AZ | RU | EN

AHİK-in IV Məclisinin növbəti iclası keçirilib

21 Dec 2016

2016-cı il dekabrın 21-də Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının IV Məclisinin növbəti iclası keçirilib. İclası AHİK-in sədri, Beynəlxalq Həmkarlar İttifaqları Konfederasiyası (BHİK) vitse-prezidenti, Milli Məclisin deputatı Səttar Mehbalıyev açıb və gündəlikdə duran məsələlər barəsində Məclis iştirakçılarına məlumat verib.

İclasda S.Mehbalıyev «Həmkarlar ittifaqı üzvlərinin əmək, sosial-iqtisadi hüquq və mənafelərinin müdafiəsində Azərbaycan həmkarlar ittifaqlarının əməyin hüquq müfəttişlərinin rolu» mövzusunda məruzə ilə çıxış edib.
 
AHİK sədri öz məruzəsində qeyd edib ki,  həmkarlar ittifaqlarının başlıca vəzifəsi üzvlərinin əmək, sosial-iqtisadi hüquqlarını və mənafelərini qorumaqdır. Bu vəzifələrin uğurla yerinə yetirilməsi isə heç şübhəsiz yaşadığımız cəmiyyətin nə dərəcədə demokratik olmasından, insan haqlarına və azadlıqlarına göstərdiyi sayğıdan asılıdır. Burada ölkənin iqtisadi durumunun dayanıqlığının, aparılan islahatların səmərəliliyinin, müxtəlif sahələr üzrə qəbul olunan dövlət proqramlarının icrası səviyyəsinin də önəmli rolu vardır.

Müasir dünyada vətəndaş cəmiyyətinin formalaşması insan hüquq və azadlıqlarının etibarlı təminatları sisteminin yaradılmasını tələb edir. Hər bir dövlətdə insan hüquqlarının təminatına yönələn nə qədər çox müdafiə mexanizmi yaradılarsa, həmin cəmiyyətdə humanizm və ümumbəşəri dəyərlərə hörmət də bir o qədər yüksək olar. Məhz buna görə də Azərbaycan dövləti demokratik prinsiplərin möhkəmləndirilməsi, insan hüquq və azadlıqlarının təşviqi, vətəndaş cəmiyyəti institutlarının daha da inkişaf etdirilməsi, onların fəaliyyətinin stimullaşdırılması istiqamətində ardıcıl siyasət həyata keçirir.

Bu siyasətin reallaşması sahəsində fəaliyyəti «Həmkarlar ittifaqları haqqında» Qanunla tənzimlənən  AHİK-in də üzərinə mühüm vəzifələr düşür. Son 10 il ərzində Qanuna 38 dəyişikliyin edilməsi həmkarlar ittifaqlarının daha da gücləndirilməsinə, üzvlərimizin hüquqlarının qorunması mexanizminin təkmilləşdirilməsinə təkan verib, fəaliyyətimizdə pozitiv dəyişikliklərə yol açıb. Bütün bunların məntiqi davamı kimi, yeni prioritetlər nəzərə alınmaqla, hüquq-müdafiə sisteminin, qanunvericiliyin təkmilləşdirilməsi, əhalinin hüquqi maarifləndirilməsi, beynəlxalq təşkilatlarla əməkdaşlıq istiqamətində mühüm vəzifələr müəyyənləşdirilib.

Biz inamla deyə bilərik ki, bu gün AHİK cəmiyyətdə özünəməxsus yer tutur, apardığı uğurlu sosial siyasət sayəsində böyük nüfuz, beynəlxalq həmkarlar ittifaqı hərəkatındakı səmərəli fəaliyyətinə görə yüksək etimad qazanıb. AHİK Beynəlxalq Həmkarlar İttifaqları Konfederasiyasının və Pan Avropa Regional Şurasının tərkibində vitse-prezident səviyyəsində təmsil edilir. Hazırda dünyanın 40 milli həmkarlar ittifaqı mərkəzi ilə əlaqə saxlayır, 5 beynəlxalq təşkilatın işində iştirak edərək əməkdaşlıq əlaqələrini getdikcə möhkəmləndiririk. Beynəlxalq əlaqələrimizin yüksək səviyyədə qurulmasının əsas səbəbi tərəfdaşlarımızla eyni amala – işçilərin əmək hüquqlarının və sosial-iqtisadi mənafelərinin müdafiəsinə dönmədən xidmət etməyimizdir.

Ölkəmizdə əmək qanunvericiliyinin təkmilləşdirilməsində AHİK-in fəal iştirakı sosial-əmək münasibətlərinin tənzimlənməsinə müsbət təsir göstərir. Əməyin hüquq müfəttişləri də qanun layihələrinin işlənib hazırlanmasında iştirak edir, rəy və təklif verirlər.
AHİK sədri bildirib ki, Azərbaycan həmkarlar ittifaqlarının əməyin hüquq müfəttişlərinin səlahiyyətləri «Həmkarlar ittifaqları haqqında» qanuna, sahə həmkarlar ittifaqı respublika komitələrinin nizamnamələrinə və «Azərbaycan həmkarlar ittifaqlarında hüquq müfəttişliyi haqqında» Əsasnaməyə uyğun olaraq müəyyən edilib.

Əmək Məcəlləsinə və digər qanunvericilik aktlarına əsasən, respublikamızda əmək qanunvericiliyinə əməl edilməsinə və işçilərin əmək hüquqlarının qorunmasına dövlət nəzarətini Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti həyata keçirir. İşçilərin əmək hüquqlarının, sosial və iqtisadi mənafelərinin qorunmasına ictimai nəzarəti isə həmkarlar ittifaqları yerinə yetirir. Bu məqsədlə idarə, müəssisə və təşkilatlarda əmək qanunvericiliyinə əməl edilməsinin vəziyyəti ilə əlaqədar yoxlamalar keçirilir, həmkarlar ittifaqı fəalları ilə seminarlarda, dəyirmi masa ətrafında görüşlərdə fikir, təcrübə mübadiləsi aparılır, kütləvi informasiya vasitələrində çıxışlar edilir.

Təkcə son üç il ərzində əməyin hüquq müfəttişləri tərəfindən sahə həmkarlar ittifaqlarında ümumilikdə 551 monitorinq və araşdırma aparılıb. Nəticələr icra orqanlarının iclaslarında müzakirəyə çıxarılıb, müvafiq qərarlar qəbul edilibvə aidiyyəti təsərrüfat orqanlarına, işəgötürənlərə məlumat verilib.

Əmək müqavilələrinin qanunvericiliyə uyğun bağlanmasına və onlara xitam verilməsinə, işçilərin iş vaxtının uçotunun düzgün aparılmasına, işçilərin istirahət vaxtlarına, o cümlədən onların məzuniyyət hüquqlarının təmin olunmasına, habelə əlillərə, yaşı 18-dən az olan işçilərə, qadınlara verilən əlavə məzuniyyət günlərinin, imtiyazların qanunvericiliyə uyğunluğuna xüsusi diqqət yetirilib.

S.Mehbalıyev daha sonra deyib ki, Azərbaycan həmkarlar ittifaqlarının əsas fəaliyyət istiqamətlərindən biri işləyən əlillərin hüquqlarının qorunması sahəsində onlara yardımçı olmaqdır. Bu məsələ ilə əlaqədar bir faktı Məclis üzvlərinin nəzərinə çatdırmaq istəyirəm. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 10 may 1994-cü il 185 saylı «Azərbaycan Respublikasında əlillərin problemləri üzrə kompleks proqramın həyata keçirilməsi haqqında» qərarına əsasən əmək kollektivinin razılığı ilə III qrup  əlillərin əməkhaqqının (tarif dərəcəsinin) digər işçilərə nisbətən 10-15%, I və II qrup əlillərin əməkhaqqlarının isə 20-25% artırılması nəzərdə tutulub.

Son üç ildə AHİK-in hüquq şöbəsi tərəfindən 26 normativ–hüquqi aktın layihəsinə təkliflər verilib və həmin təkliflərin əksəriyyəti nəzərə alınıb. Müxtəlif dövlət orqanları, qeyri-hökumət təşkilatları tərəfindən göndərilmiş normativ–hüquqi aktların layihələrinin ekspertizasında iştirak etməklə bərabər, həm də mövcud qanunlara dəyişiklik olunması təklifi ilə də çıxış edilib. Məsələn, Əmək Məcəlləsinin 155-ci maddəsinin 1-ci hissəsinin və «Yaşayış minimumu haqqında» qanunun 1.0.8. maddəsinin BƏT-in 131 saylı «İnkişaf etməkdə olan ölkələri xüsusi nəzərə almaqla minimum əməkhaqqının müəyyən edilməsi haqqında» Konvensiyasının 3-cü maddəsinin tələblərinə uyğunlaşdırılması məqsədilə qeyd edilən maddələrə dəyişiklik edilməsi üçün müvafiq dövlət orqanları qarşısında məsələ  qaldırılıb.

BƏT-in Milli Məclisdə ratifikasiya edilmiş konvensiyalarında əksini tapmış əsas prinsip və hüquqlara əməl olunması AHIK-in daima diqqət mərkəzində saxladığı məsələlərdəndir. Həmin konvensiyalar həmkarlar ittifaqlarının əməli fəaliyyətində səmərəli tətbiq olunur. Həmçinin AHİK ölkəmizin BƏT-in 131, 168, 155,  184, 97 saylı konvensiyalarına qoşulması təkliflərini vermiş, bu sahədə məqsədyönlü işlər aparır.

10 ildən çoxdur ki, Baş Kollektiv Sazişdə sosial tərəfdaşlar BƏT-in müvafiq konvensiyalarına, o cümlədən “Məşğulluğa kömək və işsizlikdən müdafiə haqqında” 168, “İşəgötürən borcunu ödəyə bilmədiyi hallarda işçilərin tələblərinin müdafiəsi haqqında” 173, “Əmək təhlükəsizliyinin və gigiyenasının təmin edilməsi əsasları haqqında” 187, “ Kişi və qadın işçilər üçün bərabər münasibət və bərabər imkanlar: ailə vəzifələri olan işçilər haqqında” 156, “Analığın mühafizəsi haqqında” (yenidən baxılmış) 2000-ci il tarixli 183, “Kənd təsərrüfatında əməyin təhlükəsizliyi və gigiyenası haqqında” 184, “Sosial təminat minimum normalar haqqında” 102, “Əlillik, yaşlılıq və ailə başçısının ölümü ilə əlaqədar müavinətlər haqqında” 128, “Əməyin təhlükəsizliyi və gigiyenası haqqında” 155 saylı konvensiyalara qoşulmaq üçün tədbirlər görülməsini nəzərdə tuturlar. Həmin konvensiyalardan 156 və 183 saylı konvensiyalar nəhayət ratifikasiya edilibdir.

AHİK sədri məlumat verib ki, Əmək Məcəlləsinin 36-cı maddəsinə müvafiq olaraq mövcud beynəlxalq və milli qanunvericiliyə əsaslanaraq əhalinin sosial müdafiəsinin gücləndirilməsi, sosial-əmək münasibətlərinin tənzimlənməsinin əsas prinsipləri üzrə razılaşdırılmış sosial-iqtisadi siyasətin həyata keçirilməsi məqsədilə Nazirlər Kabineti, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası və Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası arasında hər iki ildən bir Baş Kollektiv Saziş bağlanır. Bu saziş bağlanarkən hüquq müfəttişləri tərəfindən işçilərin sosial əmək münasibətləri ilə bağlı bir sıra təkliflər, o cümlədən əməyin ödənilməsi, əhalinin gəlirləri və həyat səviyyəsi, əmək bazarının inkişafı və əhalinin məşğulluğunun təminatı, sosial müdafiəsinin gücləndirilməsi istiqamətləri, əmək hüquqlarının müdafiəsi, əməyin mühafizəsi, texniki və ekoloci təhlükəsizliklə bağlı təkliflər verilir və bu təkliflərin böyük əksəriyyəti Baş Sazişdə öz əksini tapır.

Baş Kollektiv Sazişdə sosial əmək münasibətlərinin sosial tərəfdaşlıq prinsipləri əsasında kollektiv saziş və müqavilələrlə tənzimlənməsi müəyyənləşdirilmişdir. Həmin sənəddə işçilərin əmək hüquqlarını davamlı qorumaq məqsədilə əsassız olaraq müddətli müqavilələrin bağlanmasına yol verməmək prioritet məqsədlərdən biri kimi nəzərdə tutulur.

Əməyin hüquq müfəttişləri Baş Kollektiv Sazişin, qüvvədə olan əmək və sosial qanunvericiliyin təbliğatını aparmağı, üzvlərini bu sahədə maarifləndirmək məqsədilə kütləvi informasiya vasitələrindən istifadə etməyi, treninqlər, məşğələlər keçirməyi, müxtəlif kurslarda mühazirələr oxumağı, dəyirmi masa ətrafında müzakirələr aparmağı diqqət mərkəzində saxlayırlar.

Maarifləndirmə məqsədilə Azərbaycan həmkarlar ittifaqlarının «Ülfət» qəzetinin «Hüquq məsləhətxanası» səhifəsindən, respublika dövri mətbuatından istifadə edilir. Keçən dövr ərzində təkcə «Ülfət» qəzetinin səhifələrində əməyin hüquq müfəttişləri 489 oxucu sualını cavablandırıblar.

Hüquq müfəttişlərimiz müxtəlif televiziya kanalları vasitəsilə də əmək qanunvericiliyi sahəsində həmkarlar ittifaqının gördüyü işlər, qanunvericilikdə olan yeniliklər və s.barədə öz üzvlərini maarifləndirirlər. İctimai Televiziyanın “Yeni gün” proqramında müntəzəm olaraq həmkarlar ittifaqları, onun əmək hüququ sahəsində nəzarəti, əmək hüquqlarının qorunması barədə tamaşaçı sualları cavablandırılır.

BƏT-in Konvensiyalarının tələblərinin həmkarlar ittifaqı fəallarına çatdırılması məqsədilə «Əməyin ödənilməsi haqqında» 100 saylı, «Əmək və məşğulluq sahəsində ayrı-seçkilik haqqında» 111 saylı, «Kişi və qadın işçilər – ailə vəzifələri olan işçilər üçün imkanlar və rəftar haqqında» 156 saylı Konvensiyalarına dair və  «İnsan hüquqlarının müdafiəsində həmkarlar ittifaqlarının rolu» mövzularında da seminarlar maraq doğurub.

Ümumiyyətlə son üç ildə hüquqi məsələlərlə bağlı AHİK və sahə Respublika Komitələrinin hüquq müfəttişləri tərəfindən maarifləndirmə məqsədilə 100-dən çox müxtəlif mövzularda seminarlar keçirilib.

Hər il Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasında həmkarlar ittifaqları sədrləri, həmkarlar ittifaqı fəallarının müxtəlif kateqoriyaları üçün təşkil olunan kurslarda 10-dan çox mövzu, 5 treninq, seminar sırf əmək qanunvericiliyinə aid olur. Həmin kurslardan ildə 600-dən çox lider bəhrələnir.

S,Mehbalıyev diqqətə çatdırıb ki, respublikanın təhlükəsizliyi və müdafiəsi ilə bağlı hərbi-siyasi, hərbi-iqtisadi və hərbi-strateci məsələlərin öyrədilməsi məqsədilə Silahlı Qüvvələrin Hərbi Akademiyası nəzdində Strateci Araşdırmalar və Dövlət Müdafiəsini İdarəetmə Akademik Kursu fəaliyyət göstərir. Konfederasiyanın əməyin hüquq müfəttişləri tərəfindən həmin kurslarda da hər il dinləyicilərin maarifləndirilməsi məqsədilə “Azərbaycanda sahə və müəssisə həmkarlar ittifaqı təşkilatının hüquq və vəzifələri”, “Azərbaycanda əmək hüququnun qorunması”, “Beynəlxalq Əmək Təşkilatı” mövzularında mühazirələr oxunur.

AHİK-in hüquq müfəttişlərinin əsas vəzifələrindən biri də işçinin hüquqlarını qorumaq üçün məhkəmə instansiyalarında iştirak etməkdir. Son 3 il ərzində hüquq müfəttişlərimiz 40 halda məhkəmədə iddia qaldırıblar. Onlardan 23-ü işçinin işə bərpa edilməsi ilə nəticələnib.

Həmkarlar ittifaqlarının mülkiyyət hüquqlarının pozulmasına da tez-tez rast gəlinir.  AHİK-in və üzv təşkilatlarının, onun tabeliyində olan təşkilatların əmlakının və daimi istifadəsində olan torpaq sahələrinin müxtəlif şəxslər tərəfindən qeyri-qanuni zəbt edilməsi ilə əlaqədar son illər ərzində 9 mülki, 9 inzibati iş ilə bağlı bütün məhkəmə instansiyalarında hüquqlarımız qorunubdur. 16 iş üzrə Ali Məhkəmə tərəfindən AHİK-in xeyrinə yekun qərarlar qəbul olunub. Digər iki iş üzrə məhkəmə prosesləri davam edir.

Həmkarlar ittifaqı təşkilatlarına son 3 il ərzində əmək hüquqlarının müdafiəsi ilə bağlı 36007 ərizə və şikayət daxil olub. Bunlardan 9912-si əmək qanunvericiliyi ilə, o cümlədən 2350-si işə bərpa ilə bağlı olub və 872 nəfər işə bərpa edilib.

Yoxlamalar zamanı aşkarlanmış çatışmazlıqların aradan qaldırılması üçün müəssisə rəhbərlərinə təqdimatlar göndərilib, lazımi göstəriş və tövsiyələr verilib. Görülmüş tədbirlər barədə müəssisə rəhbərləri, müvafiq nazirliklər və respublika komitələri məlumatlandırılıb.

AHİK sədri daha sonra deyib: “Bizi narahat edən məsələlərdən biri də transmilli şirkətlərdə çalışan azərbaycanlılara əcnəbilərə nisbətən qat-qat az əməkhaqqının verilməsidir. Digər sosial məsələlərdə də yerli işçilərin üstünlükləri azdır. Hamınıza məlumdur ki, «BP», «Statoil», «AMOKO», «Coca-Cola», «McDonalds» kimi transmilli şirkətlərin filiallarında, «Bazarstore» mağazalar şəbəkəsində həmkarlar ittifaqlarının olmaması işçilərin sosial-iqtisadi hüquqlarının hərtərəfli qorunmasına mənfi təsir göstərir.

Xarici vətəndaşlara nisbətən yerli işçilərə uzadılmış iş gününün təsdiqi, ödənişli əmək məzuniyyətlərinin verilməməsi adi hala çevrilib. Müvəqqəti əmək qabiliyyətini itirənlərə müavinət verilmir, peşə xəstəliyinə tutulanlara və istehsalatda əmək xəsarəti alanlara isə dəyən zərər ödənilmir.

İşçilərin əmək hüquqlarının daha səmərəli qorunması, bu sahədə qanunvericiliyin təkmilləşdirilməsi, hüquq pozuntularının qarşısının alınması, əmək, sosial, iqtisadi hüquqların və azadlıqların daha etibarlı təmin olunması üçün bizi daha çox narahat edən bir məsələni də nəzərinizə çatdırmaq istərdim. Əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işçilərin hər hansı bir işin yerinə yetirilməsinə cəlb edilməməsi üçün qanunvericilikdə daha sərt cəza formalarının tətbiqi qeyri-formal əmək münasibətlərinin qarşısının alınmasında mühüm amil oldu.

Sağlamlıq imkanları məhdud olanlara dövlət qayğısı hər sahədə hiss olunur və onların cəmiyyətə inteqrasiyası üçün hər cür tədbirlər görülür, müxtəlif layihələr, dövlət proqramları qəbul və icra edilir. Dövlət sağlamlıq imkanları məhdud olanların təhsil alması, məşğulluğu, fərdi hərəkət etməsi üçün tədbirlər görür. Nəzərdə tutulmuş bu dəyişikliklə sağlamlıq imkanları məhdud olanlar artıq konstitusion hüquq və vəzifələr əldə etmiş olurlar və onlar üçün mədəni, ictimai-siyasi həyatda iştirak etmək imkanı yaranır.

Qarşıda duran məqsədlərə çatmaq üçün bütün imkanlarından dolğun istifadə etmək, mövcud iqtisadi, sosial, siyasi resurslardan tam səmərə ilə yararlanmaq və ölkənin potensialının gücləndirilməsinə şərait yaratmaq vacib şərtdir. Bu baxımdan qanunvericilik bazasının mütəmadi olaraq təkmilləşdirilməsi davamlı inkişaf və cəmiyyətin siyasi sabitliyi üçün hüquqi təminata zəmin yaradır. AHİK də belə bir şəraitdə özünün müəyyənləşdirdiyi əsas istiqamətlərin həyata keçirilməsi sahəsində var qüvvəsini sərf edəcəkdir”.

İclasda çıxış edən Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdir müavini Ərəstun Mehdiyev ötən müddətdə görülən işlərə münasibətini bildirib. Prezident Administrasiyasının rəsmisi deyib ki, başa çatmaqda olan cari ildə həmkarlar ittifaqı təşkilatları əməyin təşkili, insanların əmək hüququnun müdafiəsi və onların qiymətləndirilməsi, mükafatlandırılması sahəsində geniş fəaliyyət göstərib və çoxsaylı tədbirlər həyata keçiriblər. Eyni zamanda, təşkilati, beynəlxalq fəaliyyətin təmin olunması üçün ölkəmizin həmin qurumlarda təmsil olunması sahəsində mühüm işlər görülüb. Həmkarlar təşkilatlarının üzvləri ölkəmizin sosial-iqtisadi tərəqqisinə əhəmiyyətli töhfələr veriblər.

Neft və Qaz Sənayesi İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri Cahangir Əliyev, Azərbaycan Dəmiryolçularının Müstəqil Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri Fəzail Bağırov, Xidmət-İş Həmkarlar İttifaqı Federasiyasının vitse-prezidenti Cəmaləddin İsmayılov, Dövlət İdarələri və İctimai Xidmət İşçiləri Respublika Komitəsinin sədr müavini Əbülfəz Mehdiyev və başqaları müvafiq sahədə qarşıda duran vəzifələrdən, mövcud problemlərdən və onların həlli yollarından danışıblar.

Tədbirdə sahə həmkarlar ittifaqı orqanlarında çalışan, əməkdə, təhsildə və ictimai fəaliyyətdə xüsusi nailiyyətlər əldə etmiş gənclərə “İlin peşəkar gənci” fəxri adları təqdim edilib.

FAYDALI KEÇİDLƏR