haqlarının yığılmasında problemlər yaranıb. İş yerlərinin ləğvi ilə əlaqədar kollektiv müqavilələrin bağlanması mümkün olmur.

Təşkilatın sədri Azərbaycan nümayəndə heyətinin səfərini yüksək qiymətləndirib. AHİK sədri S.Mehbalıyevi Beynəlxalq Həmkarlar İttifaqları Konfederasiyasının vitse-prezidenti seçilməsi münasibətilə bir daha təbrik edib. Deyib ki, Azərbaycan həmkarlar ittifaqının ölkə daxilində və beynəlxalq miqyasda nail olduğu nüfuz barədə məlumatı var.

21.11.2014.1Sizin təşkilatın fəaliyyəti əksər ölkələrin həmkarlar ittifaqı üçün nümunə ola bilər.  

S.Mehbalıyev YƏK-in sədrinə dəvətə və yüksək qonaqpərvərliyə görə təşəkkürünü bildirib. Azərbaycan həmkarlar ittifaqlarının tarixi, bu günü və gələcək fəaliyyətinin perspektivləri haqqında geniş məlumat verib. O, Azərbaycanda həmkarlar ittifaqı hərəkatının bir əsrdən çox tarixi olduğunu söyləyib. Deyib ki, dünya həmkarlar ittifaqı hərəkatı tarixində ilk kollektiv müqavilə Bakıda imzalanıb. Həmin müqavilə indinin özündə belə bir çox ölkələrin həmkarlar ittifaqı üçün nümunə sayıla bilər.

AHİK sədri həmçinin son dövrlərdə ölkədə işçilərin əmək hüquqlarının qorunması istiqamətində görülən işlərdən, bununla bağlı qanunlara edilən əlavə və dəyişikliklərdən danışıb.
AHİK-in, üzv təşkilatların tərəfdaşlarla apardığı uğurlu sosial dialoqun həm ölkə iqtisadiyyatına, həm də əhalinin rifah halına gətirdiyi faydadan söz açıb.

Noyabr ayının 19-da Yunanıstanın əmək naziri cənab İoannis Vroutsis AHİK nümayəndə heyətini qəbul etdi. Nazir ölkəsinə çox sayda həmkarlar ittifaqı mərkəzlərinin nümayəndələrinin gəldiyini söylədi və bildirdi ki, ilk dəfədir o, xarici ölkələrin həmkarlar ittifaqları milli mərkəzinin nümayəndə heyətini nazirlikdə qəbul edir. O, bunu ölkələrimiz arasında son dövrlər yaranmış dostluq əlaqələri ilə bağladı. Nazir ötən əsrin 90-cı illərinin əvvəllərində Azərbaycana səfərini məmnunluqla xatırladı və qeyd etdi ki, son zamanlar Azərbaycanın inkişafı onu sevindirir. Nazir qeyd etdi ki, 2 ay öncə Yunanıstanın baş naziri Antonis Samarasın Azərbaycana səfəri zamanı çəkilən şəkillərə baxdıqda bu inkişafın bir daha şahidi olduq. Yunanıstanın baş nazirinin Azərbaycanda olarkən dediyi sözləri də yada saldı: "O vaxt A.Samaras demişdi ki, son illər ərzində Yunanıstan və Azərbaycan bir-birinə yaxın ölkələr olmuşlar. Enerji vasitəsilə biz ümumi marağı kəşf etdik və hələ də başlanğıcda olan və uzun inkişaf yolu qət edəcək münasibətləri qurmağa başladıq. Lakin ikitərəfli əlaqələrimizin perspektivlərini təkcə enerji müəyyən etmir. Kommersiya, turizm, daşınmaz əmlak, özəlləşdirmə layihələri aramızda, yəni Cənubi Qafqazda aparıcı ölkə ilə Avropa və Asiya arasında körpü olan, Avropa İttifaqına üzv ölkə arasında çoxşaxəli əməkdaşlıq yarada bilər. Bir çox vacib kommersiya marşrutları sizin ölkədən keçərək Yunanıstana gəlir və bir çoxları da gələcəkdə Yunanıstandan keçə bilər".
Baş nazir əminliyini bildirmişdi ki, bu reallıq ölkələrimizin perspektivlərini müəyyən edir. Qarşılıqlı iqtisadi maraqlarımızdan savayı, Yunanıstanı və Azərbaycanı birləşdirən mədəni aspektlər də vardır. Beləliklə, enerji sahəsində yaxşı təşkil olunmuş əməkdaşlıqdan başqa bütün sahələrdə - siyasi, iqtisadi və mədəni sahələrdə əlaqələrimizi dərinləşdirmək üçün böyük potensial mövcuddur.

Əmək naziri sözünü nikbin notlarla yekunlaşdırdı. O, ölkədəki böhranın artıq nizamlandığını, iqtisadiyyatın bir çox sahələrinin tənəzzülünün qarşısının alındığını bildirdi. Hazırkı hakimiyyətin qısa bir dövrdə ölkədə tərəqqinin əldə olunmasını təmin edəcəyinə inandığını söylədi.
Cənab İoannis Vroutsis Azərbaycanla Yunanıstan əlaqələrindən məmnun olduğunu bir daha diqqətə çatdırdı. Əmin olduğunu bildirdi ki, həmkarlar ittifaqları arasında yaranan dostluq bütünlükdə Azərbaycan-Yunanıstan münasibətlərinin inkişafına xidmət edir.

Azərbaycan nümayəndə heyətinin rəhbəri, millət vəkili S.Mehbalıyev baş nazirə qəbul üçün təşəkkür etdi, ona Azərbaycanda sosial, əmək münasibətləri haqqında geniş məlumat verdi.
Səfər müddətində növbəti əhəmiyyətli görüş Yunanıstanın Ətraf Mühit və İqlim Dəyişiklikliyi nazirinin müavini cənab Asimakis Papageorgiou ilə oldu. Nazir müavini dəfələrlə Azərbaycanda olduğunu, Yunanıstanla Azərbaycan arasında imzalanan rəsmi sənədlərin hazırlanması ilə bağlı keçirdiyi görüşləri xatırladı. Ölkələrimiz arasında yaranmış dostluq əlaqələrindən məmnun olduğunu bildirdi. O, Dövlət Neft Şirkətinin Yunanıstana sərmayə qoymaq qərarını alqışladı. Nazir müavini Azərbaycanın Yunanıstan üçün dost ölkə olduğunu bildirdi və qeyd etdi ki, biz istəyirik Yunanıstan Azərbaycanın Avropaya giriş qapısı olsun.

AHİK sədri, millət vəkili S.Mehbalıyev dövlətlər arasında imzalanan sənədlərin hər iki ölkənin xalqları uçün əhəmiyyətli olacağını bildirdi.

Qeyd edək ki, AHİK sədri keçirdiyi bütün görüşlərdə Azərbaycanın üzləşdiyi erməni təcavüzü barədə geniş məlumat verdi. Ermənistan tərəfindən işğal olunmuş torpaqlarımızın beynəlxalq hüquq normalarına uyğun olaraq qeyd-şərtsiz azad olunmasının zəruri olduğunu diqqətə çatdırdı.
S.Mehbalıyev söylədi ki, erməni iqtidarı Qarabağ probleminin sülh yolu ilə həllinə bir-birinin ardınca törətdikləri təxribatlarla mane olur. Ölkəmiz, xalqımız haqqında həqiqətə uyğun olmayan yalan məlumatlar yayırlar. S.Mehbalıyev belə təxribatlardan biri kimi son hadisəni, Ermənistan ordusunun helikopterinin mövqelərimizə hücumunu göstərdi. Dedi ki, erməni təbliğatı qarşısı alınmış hücuma görə üzr istəmək əvəzinə, ordumuzu qınaq obyektinə çevirməyə cəhd göstərir. AHİK sədri Yunanıstanı, o cümlədən dünya dövlətlərini haqqın, ədalətin yanında olmağa səslədi. 


FAYDALI KEÇİDLƏR