AZ | RU | EN

AHİK-in İcraiyyə Komitəsinin iclası keçirilmişdir

23 Apr 2013

İlkin olaraq həmkarlar ittifaqı təşkilatlarının 2012-ci il üzrə statistik hesabatı dinlənilmişdir. Hesabatda bildirilmişdir ki, ötən il qeyri-dövlət sektorunda 78 həmkarlar ittifaqı təşkilatı yaradılmışdır. Nəticədə özəl sektorda Hİ üzvlərinin sayı 6,6 faiz artmışdır. Həmkarlar ittifaqına daxil olmuş ərizə və şikayətlərin 98,6 faizi müsbət həll edilmişdir.

İcraiyyə Komitəsi AHİK-in IV qurultayının qərarlarının həmkarlar ittifaqı üzvlərinə çatdırılması məsələsinə də baxmışdır. Qeyd olunmuşdur ki, sonuncu ali məclis 2013-2018-ci illər üçün konfederasiyanın fəaliyyətinin əsas istiqamətlərini müəyyənləşdirmişdir. İstiqamətlərdə göstərilmişdir ki, AHİK və üzv təşkilatları hökumət strukturları işəgötürənlərlə əməkdaşlıq və sosial partnyorluq prinsipləri əsasında əməkçilərin mənafelərinin müdafiəsində, ümumi əmək bazarının formalaşmasında səylərini daha da artırmalı, qanunvericilik yaradıcılığında iştirak etməlidir. Sosialyönümlü beynəlxalq sənədlərin əsas müddəalarının milli qanunvericiliyə daxil edilməsinə nail olmalıdır.

23.04.13.1 23.04.13

IV qurultay nümayəndələrinin Azərbaycan Prezidenti cənab İlham Əliyevə ünvanladığı müraciətdə ölkə başçısının son illər həyata keçirdiyi radikal islahatlar, əhalinin rifah halının yaxşılaşdırılması sahəsində gördüyü tədbirlər geniş əksini tapıb. Nümayəndələr yekdilliklə dövlət başçısının növbəti prezident seçkilərində öz namizədliyinin tərəfimizdən irəli sürülməsinə razılıq verməsini xahiş etmişdir.

İcraiyyə Komitəsi qərarların icrasının təmin edilməsi məqsədi ilə konfederasiyanın, üzv təşkilatların məsul işçilərinin bölgələrə ezamiyyətə göndərilmələri, onların həmkarlar ittifaqı kadrları və fəalları ilə görüşlər keçirmələri, geniş izahat işləri aparmaları barədə qərar qəbul etmidir.

AHİK-in IV qurultayına hesabat məruzəsində və çıxışlarda səslənən iradlar, tənqidi qeydlər və təkliflərin həyata keçirilməsi üçün tədbirlər planı təsdiq olunmuşdur.

Digər bir qərar isə ümummilli lider, görkəmli ictimai-siyasi və dövlət xadimi Heydər Əliyevin anadan olmasının 90 illiyi ilə əlaqədar "Heydər Əliyev və həmkarlar ittifaqları" Yaradıcılıq Dekadasının keçirilməsi haqqında olmuşdur.

İclasda həmçinin "Sağlam və təhlükəsiz əmək şəraitinin yaradılması üzrə ilin ən yaxşı müəssisəsi (təşkilatı) devizi ilə keçirilən Respublika müsabiqəsinin 2012-ci il üzrə yekunları haqqında" məsələ müzakirə olunmuş və müvafiq qərar qəbul edilmişdir.

FAYDALI KEÇİDLƏR