AZ | RU | EN

AHİK-in İcraiyyə Komitəsinin iclası keçirilmişdir

23 Dec 2011

İclasda IV Məclisin çağırılması və "Əməkçilərin mənzil hüquqlarının qorunması, ölkədə evsizliyin qarşısının alınması işində Azərbaycan həmkarlar ittifaqlarının iştirakı barədə" qərarın yerinə yetirilməsi haqqında məlumat" məsələləri müzakirə olunmuşdur.

Tədbiri açan AHİK sədri, millət vəkili Səttar Mehbalıyev gündəlikdəki məsələlərin müzakirəsinə keçməzdən öncə sözünə birbaşa Fransa parlamentinin aşağı palatasının erməni “soyqırımı”nı inkara görə cinayət məsuliyyətini nəzərdə tutan qərarına etirazla başladı. Sədr vurğuladı ki, bu, ən azı fransız xalqının söz, fikir, sərbəst düşünmək azadlığına zərbədir. Fransız xalqını bir qrup siyasət adamı özlərinin şəxsi karyerasının, iddialarının əsirinə çevirmişdir. Əlbəttə, Türkiyənin, türk xalqlarının tarixi şəffaf və şərəflidir. Görünür, Sarkozi və onun tərəfdaşları iqtisadi, siyasi imkanlarını düzgün qiymətləndirə bilmədilər. İnanıram ki, bu ədalətsiz siyasi qarşıdurmada uduzan elə məkirli oyunu başlamış tərəfin özü olacaq.

S.Mehbalıyev bütün Azərbaycan xalqı kimi, 1 milyon 600 min nəfər üzvü olan Həmkarlar İttifaqlarının da bu qərardan hiddətləndiyini bildirdi.

İcraiyyə Komitəsi məsələ ilə əlaqədar Fransa Respublikasının parlamentinə və nüfuzlu həmkarlar ittifaqları birliklərinə müraciət qəbul etdi.

Sonra Konfederasiya sədri 2012-ci ildə həmkarlar ittifaqı təşkilatlarında keçiriləcək hesabat-seçki kampaniyası barədə də danışdı. Bildirdi ki, seçkilər demokratik və aşkarlıq şəraitində keçirilməlidir. Hesabat-seçki yığıncaqlarında sahə Hİ respublika komitələrinin sədrlərinin, məsullarının, işəgötürənlərin iştirakı vacibdir. Bu kampaniyadan kənar qüvvələr öz xeyirlərinə istifadə etməyə çalışacaqlar. Belə halların qarşısı alınmalıdır. Həmin qüvvələr bilməlidirlər ki, komitə üzvlərini nə biz seçirik, nə məmurlar, nə də sahibkarlar. Onları seçən kollektivdir. Kollektivə isə öz seçimində mane olmaq olmaz.

S. Mehbalıyev kollektiv müqavilələrin bağlanması ilə bağlı fikirlərini də iclas iştirakçılarına çatdırdı. Dedi ki, qarşı tərəf təşkilatlarımızın hazırladıqları müqavilə layihələrinə etdikləri düzəlişləri əsaslandırmalıdır. Əks halda onlarla razılaşmaq olmaz. O, Baş Kollektiv Sazişin hazırlanması prosesindən də söhbət açdı.

 Gündəlikdə duran ikinci məsələ barədə AHİK-in şöbə müdiri Namiq Hüseynov çıxış etdi. Konfederasiya sədri iclasda yekun sözü söylədi. Çıxışının sonunda tədbir iştirakçılarını, həmkarlar ittifaqının çoxsaylı üzlərini və bütün Azərbaycan xalqını qarşıdan gələn Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə təbrik etdi.

 

23.12.11.1 23.12.11.2

 

FAYDALI KEÇİDLƏR