AZ | RU | EN

AHİK-in İcraiyyə Komitəsinin növbəti iclası keçirilib

29 Jul 2016

İyulun 29-da keçirilən İclası giriş sözü ilə Konfederasiyanın sədri, Milli Məclisin deputatı Səttar Mehbalıyev açıb. Daha sonra gündəlikdə duran məsələlərin müzakirəsi olub.

İclasda Həmkarlar İttifaqlarının gender və qadın problemləri üzrə ictimai qurumlarının fəaliyyəti barədə məlumat verilib. Bildirilib ki, AHİK-in nəzdində “Gender bərabərliyi və qadın problemləri üzrə Mərkəz” fəaliyyətini davam etdirir. Mərkəz həmkarlar ittifaqı fəalları üçün treninq və seminarların keçirilməsi, qadın problemləri ilə məşğul olan qurumların ( komissiya, şura, təyin olunmuş şəxslər və s.) işinin təkmilləşdirilməsi, sorğuların aparılması yolu ilə əmək kollektivində gender bərabərliyinin və əmək bazarında qadınların vəziyyətinin öyrənilməsinə, qadınlarda lider keyfiyyətlərinin formalaşmasına səy göstərir. Ötən müddət ərzində qadınların həmkarlar ittifaqlarının üzvlüyündə təmsil olunması və fəaliyyətində iştirakı (icraedici orqanlarda, məsul vəzifələrdə, ictimai qurumlarda və s.) yüksəlibdir. Müşahidə olunan müsbət dəyişikliklər Mərkəzin tərkibinin yenilənməsinə, işinə təşəbbüskar kadrların ( kişi və qadınların) daha geniş cəlb edilməsinə, Mərkəzin nəzdində “Ekspert şurası”, eləcə də müxtəlif fəaliyyət istiqamətləri üzrə “işçi qrupları”nın yaradılmasına əlverişli şərait yaradıb, mühüm layihələr həyata keçirmək imkanlarını artırıb. Hesabat ilində həmkarlar ittifaqı orqanları və onların üzv təşkilatlarının səyi nəticəsində gender və qadın problemlərinə həsr olunmuş 811 seminar, “dəyirmi masa” və digər tədbirlər keçirilib, həmin tədbirlərdə 25 minə yaxın adam iştirak edib.

Daha sonra Həmkarlar İttifaqları idman təşkilatlarının 2015-ci ilin yekunları üzrə statistik hesabatlar iclas iştirakçılarının nəzərinə çatdırılıb. Qeyd edilib ki,  Azərbaycan Həmkarlar İttifaqları İdman Təşkilatları İctimai Birliyinin nəzdində 9 idman təşkilatı fəaliyyət göstərir.
Bunların 5-i idman cəmiyyətləri ( “Məhsul”, “Spartak”, “Gənclik”, “Qarabağ”, “Zenit”), 4-ü isə idman klublarıdır (“Albinist və Tutist”, “Şahamat və dama”, “Atilla”, “Pəhləvan”).  AHİK-in bilavasitə rəhbərliyi altında həmkarlar ittifaqları idman təşkilatları Milli Olimpiya Komitəsi, Gənclər və İdman Nazirliyi, təsərrüfat orqanları ilə sıx əməkdaşlıq edib. 315 min nəfərdən çox iştirakçısı olmuş 110 kütləvi-sağlamlıq tədbirləri keçirilib. Eyni zamanda qeyd olunub ki, Hİ İdman Təşkilatlarının fəaliyyətlərində planlaşdırılmış bir sıra əsas tədbirlərin həyata keçirilməsi üzrə iş ( o cümlədən, əhaliyə pullu xidmət sahələrinin genişləmdirilməsi, əlavə maliyyə vəsaitinin cəlb edilməsi, yüksək səviyyəli idmançılarla işin müqavilə əsasında qurulması, qrafik üzrə maliyyə-təsərrüfat fəaliyyətinin təftişi və s.) daha səmərəli şəkildə aparılmalıdır.

 İclasda AHİK İcraiyyə Komitəsinin və aparatının 2016-cı ilin II yarımilliyi üçün iş planı haqqında məsələ müzakirə olunub və müvafiq qərar qəbul edilib. Bundan əlavə, AHİK-in Gənclər Şurası haqqında Əsasnaməsinə əlavə və dəyişikliklər edilməsi barədə məsələ müzakirə olunub, Gənclər Şurasının yeni tərkibinin və sədrinin təsdiq olunması məsələsinə baxılıb.

AHİK sədri, Milli Məclisin deputatı S.Mehbalıyev iclasa yekun vuraraq  müzakirəyə çıxarılmış məsələlər barəsində öz fikir və rəylərini bildirib.

FAYDALI KEÇİDLƏR