AZ | RU | EN

AHİK-də Spartakiada və Respublika çempionatlarının qaliblərinə mükafatlar təqdim edilib

01 Jul 2016

Bu gün Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasında qaliblərin mükafatlandırılması mərasimi keçirilib.  Gənclər və İdman Nazirliyi,  Təhsil Nazirliyi və Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin  birgə təşkilatçılığı ilə bu ilin mart -may ayları ərzində ali təhsil müəssisələrinin tələbələri arasında idmanın 9 növü üzrə Respublika Çempionatları keçirilib.

Çempionatların proqramına yunan - roma güləşi, sərbəst güləş, şahmat, dama, stolüstü tennis, basketbol, badminton, voleybol və atletika idman növləri daxil edilib. Bu yarışlarda 21 ali təhsil müəssisəsindən 736 nəfər tələbə-idmançı iştirak edib. Çempionatın proqramına daxil olan idman yarışlarında Bakı şəhərinin  ali təhsil müəssisələri ilə yanaşı, Sumqayıt, Gəncə və Naxçıvan Muxtar Respublikasının ali təhsil müəssisələrinin tələbələri də iştirak edərək mükafata layiq yerlər tutublar.
Bundan əlavə, 2016-cı ilin may ayında Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 93-cü ildönümünə həsr olunmuş ali təhsil müəssisələrinin işçiləri arasında Respublika Spartakiadası keçirilib. Spartakiadanın proqramına 5 idman növü, о cümlədən şahmat, dama, nərd, stolüstü tennis və voleybol daxil idi. Bu tədbirdə 14 ali təhsil müəssisələrinin professor-müəllim heyəti və texniki işçiləri iştirak ediblər. Spartakiada yarışlarında Bakı şəhərinin təhsil ocaqları ilə yanaşı Gəncə və Sumqayıt şəhərlərinin komandaları da mübarizə aparıblar.
Qaliblərə mükafatları təqdim edən AHİK-in sədri, Milli Məclisin deputatı Səttar Mehbalıyev idman yarışlarında qazandıqları qələbələrə görə gənc idmancıları təbrik edib, onlara təhsildə və idmanda yeni-yeni uğurlar arzulayıb. Daha sonra Konfederasiya sədri qaliblərə mükafatlar təqdim edib.

FAYDALI KEÇİDLƏR