AZ | RU | EN

AHİK-in nümayəndə heyəti Cenevrədə Beynəlxalq Əmək Konfransının sessiyasında iştirak edir

12 Jun 2017

İsveçrənin Cenevrə şəhərində Beynəlxalq Əmək Təşkilatının (BƏT) üzv dövlətlərinin hökumət nümayəndələri və sosial tərəfdaşlarının iştirakı ilə Beynəlxalq Əmək Konfransının  106-cı sessiyası keçirilir. 

2017-ci il iyunun 5-dən 16-dək davam edəcək sessiyanın işində Azərbaycan Həmkarlar İttifaqlarının nümayəndə heyəti də iştirak edir. Sessiyanın iyunun12-də keçirilən iclasında  nümayəndə heyətinin rəhbəri, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri, Milli Məclisin üzvü, Beynəlxalq Həmkarlar İttifaqları Konfederasiyasının vitse-prezidenti Səttar Möhbalıyev “Əmək miqrasiyası” mövzusunda çıxış edib.

Çıxışının əvvəlində sessiya iştirakçılarını salamlayan və Konfransın işinə uğurlar arzulayan S. Möhbalıyev zamanın çağırışlarına cavab verən maraqlı məruzəyə görə BƏT-in Baş direktoru Qay Rayderə minnətdarlığını bildirib və deyib ki, məruzə bizi dünya quruculuğunda olan böhranları yeni təfəkkürlə dərk etməyə, o cümlədən əmək miqrasiyası problemləri, yaşıl iqtisadiyyat və digər dünyəvi problemlər barədə ciddi düşünməyə çağırır. Son zamanlar baş verən qlobal hadisələr siyasi və sosial-iqtisadi vəziyyəti kökündən dəyişib, məşğulluq problemi yaranıbdır. Əgər ötən əsrin sonuna yaxın əmək miqrasiyası axınının canlanması müşahidə edilirdisə, yaşadığımız XXI əsrdə bu proses daha da sürətlənibdir.

AHİK sədri təəssüf hissi ilə bildirib ki, hazırda miqrasiya mənfi qlobal proseslər - milliyyətçilik, ultramilliyyətçilik, populizm, iqtisadi mühafizəkarlıq, artan anti-miqrant düşüncə və siyasət fonunda baş verir. Yaranmış vəziyyət qarışıq, həm də təhlükəli hal alır. Bu isə miqrasiya siyasətinə beynəlxalq səviyyədə yeni və özünəməxsus yanaşma tələb edir. 

O, vurğulayıb ki,beynəlxalq arenada baş verən proseslər bizim ölkədən də yan keçmir. Azərbaycanda enerji-nəqliyyat sahəsində beynəlxalq və regional layihələrin həyata keçirilməsi, mövcud olan ictimai-siyasi və iqtisadi sabitlik, biznes sahəsində əlverişli şəraitin yaradılması və iqtisadi inkişaf miqrantların ölkəmizə axınına şərait yaradan əsas amillərdir. Eyni zamanda ölkəmizdəki tolerantlığın yüksək səviyyəsi miqrasiya proseslərinə təsir edən amil kimi qeyd edilməlidir. Ölkəmizdəki miqrantlar 104 ölkəni təmsil edir və bu günə qədər onlara qarşı münasibətdə milli, etnik və dini zəmində heç bir ayrı-seçkilik qeydə alınmayıb. Ötən əsrin 90-cı illərində ölkədə yaranmış vəziyyətlə əlaqədar Avropaya üz tutan vətəndaşlarımızın vətənə qayıdışı da böyük maraqla müşahidə olunmaqdadır.

Respublikamızda əmək miqrasiyası proseslərinin idarə olunmasının təmin edilməsi və miqrasiya sahəsində vahid qanunvericilik bazasının formalaşması məqsədilə Miqrasiya Məcəlləsi qəbul edilibdir. Ölkədə 58 beynəlxalq Konvensiya, o cümlədən BMT-nin "Bütün əməkçi miqrantların və onların ailə üzvlərinin hüquqlarının qorunması haqqında" və “Müstəqil Dövlətlər Birliyinin (MDB) iştirakçısı olan dövlətlərin əməkçi miqrantlarının və onların ailə üzvlərinin hüquqi statusu haqqında” sənədlər ratifikasiya edilibdir. Beynəlxalq Miqrant Günü isə hər il qeyd olunur. Azərbaycan “Əmək miqrasiyası və əməkçi miqrantların sosial müdafiəsi sahəsində əməkdaşlıq haqqında” MDB Sazişinə qoşularaq Rusiya Federasiyası, Ukrayna, Moldova, Belarus və Türkiyə hökumətləri ilə əməkdaşlıq sazişlərinə imza atıb. Əmək ehtiyatlarından səmərəli istifadə edilməsi məqsədilə ölkədə kvotalar tətbiq olunub. Əmək bazarında əcnəbilərin fəaliyyətinin dəqiq uçotunun elektronlaşdırılması işləri həyata keçirilir.

S.Möhbalıyev sessiya iştirakçılarına məlumat verərək bildirib ki, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası üzv olduğu beynəlxalq təşkilatların əmək miqrasiyası ilə bağlı siyasətini izləyir və bu istiqamətdə aparılan bütün işlərdə yaxından iştirak edir. AHİK-in təklifləri  ilə miqrasiya ilə bağlı müddəalar sosial əməkdaşlarla bağlanan üçtərəfli Baş Sazişə daxil edilərək icra olunur.

AHİK sədri vurğulayıb ki, respublika həmkarlar ittifaqlarının nümayəndələri əmək miqrasiyası ilə bağlı keçirilən beynəlxalq tədbirlərdə iştirak etməklə yanaşı, bir çox seminarlara ev sahibliyi də ediblər. Tədbirlər çərçivəsində biz, qaçqın və miqrant dalğası fonunda Avropada islamofobiya meyllərinin artmasına və İslam dininin zorakılıq və terrorçuluqla eyniləşdirilməsi cəhdlərinə öz narahatlığımızı ifadə etmişik. Gənclər və qadınların əmək miqrasiyası yolunda həmişə problemlərlə qarşılaşmaları bizi daha çox narahat edir. Bu qəbildən olan insanlar adi həyat tərzini dəyişməyə məcbur olur, yad dil, qanunlar və davranış qaydaları ilə qarşılaşır, onların qəbul və riayət edilməsində cətinliklər çəkirlər. Fikrimcə, məqsədlərinə çatmaq, nailiyyətlər qazanmaq üçün əməkçi miqrantların lazımi biliklər əldə etmələrinə yardımlar edilməlidir. İlk növbədə ölkəyə giriş və çıxışın razılıqlarının əldə edilməsi, əmək miqrantlarının miqrasiya etdikləri dövlətlərin qanunvericiliyi ilə öncədən tanış olmalarına şərait yaradılması daha məqsədəuyğun olardı.

Biz əmək miqrasiyasına olan tələbatın idarə olunmasının, geridönənlərin dayanıqlı reinteqrasiyası sahəsində beynəlxalq standartlara uyğun təkmilləşmələrinə tərəfdarıq. Hesab edirik ki, readmissiya olunmuş miqrantlara birbaşa yardımın göstərilməsi də əsas prioritetlər sırasına daxil edilməlidir. Peşə bacarıqlarının tanınması, səhiyyə və sosial xidmətlərdən yararlanma, hüquqi yardım və məsləhət, yaşayış yeri ilə təminat, yeni iş yerlərinin və sahibkarlıq müəssisələrinin yaradılması və sair fəaliyyətlərin təşkil edilməsinə diqqət artırılmalıdır.

Çıxışının sonunda S.Möhbalıyev bir daha bildirib ki, Azərbaycan Həmkarlar İttifaqları sosial tərəfdaşlarla əmək miqrasiyası siyasətinin inkişafı üçün BƏT və digər beynəlxalq təşkilatlarla əməkdaşlıq etməyə daim hazırdır.

Sessiya çərçivəsində AHİK sədrinin Rusiya, Yunanıstan, Gürcüstan, Türkiyə nümayəndə heyətləri ilə də görüşləri keçirilib.

Azərbaycan nümayəndə heyətinin tərkibinə Sahibkarlıq, Özəl Elm və Yüngül Sənaye İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri M. Salmanov, Metropoliten İşçiləri Həmkarlar İttifaqının sədri A. Mərdanov və AHİK-in beynəlxalq əlaqələr şöbəsinin müdirinin müavini F. Məmmədov daxildirlər.

FAYDALI KEÇİDLƏR