AZ | RU | EN

AHİK sədri, millət vəkili Səttar Mehbalıyev jurnalistləri təbrik etmişdir

21 Jul 2010

Təbrikdə deyilir ki, 135 illiyini qeyd etdiyimiz Azərbaycan milli mətbuatı böyük və şərəfli inkişaf yolu keçmiş, bütün dövrlərdə qabaqcıl ideyaların daşıyıcısı olmuşdur. Mətbuatımız mütərəqqi ənənələri formalaşdıraraq cəmiyyət qarşısında üzərinə götürdüyü missiyanı layiqincə yerinə yetirmişdir. Əsası 22 iyul 1875-ci ildə görkəmli maarifçi-publisist Həsən bəy Zərdabi tərəfindən “Əkinçi” qəzeti ilə qoyulmuş milli mətbuat daim ədalətliliyin carçısı olmuş, xalqın maariflənməsi, habelə milli və ümumbəşəri ideyaların təbliği işində yaxından iştirak etmişdir.

Təbrikdə daha sonra deyilir: Ölkəmiz müstəqillik əldə etdikdən sonra milli mətbuatın inkişafına xüsusi diqqət göstərilməyə başlanmış, ümummilli liderimiz Heydər Əliyevin siyasi iradəsi nəticəsində söz və mətbuat azadlığını məhdudlaşdıran süni maneələr aradan qaldırılmış, KİV-lərin fəaliyyətini tənzimləyən qanunvericilik bazası formalaşmışdır. Ölkə başçısı İlham Əliyevin Azərbaycan mətbuatının 135 illik yubileyinin geniş şəkildə qeyd olunması ilə bağlı 10 iyun 2010-cu il tarixdə imzaladığı sərəncamı da mətbuat sahəsində çalışan insanların fəaliyyətinə göstərilən dövlət qayğısının təzahürüdür.

AHİK sədri yubiley münasibətilə media nümayəndələrini bir daha təbrik etmiş, yaradıcılıq işlərində yeni-yeni uğurlar arzulamışdır.

FAYDALI KEÇİDLƏR