AZ | RU | EN

AHİK-in İcraiyyə Komitəsinin növbəti iclası olub

14 Mar 2017

Martın 14-də Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) İcraiyyə Komitəsinin növbəti iclası keçirilib. İclası giriş sözü ilə AHİK sədri, millət vəkili Səttar Möhbalıyev açıb.

O, əvvəlcə dünyada və regionda baş verən hadisələrə münasibət bildirdi. Türkiyə-Avropa İttifaqı arasında yaranmış münaqişəyə toxundu. Dedi ki, Türkiyənin inkişafı bir çox siyasi dairələri narahat edir. Hər vəchlə qardaş dövlətin inkişafına mane olmağa çalışırlar. Son illərin gedişi göstərir ki, Avropada millətçilik meyilləri güclənir. Bu meyillərin hədəfində islam dünyasıdır. Qədim qitənin ikili siyasətinin qurbanına çevrilmiş islam ölkələrinin xalqları məhrumiyyətlər içərisində yaşayır. Gündə minlərlə insan terror və bombardmanlar nəticəsində həyatını itirir. Kütləvi şəkildə ölkələr tərk olunur. Qaçqın həyatına məhkum edilmiş müsəlmanlar Avropada alçaldılır. Qarabağ probleminin həllinin uzanmasında da islamofobiya və türkfobiya münasibəti durur. Səttar müəllim bu keşməkeşli dövrdə xüsusilə gənclərdə vətənpərvərlik hisslərinin gücləndirilməsinin vacibliyini qeyd etdi. Dedi ki, həmkarlar ittifaqı olaraq biz də  

Prezidentimiz ətrafında sıx birləşməli, yad əllərin ölkəmizin daxilinə uzanmasına imkan verməməliyik. Sonra S.Möhbalıyev gündəlikdə duran məsələləri İcraiyyə Komitəsinin üzvlərinə təqdim etdi. Əvvəlcə İcraiyyə Komitəsinin və aparatının yarım il üçün iş planı təsdiq olundu. Sonra "Azərbaycan Respublikası 2016-2020-ci illər üçün Layiqli Əmək üzrə Ölkə Proqramının həyata keçirilməsinə dair Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının Konsepsiyası haqqında" məsələyə baxıldı. Sənəddə deyilir ki, Konsepsiyada Ölkə Proqramının həyata keçirilməsi üçün həmkarlar ittifaqlarının əsas prioritetləri - qadınların diskriminasiya hallarına qarşı mübarizə, gənclərin məşğulluğu, işçilərin əməyinin mühafizəsi, sosial əməkdaşlarla dialoqun inkişaf etdirilməsi, həmkarlar ittifaqına üzvlüyün motivasiyası, mülkiyyət münasibətlərindən asılı olmayaraq bütün müəssisə, təşkilat, firma, şirkətlərdə, o cümlədən transmilli şirkətlərdə həmkarlar ittifaqı təşkilatlarının yaradılması və digər məsələlər nəzərdə tutulmuşdur.

Sonra həmkarlar ittifaqı təşkilatlarının, Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasının, AHİTA-nın 2016-cı il üzrə fəaliyyətləri və statistik məlumatları dinlənildi. "Gender bilikləri və texnologiyası məktəbi" haqqında qərarın icrası və həmkarlar ittifaqlarının gender statistikası barədə təqdimat müzakirə olundu. Bu barədə hazırlanmış qərar layihəsində bildirildi ki, AHİK kişi və qadınların istehsalata həm fəal ictimaiyyətçi, həm də ixtisaslı kadr kimi hazırlığı işində stimullaşdırma metodlarından geniş istifadə edir. "Gender bilikləri və texnologiyası məktəbi" layihəsinin icrası da bu məqsədləri güdür. AHİK İK-in qərarı ilə üçmərhələli kompleks proqram və tədbirlər planı təsdiq edilib. Əsas vəzifələr sırasında - gender bərabərliyi üzrə biliklərin yüksəldilməsi və bu sahədə təlimatçıların mobil qrupunun hazırlanması göstərilir.

İcraiyyə Komitəsi sonra "Gənc həmkarlar ittifaqı lideri məktəbi"-gənc işçilər üçün kompleks proqram haqqında", "Naxçıvan Muxtar Respublikası gənclərinin regionlarda keçirəcəkləri "Ölkəmizi tanıyaq" kampaniyasının maliyyələşdirilməsi və sair məsələlərə, o cümlədən təşkilati məsələyə baxıb. AHİK sədrinin müavini Vaqif Eyvazovun işdən azad olunması barədə xahişi qəbul edilib.
Sonda AHİK sədri, millət vəkili Səttar Möhbalıyev yekun sözü söyləyib.

FAYDALI KEÇİDLƏR