AZ | RU | EN

AHİK-in İcraiyyə Komitəsinin növbəti iclası keçirildi

14 Dec 2015

Dekabrın 8-də AHİK-in İcraiyyə Komitəsinin növbəti iclası keçirilib. İclas "Günəşli" yatağının 10 saylı stasionar dərin dəniz özülündə baş vermiş qəza nəticəsində dünyasını dəyişən neftçilərin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlandı. İclasın gündəliyində duran ilk məsələ də qəza zamanı ziyan çəkmiş insanlara həmkarlar ittifaqlarının göstərəcəyi maddi və mənəvi yardım ilə bağlı oldu. AHİK sədri, millət vəkili Səttar Mehbalıyev təbii fəlakətin törətdiyi bu faciənin bütün həmkarlar ittifaqı üzvlərini, işçilərini, o cümlədən şəxsən özünü sarsıtdığını söylədi. Sədr qeyd etdi ki,  Azərbaycan neftçiləri tarix boyu bütün dünyada cəsurluğu və peşəkarlığı ilə seçiliblər. Dünyada dəniz üzərində ilk neftçıxarma kompleksini-"Neft Daşları”nı da Azərbaycan neftçiləri yaradıblar. 
Vaxtilə ulu öndərimiz Heydər Əliyev Azərbaycan neftçiləri ilə fəxr edib, onların keçmiş ümumittifaq, hətta dünya miqyasında tanınmasından ötrü böyük işlər görüb. Neftçilərə qayğı Respublika Prezidenti cənab İlham Əliyev tərəfindən də yüksək səviyyədədir.
Səttar Mehbalıyev dedi ki, son faciəli hadisəyə dövlətimizin reaksiyası özünü bir an belə gözlətmədi. Hökumətimiz sağ qalan insanların xilas olunması, itkin düşənlərin axtarışı üçün bütün texniki gücünü səfərbər etdi. Xəsarət alanlar xəstəxanaya yerləşdirildi. Həlak olanların dəfni təşkil olundu. Maddi, maliyyə yardımları göstərildi və göstərilməkdədir.
"Biz də həmkarlar ittifaqı olaraq qəza baş verən saatlardan onun nəticələrini aradan qaldırmaq üçün təşkil edilən komissiyalarla bir yerdə olmuşuq", -deyə S. Mehbalıyev bildirdi. 
"Hələlik imkanımız daxilində nə lazımsa etmişik",-deyə sözünə davam etdi. 
Konfederasiya sədri gündəlikdə duran bu məsələ ilə bağlı qərar layihəsini oxudu. Müzakirələrdən sonra layihə təsdiq olundu.
Sonra AHİK-in III Məclisinin çağırılması məsələsi müzakirəyə çıxarıldı. İcraiyyə Komitəsi Məclisin keçirilmə tarixini və mövzusunu təsdiqlədi. Dekabrın 25-də saat 12-də AHİK-in böyük zalında baş tutacaq Məclisdə "Uşaq əməyi: mövcud vəziyyət və gələcək addımlar" məsələsinə baxılacaq.
Üçüncü məsələ "Kurort" Səhmdar Cəmiyyətinin sanatoriyalarına əlavə vəsaitin ayrılması barədə" idi. Bu məsələ ilə bağlı qərar layihəsində deyilirdi ki, cəmiyyətin tabeçiliyində olan sanatoriyaların abadlaşdırılması üçün son dövrlərdə kompleks işlər həyata keçirilmişdir. Görülən işlər nəticəsində bir neçə sanatoriyada yenidənqurma, abadlaşdırma işləri aparılmış, onların maddi-texniki bazası yaxşılaşdırılıb.
Bununla yanaşı, bəzi sanatoriyalarda abadlaşdırmaya, təmirə ehtiyac var. Bu ehtiyacı nəzərə alaraq İcraiyyə Komitəsi aşağıdakı mətndə qərar qəbul etdi: “ “Kurort” Səhmdar Cəmiyyətinin sanatoriyalarının abadlaşdırılması, onların təmiri üçün AHİK-in üzv təşkilatları tərəfindən müvafiq bölgüyə uyğun olaraq əlavə maliyyə vəsaiti ayrılsın".

FAYDALI KEÇİDLƏR