AZ | RU | EN

AHİK sədri Səttar Mehbalıyev Göygöl rayonunun ictimaiyyət nümayəndələri ilə görüşüb

11 Feb 2016

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri, Milli Məclisin deputatı Səttar Mehbalıyev fevralın 11-də Göygöl şəhərində rayon ictimaiyyətinin nümayəndələri ilə görüşüb. 

Əvvəlcə ümummilli lider Heydər Əliyevin Göygöl şəhərinin mərkəzində ucaldılmış abidəsi önünə gül dəstələri düzülüb, xatirəsi ehtiramla yad edilib.
Yerli icra hakimiyyəti orqanlarının, bələdiyyələrin, iş adamları və sahibkarların iştirak etdikləri görüşdə çıxış edən Göygöl Rayon İcra Hakimiyyətinin başçısı Arif Seyidov Prezident İlham Əliyevin tapşırığına əsasən bölgələrdə keçirilən görüşlərin məqsədinin mövcud problemləri öyrənmək və onların həlli yollarını müzakirə etməkdən ibarət olduğunu bildirib.
Rayonun iqtisadi-sosial sahədə əldə etdiyi göstəricilərdən danışan Arif Seyidov məlumat verib ki, regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramlarında rayon üzrə nəzərdə tutulan tədbirlərin icrasının nəticəsi olaraq son 12 ildə 228 xidmət, istehsal və emal obyekti istifadəyə verilib. Məhsul istehsalında yüksək artım qeydə alınıb, yeni iş yerləri açılıb. Ötən il istehsal edilən sənaye və kənd təsərrüfatı məhsullarının 99,3 faizi qeyri-dövlət sektorunun payına düşüb. Ümumilikdə isə məhsul istehsalında əvvəlki illə müqayisədə 11,3 faiz artım qeydə alınıb. Əkin sahələrinin suvarma suyu ilə təminatını yaxşılaşdırmaq məqsədilə son vaxtlarda 48 ədəd subartezian quyusu qazılıb.
Qeyd olunub ki, ölkəmizdə yaradılan əlverişli biznes mühitinin nəticəsi olaraq ötən il rayonda sahibkarların sayı 1860-a çatıb. İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondunun xətti ilə 115 sahibkara güzəştli şərtlərlə kreditlər verilib. Rayonun ən iri müəssisəsi olan Aqrar Sənaye Kombinatının bazasında “Göygöl şərab zavodu” ASC yaradılıb. Zavodda 605-i daimi olmaqla, 700 yeni iş yeri açılıb.
Görüşdə çıxış edən AHİK-in sədri, Milli Məclisin deputatı Səttar Mehbalıyev bildirib ki, Prezident İlham Əliyev iqtisadi və sosial məsələlərin həlli, o cümlədən ölkənin davamlı inkişafının təmin olunması məqsədilə hökumət üzvləri qarşısında bir sıra həlli vacib vəzifələr qoyub. Bu vəzifələrə rəqabətqabiliyyətli və dayanıqlı iqtisadiyyatın təşkili, qeyri-neft sektorunun inkişafı, sahibkarlığın dəstəklənməsi, əlverişli biznes mühiti yaradılması və digər məsələlər daxildir.
Səttar Mehbalıyev deyib: “Məhz qeyri-neft sektorunun inkişafına dəstək rəqbətqabiliyyətli məhsul istehsalına şərait yaradacaq, yaxın gələcəkdə ölkəyə daha çox valyuta axınını təmin edəcək. Bu hədəflərə nail olmaq üçün idxal-ixrac əməliyyatlarının tam şəffaflaşdırılması, gömrük rəsmiləşdirmələrinin sadələşdirilməsi, qanunvericiliyin müasir dövrün tələblərinə uyğunlaşdırılması istiqamətində mühüm addımlar atılır, əsaslı islahatlar həyata keçirilir. Bu tədbirlər bütün dövlət orqanlarının daha səmərəli və çevik fəaliyyət göstərməsinə imkan yaradacaq.
İctimai nəzarət mexanizmlərinin tətbiq edilməsinin əhəmiyyətini vurğulayan Səttar Mehbalıyev bildirib ki, yerli icra hakimiyyəti orqanları sahibkarlığın inkişafı üçün təkliflər hazırlamalı, iş adamlarına güzəştli kreditlərin verilməsi davam etdirilməli, regionlara qoyulacaq sərmayələrin həcmi artırılmalıdır.
“Əksər rayonlar dövlət büdcəsindən dotasiya alırlar. Halbuki rayonlarımızın təbii ehtiyatları, yaradılan müasir infrastruktur imkan verir ki, onlar özlərini daxili imkanlar hesabına maliyyələşdirsinlər” - deyə Milli Məclisin deputatı qeyd edib.
Bölgədə və dünyada cərəyan edən iqtisadi-siyasi prosesləri şərh edən S.Mehbalıyev diqqətə çatdırıb ki, son illərdə hökm sürən qlobal böhranın təsiri Azərbaycandan da yan keçməyib.
Bununla belə, Prezident İlham Əliyevin həyata keçirdiyi müdrik siyasət, ardıcıl və məqsədyönlü tədbirlər nəticəsində bu mənfi təsirləri minimuma endirmək mümkün olub. Azərbaycanın əsas ixrac məhsulu olan neftin qiymətinin kəskin şəkildə ucuzlaşmasına baxmayaraq maaşlar, pensiya və müavinətlər artırılıb. Eləcə də sosial layihələr üçün nəzərdə tutulan vəsaitlərin həcmində azalma müşahidə olunmayıb.
Səttar Mehbalıyev əmin olduğunu bildirib ki, Prezident İlham Əliyevin qarşıya qoyduğu vəzifələrin, verdiyi tapşırıqların icrası yaranmış çətinlikləri aradan qaldırmağa, sosial-iqtisadi inkişafın dayanıqlığını təmin etməyə imkan verəcək.
Görüşdə çıxış edən Milli Məclisin deputatı Rövşən Rzayev ölkəmizdə qeyri-neft sektoru və sahibkarlığın inkişafı məqsədilə qəbul olunan qanunlar və onların təkmilləşdirilməsi istiqamətində görülən tədbirlər barədə məlumat verib.
Daha sonra ictimaiyyət nümayəndələrinin təklif və müraciətləri dinlənilib. Sahibkarlar, fermerlər onların normal fəaliyyət göstərmələri üçün yaradılan şəraitə görə dövlətimizin başçısına minnətdarlıqlarını bildiriblər. Rayonda turizm, sənaye, kənd təsərrüfatı və xidmət sahələrinin daha da genişləndirilməsi üçün uzunmüddətli kreditlərin verilməsinə, həmçinin meliorasiya və su təsərrüfatı sahəsində mövcud problemlərin həllinə yönəlmiş təkliflər səsləndirilib.

FAYDALI KEÇİDLƏR