AZ | RU | EN

AHİK-də “Layiqli əməyin təmin olunmasında həmkarlar təşkilatlarının rolu” mövzusunda tədbir keçirilib

28 Mar 2017

Martın 28-də AHİK-də BƏT-ə üzv dövlətlərdə təşkil edilən «Yüzilliyin dialoqu» tədbirləri çərçivəsində «Milli Dialoq»un təşkilinə dair yığıncaq keçirilib. 

Yığıncağı giriş sözü ilə açan AHİK-in sədrinin birinci müavini İlyas Əliyev bildirib ki,  Respublikamızda əmək münasibətlərinin təkmilləşdirilməsi, bu sahədə insanların qanuni hüquq və mənafelərinin təmin edilməsi üçün BƏT ilə əməkdaşlıq münasibətləri gündən-günə genişlənməkdədir. BƏT-in təşəbbüsü ilə ona üzv olan dövlətlərdə Milli dialoqun sosial partnyorlar, vətəndaş cəmiyyəti institutları və elmi dairələri cəlb edilməklə inkişafı üzrə atılan addımlar təqdir olunmalıdır. 

Beynəlxalq Əmək Təşkilatının (BƏT) 104-cü sessiyasında bəşəriyyəti narahat edən çox ciddi qlobal problemlər gündəmə gətirilib. BƏT-in Baş direktoru Qay Rayder tərəfindən "Əməyin gələcəyi" təşəbbüsünü irəli sürülüb və üzv təşkilatlar bu təşəbbüs ətrafında müzakirələr aparmağa çağırılıb.

Sonra İ. Əliyev təşəbbüsü doğuran səbəbləri açıqlayıb. O, bildirib ki, müasir dünyamız ictimai, siyasi və sosial ziddiyyətlər məngənəsində sıxılır. Ekoloji və təbii resurslar tükənir. Texniki tərəqqi məhsuldarlığı artırsa da, işsizliyin səviyyəsini fantastik dərəcədə yüksəldir. Əmək bazarı sferası get-gedə acınacaqlı vəziyyətə yuvarlanır. Bir çox ənənəvi peşələr sıradan çıxır. Əvəzində yeni peşələr yaranır. Dünyanın qabaqcıl ölkələrində artıq bir çox peşələri insanlar deyil, robotlar yerinə yetirir. Təbii ki, bütün bunlar sosial sferada gərginliyi artıran amillərdir. "Əməyin gələcəyi" təşəbbüsünün əsas məqsədi bu xoşagəlməz, bəşəriyyət üçün təhlükəli prosesin qarşısını almaq naminə tərəfdaşların səylərini birləşdirmək, birlikdə həll yolları axtarmaqdan ibarətdir.

AHİK sədrinin birinci müavini qeyd etdi ki, BƏT tərəfindən təşəbbüslə bağlı dörd mövzu təklif olunub - "Əmək sferası və cəmiyyət”, "Əməyin və İstehsalın təşkili", "Hamı üçün layiqli iş yerləri" və "Əmək sferasının idarə olunması". Bu mövzular ətrafında indi aparacağımız müzakirələrdə səslənəcək fikirlər həm bizim təşkilatın, həm də tərəfdaşlarımızın fəaliyyətində, yəqin ki, mühüm dəyər kəsb edəcək.

Daha sonra  AHİK-in katibi -  aparat rəhbəri Həsən Cəfərov «Layiqli əməyin təmin olunmasında həmkarlar təşkilatlarının rolu» mövzusunda təqdimat  çıxışı etdi. H.Cəfərov tədbir iştirakçılarına bildirdi ki, 2016-cı ilin sentyabrında  Beynəlxalq Əmək Təşkilatı və sosial partnyorlarımızın iştirakı ilə işlənib hazırlanmış  «Azərbaycan Respublikasının 2016-2020-ci illər üçün Layiqli Əmək üzrə Ölkə Proqramı»qəbul edilmişdir. Bu proqramın həyata keçirilməsində həmkarlar ittifaqlarının  rolu, vəzifələri, iştirakı və həyata keçirəcəkləri tədbirləri müəyyənləşdirmək məqsədilə AHİK-in İcraiyyə Komitəsi «Azərbaycan Respublikasının 2016-2020-ci illər üçün Layiqli Əmək üzrə Ölkə Proqramı»nın həyata keçirilməsinə dair Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının Konsepsiyası»nı qəbul etmişdir.

H.Cəfərov  Konsepsiyadan irəli gələn vəzifələri qısaca olaraq iştirakçıların nəzərinə çatdırdıraraq qeyd etdi ki, Konsepsiyada həmkarlar ittifaqlarının həyata keçirəcəyi tədbirlər və görəcəyi işlər 8 istiqamət üzrə müəyyənləşdirilmişdir.

İlk növbədə Azərbaycan həmkarlar ittifaqları layiqli əməyin əsasında layiqli həyatı təmin edən iqtisadiyyatın inkişafında dövlət, muzdlu işçilər və biznes baxımından maddi və insan ehtiyatlarından səmərəli istifadə etməyə imkan verən layiqli iş yerlərinin yaradılması əsasında iqtisadiyyatın modernləşdirilməsinin konkret istiqamətlərinin işlənib hazırlanmasında fəal iştirak etmək niyyətindədir.

Məlumdur ki, layiqli əməkhaqqı - layiqli əməyin əsas göstəricisidir. Bu baxımdan hesab edirik kilayiqli əməkhaqqı aşağıdakıları özundə əks etdirməlidir:

- insan ləyaqətini alçaltmayan şəraitdə qazanılmalı;

- işləyən insan və onun ailəsi üçün iqtisadi azadlığı təmin etməli;

- sosial sığorta və sosial təminat sistemləri üçün əsas baza yaratmalı;

- əməyin nəticələrinin ədalətli bölgüsü anlayışına cavab verməli;

- işçisinin və onun ailəsinin azad inkişafını, istirahətini, sivilizasiyanın nailiyyətlərindən bəhrələnməsini təmin etməlidir.

Bu məqsədlə AHİK və onun üzv təşkilatları əməkhaqqı sahəsində işçilərlə işəgötürənlərin münasibətlərini tənzimləyən əmək qanunvericiliyi, kollektiv müqavilə və sazişlərin şərtsiz yerinə yetirilməsinə, milli gəlir strukturunda əməyin ödənilməsi payının münəzəm şəkildə ədalətlə yenidən nəzərdən keçirilməsinə, heç bir diskriminasiyaya yol vermədən eyni əməyə görə bərabər ödəməyə, insan və əmək ehtiyatlarının inkişafını və təkrar istehsalını təmin edən əməkhaqqının minimum miqdarının müəyyənləşdirilməsinə nail olmaq üçün bütün imkanlardan istifadə etməyə səy göstərməyi  qarşılarına məqsəd qoymuşlar.

Azərbaycan Həmkarlar İttifaqları olaraq hesab edirik ki, səmərəli məşğulluq, tarazlaşdırılmış əmək bazarı – layiqli əməyin zəruri şərtləridir.

H.Cəfərov daha sonra dedi ki, Həmkarlar ittifaqı məşğulluq məsələlərində - iqtisadiyyatın modernləşdirilməsi ilə layiqli iş yerlərinin yaradılmasına, sosial-iqtisadi məsələlər üzrə Respublika Üçtərəfli Komissiyası çərçivəsində yeni layiqli iş yerlərinin yaradılması məqsədilə qəbul edilmiş innovasiya və investisiya proqramlarına dair məsələlərin əvvəlcədən müzakirəsinin aparılmasına, qeyri formal məşğulluqdan formal məşğulluğa keçidin  təmin olunmasına, peşə təhsili və yenidən  hazırlanması sistemlərinin regional və sahə proqramlarının qəbul edilməsinə, yerli işçilərin  xarici kapitallı müəssisələrdə prioritet sayılan iş yeri ilə təmin olunmasına nəzarətin artırılmasına ehtiyac duyulduğunu bildirir. O da məlumdur ki, layiqli əmək səmərəli  sosial müdafiəni nəzərdə tutur.

Bu məqsədlə həmkarlar ittifaqları işçilərin sosial müdafiə hüquqları, yoxsulluğun və ayrıseçkiliyin azaldılması uğrunda konkret məqsədyönlü mübarizəni nəzərdə tutur. Bunlar - işçilərin və onların ailə üzvlərinin, əmək və istehsalat şəraitinin, sağlamlığının yaxşılaşdırılması üzrə tədbirlərin həyata keçirilməsini, əməkhaqqı sahəsində siyasəti təkmilləşdirməklə muzdlu işçilərin sosial müdafiəsinin təmin olunmasını, BƏT-in Konvensiyalarının Tövsiyə və Əsasnamələrinə uyğun olaraq sistemli yanaşmasını və sığorta prinsiplərinin inkişafının işləyib hazırlanmasını və həyata keçirilməsini, ümumi, ağır və peşə xəstəlikləri olan işçilər üçün məcburi dərman sığortalanmasının tətbiq edilməsinə nail olmaöı nəzərdə tutur.

Sosial partnyorluğu – layiqli əməyin mühüm amili hesab edən Azərbaycan həmkarlar ittifaqları bu prinsip əsasında dövlət orqanları, həmkarlar ittifaqı və işəgötürənlərin real və səmərəli qarşılıqlı fəaliyyətini təmin etmək üçün aşağıdakı istiqamətlərdə işləyəməyi vacib hesab edir :

- sosial-iqtisadi münasibətlərin tənzimlənməsi üzrə yeni yaradılmış Respublika Üçtərəfli Komissiyasının statusunu artırmaq;

- kollektiv müqavilələrə dair danışıqların bir vaxtda  aparılması sisteminin tətbiqi üçün «Vahid danışıq kampaniyası» devizi altında keçirilən tədbirlərin gedişində Layiqli Əmək Standartlarının əsasında həmkarlar ittifaqının tələblərinin formalaşdırılması təşəbbüsü ilə çıxış etmək;

- sosial-əmək münasibətləri sahəsində sosial partnyorluğun dövlət ideologiyası kimi təşviqi üçün həmkarlar ittifaqının və respublika KİV-nin, internet-saytların imkanlarından geniş istifadə etmək, həmkarlar ittifaqlarının və onların sosial partnyorlarının kollektiv müqavilə və sazişlərin şərtlərinin yerinə yetirilməsi üzrə fəaliyyətini işıqlandırmaq.

AHİK və onun üzv təşkilatları işçilərin əmək və sosial hüquqlarını müdafiə edilməsini özünün əsas ana vəzifəsi hesab edir. Biz bir sıra hallarda işçilərin əməyi ilə yaranan gəlirlərin qeyri-bərabər bölüşdürülməsi, müdafiə olunmayan məşğulluğun artması, həmkarlar ittifaqı təşkilatlarının yaradılmasına maneçilik törədilməsi kimi problemlərlə rastlaşırıq.

Layiqli Əməyin təmin olunmasında daha yüksək və ədalətli nəticələr əldə etmək məqsədilə Konfederasiyanın hüquqi müdafiə sahəsindəki əməkdaşları işçilərin hüquq və təminatlarının qorunmasına, həmkarlar ittifaqında birləşmək azadlığı hüququnun müdafiə olunmasına səylərini davam etdirəcəklər .

Eyni zamanda sosial partnyorların iştirakı ilə kollektiv əmək mübahisələrinin həlli mexanizmlərinin təkmilləşdirilməsinə, kollektiv aksiyalar keçirilərkən və ya kollektiv mübahisələr həll edilərkən hüquqi yardımın təmin edilməsinə, məlumat xarakterli Tövsiyələrin işlənib hazırlanmasına, əmək mübahisələrinin həllində və əməyin keyfiyyəti sahəsində dünya standartlarının tətbiq edilməsi sahəsində təcrübə mübadiləsinin aparılmasını layiqli əməyin təmin olunmasında səmərə verə biləcəyini düşünürük.

H.Cəfərov öz çıxışında bildirdi ki, layiqli əməyin təmin olunmasında şübhəsiz ki təhlükəsiz əmək şəraitinin yaradılmasının xüsusi əhəmiyyəti vardır. Təbii ki, bu məsələ ilə bağlı Azərbaycan qanunvericiliyinin həyata keçirilməsində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyin əmək müfəttişliyi xidməti xüsusi rol oynasa da, ictimai nəzarət Azərbaycan Həmkarlar İttifaqlarının üzərindədir. Həmkarlar itttifaqlarının əmək müfəttişlərinin bütün vəsilələrdə fəaliyyət göstərən ictimai əmək müfəttişlərinin də nəzarət funksiyalarının həyata keçirilməsində daha önəmli addımlar atılacağı nəzərdə tutulmuşdur.

Həmkarlar ittifaqları işçilərin iş yerlərində əmək şəraitlərinin yaxşılaşdırılmasını, əməyin və sağlamlığın müdafiəsini əsas götürərək Ümumdünya Əməyin Mühafizəsi Günü çərçivəsində sağlam və təhlükəsiz iş yeri olan ən yaxşı müəssisə, əmək kollektivlərində əməyin mühafizəsi və təhlükəsizlik məsələləri ilə məşğul olan ən yaxşı ştatlı mütəxəssislərin həmkarlar ittifaqlarının baxış-müsabiqələrini bundan sonra da davam etdirmək niyyətindədir.

Çıxışının sonunda AHİK-in katibi qeyd etdi ki,layiqli əməyə nail olunmasında təşkilati-məlumat işin tələb olunan səviyyədə aparılması da ən önəmli məsələlərdəndir. Bunu nəzərə alan Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası və onun üzv təşkilatları öz səylərini aşağıdakı istiqamətlərə yönəltməyi planlaşdırır:

- həmkarlar ittifaqı üzvlərinin sayının artırılması, həmkarlar ittifaqının strukturlarının rasional şəkildə formalaşdırılması; məşğulluq, regionların inkişafı, gənclər üzrə Dövlət Proqramlarının həyata keçirilməsində fəal iştirak, sahə və regional həmkarlar ittifaqının fəaliyyətinin gücləndirilməsi, onların fəaliyyətini tənzimləyən normativ aktların təkmilləşdirilməsi;  həmkarlar ittifaqının yaradılmasına maneçilik göstərən bütün işəgötürənlərin məsuliyyətinin artırılmasına təsir etmək;  həmkarlar ittifaqlarının kadr potensialını möhkəmləndirmək; müxtəlif sahələrdən olan işçilər arasında onların müəssisə, təşkilatlarında layiqli əməyin vəziyyətinin qiymətləndirilməsinə dair sorğu keçirilməsini təşkil etmək.

 Mövzu ətrafında müzakirələrdə Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri C.Səttarova, Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsi sədrinin müavini M.Cəfərzadə, AHİK-in şöbə müdirləri N.Hüseynov və Ç.Tağıyev, AHİK-in şöbə müdirinin müavini Ə.Mədətov, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin nümayəndəsi Ə.Məhərrəmov, Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Milli Konfederasiyasının nümayəndəsi F.Hümbətov çıxış etmiş, öz fikir və təkliflərini bildirmişlər.

 


FAYDALI KEÇİDLƏR