AZ | RU | EN

AHİK-in Milli həmkarlar İttifaqları Mərkəzləri ilə əməkdaşlığı

07 Apr 2004

Azərbaycanın ikinci dəfə öz müstəqilliyini əldə etməsindən sonra ölkədə demokratik proseslərin güclənməsindən istifadə edərək AHİK ölkə zəhmətkeşlərini hüquqlarının qorunması istiqamətində beynəlxalq həmrəyliyə nail olmaq üçün beynəlxalq həmkarlar təşkilatları ilə, eləcə də milli həmkarlar mərkəzləri ilə əlaqələrini gücləndirməyə başladı. Məhz dünya iqtisadiyyatının qloballaşması, əmək münasibətlərinin dəyişilməsi şəraitində əməkçilərin hüquq və mənafelərinin pozulması onların beynəlxalq həmkarlar təşkilatlarında birləşməlrini labüd etdi.

Artıq qürurla demək olar ki, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası dünyanın müxtəlif ölkələrinin milli həmkarlar mərkəzləri ilə sıx dostluq əlaqələri yaratmışdır. Bu ölkələr siyahısında Braziliya, Portuqaliya, Polşa, Belçika, Yaponiya, İspaniya, Makedoniya, Kosova, İsrail, Misir, Bolqarıstan və başqalarının adlarını çəkmək olar. Xüsusilə son illərdə AHİK-in nümayəndə heyəti adları sadalanan ölkələrdə olmuş və bu ölkələrin həmkarlar mərkəzlərinin nümayəndə heyətlərini qəbul etmişlər.

Bununla yanaşı bir sıra həmkarlar mərkəzləri var ki, AHİK bu təşkilatlarla əməkdaşlıq əlaqələrini daha da artıraraq birgə müqavilə imzalamışdır. Bu təşkilatlar sırasına Türkiyənin «Türk-İş», «Haqq-İş» həmkarlar ittifaqları konfederasiyalarını, Çinin, Rusiyanın, Ukraynanın, Özbəkistanın həmkarlar ittifaqları federasiyasını, Gürcüstanın həmkarlar ittifaqları Birliyini daxil etmək olar. Bağlanmış müqavilə şərtlərinə uyğun olaraq tərəflər arasında əməkçilərin sosial və iqtisadi mənafelərinin müdafiəsi işində bir-birinin təcrübəsindən geniş istifadə edərək həmkarlar ittifaqları kadrlarının hazırlanması işində yardımçı olmaq, həmkarlar ittifaqı fəalları üçün birgə seminarlar keçirmək nəzərdə tutulmuşdur.

AHİK-in beynəlxalq əlaqəlrinin güclənməsini, dünya həmkarlar hərəkatına inteqrasiyasını nəzərə alaraq 2000-ci ilin noyabr ayında AHİK dünyanın ən böyük beynəlxalq həmkarlar təşkilatı olan, özündə 152 ölkədən 233 milli həmkarlar mərkəzlərini birləşdirən, ümumilikdə 151 milyondan artıq üzvü olan Beynəlxalq Azad Həmkarlar İttifaqları Konfederasiyası tərəfindən tam hüquqlu üzvlüyə qəbul edildi. Artıq AHİK beynəlxalq həmkarlar ailəsinin bir üzvü olaraq bütün regional və beynəlxalq tədbirlərə dəvət olunur və bu təşkilata da digər ölkələrin milli mərkəzlərinə olduğu kimi hörmət göstərilir.

AHİK-in beynəlxalq əlaqələr şöbəsi təşkilatın əlaqəlrinin genişləndirilməsi istiqamətində mütəmadi olaraq fəaliyyətini davam etdirir. Artıq yaxın aylarda Pakistan, İngiltərə, Tunis, Mərakeş, Əlcəzair, Yəmən, Macarıstan və Efiopiyanın milli həmkarlar mərkəzləri ilə əməkdaşlıq istiqamətində danışıqlar aparılacaqdır.

FAYDALI KEÇİDLƏR