AZ | RU | EN

AHİK-də əməkçi miqrantların sosial – iqtisadi problemləri müzakirə olundu

14 Jul 2016

AHİK-in sədri, Beynəlxalq Həmkarlar İttifaqları Konfederasiyasının(BHİK) vitse-prezidenti, Milli Məclisin deputatı Səttar Mehbalıyevin bu gün Beynəlxalq Miqrasiya Təşkilatının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Sərhan Aktopraqla görüşü keçirilib.

Qonağı salamlayan S.Mehbalıyev qeyd edib ki, bu gün dünyada 200 milyondan çox insan öz ölkəsindən kənarda yaşayır. Ekspertlərin rəyinə görə, istehsal olunan ümumi daxili məhsulun təxminən onda biri miqrantların payına düşür. Beynəlxalq Əmək Təşkilatının hesablamalarına əsasən, 95 milyon adam öz ölkəsini iş axtarmaq məqsədi ilə tərk edib. Ümumilikdə miqrant işçilər ailə üzvləri ilə birlikdə beynəlxalq miqrantların 90 faizi qədərdir. Bunlar əsasən 20-45 yaş arasında olan şəxslərdir və 40 faizi kasıb ölkələrin vətəndaşlarıdır.Təbii ki, miqrantlar əsasən inkişaf etmiş ölkələrə üz tuturlar. Statistik məlumatlar göstərir ki, əməkçi miqrantların 50 faizi qadınlardır.

Azərbaycanın əlverişli coğrafi mövqeyi, siyasi sabitlik, dinamik inkişaf, tolerant cəmiyyət, beynəlxalq əməkdaşlığın geniş vüsət alması ölkəyə kapitalın axınını sürətləndirib, xarici sərmayədarlar və miqrantlar üçün cəlbedici mühit formalaşdırıb.

S.Mehbalıyev deyib ki, son illər miqrasiya siyasətini ölkənin iqtisadi inkişafının milli maraqlarına və tendensiyalarına uyğunlaşdırmaq məqsədilə bir sıra mühüm addımlar atılıb. Belə ki, 28 fevral 2014-cü ildə Azərbaycan Respublikası ilə Avropa İttifaqı arasında icazəsiz yaşayan şəxslərin readmissiyası haqqında Saziş imzalanıb. Saziş 1 sentyabr 2014-cü ildən qüvvəyə minib. Onun icrasının həyata keçirilməsi Dövlət Miqrasiya Xidmətinə həvalə olunub. Hazırda readmissiya haqqında sazişə əsasən, DMX Azərbaycan vətəndaşı ola bilən insanlar barədə Avropa Birliyi ölkələrindən gələn sorğunu cavablandırır. Ötən əsrin 90-cı illərində ölkədə yaranmış vəziyyətlə əlaqədar Avropaya üz tutan vətəndaşlarımızın vətənə qayıdışına böyük maraq müşahidə olunur. Xaricdə miqrantların sayının hesabatını aparan statistikaya əsasən, Azərbaycandan olan miqrantların 85 faizi (01 noyabr 2015-ci il üçün 532 min nəfər) Rusiyada,  qalan 15 faizi (79,8 min nəfər) digər ölkələrdə yaşayır. 

AHİK sədri  məlumat verib ki, ölkədə miqrasiya ilə bağlı problemlər Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının Məclisində də müzakirə edilib. AHİK-in irəli sürdüyü bir sıra təkliflər Nazirlər Kabineti və Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Milli Konfederasiyası ilə bağlanmış üçtərəfli Baş Kollektiv Sazişdə öz əksini tapıb. Miqrasiya siyasətinə dair işçi qrupu, əməkçi miqrantların sosial-iqtisadi problemlərinin həlli üçün həmkarlar ittifaqı təşkilatlarının uzunmüddətli Fəaliyyət Proqramı yaradılıb. İllik hesabat sistemi tətbiq edilib və fəaliyyət göstərir. Bu hesabat sistemi proseslərə nəzarət etməyə, informasiya mübadiləsi aparmağa və müəyyən edilmiş fəaliyyəti, o cümlədən əmək miqrantlarının hesabına həmkarlar ittifaqlarının sıralarını genişləndirməyi planlaşdırmağa imkan verir. Azərbaycan, rus və ingilis dillərində müxtəlif bukletlər hazırlanılıb. Eləcə də Azərbaycanda əmək miqrantlarının yaddaş kitabçası dərc olunub, əlalaqə yaradmaq məqsədilə telefon xətti açılıb.

AHIK bir neçə beynəlxalq təşkilatlarla əməkdaşlıq haqqında ikitərəfli sazişlər imzalayıb. Beynəlxalq Əmək Təşkilatı (BƏT),  Ümumhəmkarlar İttifaqları Konfederasiyası (ÜHİK), Beynəlxalq Miqrasiya Təşkilatı (BMgT), Miqrasiya Siyasətinin İnkişafı üzrə Beynəlxalq Mərkəz (ICMPD) və digər beynəlxalq təşkilatlar ilə birgə hədəf layihələr, seminarlar, treninqlər və s. təşkil olunur. Bunlar arasında “Cənubi Qafqaz Ölkələrində Insan Alverinə Qarşi Cavab Mexanizmlərinin Gücləndirilməsi haqqında (2008-2010)”,“Rusiya Federasiyasında Əmək miqrantlarının müdafiəsinin gücləndirilməsi və Cənubi Qafqaz ölkələrində miqrasiyanın inkişaf təsirlərinin artırılması haqqında (2010-2012)”, “Uşaq əməyinin qarşısının alınması üzrə bacarıqların inkişafı” (2015-2016) haqqında, “Təhlükəsiz miqrasiya kurslarının təşkili  haqqında” (2012-2013) və s. qeyd etmək olar.

Eyni zamanda  Gürcüstan Həmkarlar İttifaqı Konfederasiyası (Birliyi), Rusiya Müstəqil Həmkarlar İttifaqları Federasiyası və ayrıca olaraq Sverdlovsk Vilayətinin Həmkarlar İttifaqı Federasiyası və digərləri ilə əməkdaşlıq haqqında protokollar da imzalanıb. Həmin protokollarda əmək miqrantlarının hüquqlarının müdafiəsi, insan alveri və məcburi əməyin aradan qaldırılması, əmək münasibətlərində gender bərabərliyinə nail olunması, əmək münasibətlərində etnik, dini və siyasi diskriminasiyaya qarşı öhdəlilklər öz əksini tapıb.

S.Mehbalıyev daha sonra deyib ki, insanlar, xüsusən də gənclər miqrasiya yolunda həmişə çətinliklərlə qarşılaşırlаr. Onlar əhəmiyyətli maliyyə xərcləri, qohumlar ilə ayrılıq, adi həyat obrazının dəyişməsi, başqa dil, yeni adamlar, qanunlar və davranış qaydaları ilə qarşılaşır, bunların qəbul və riayət edilməsində, tələb olunan əlaqələrin qurulmasında cətinliklər çəkir, bir çox digər problemlərlə rastlaşırlar. Məqsədlərinə çatmaq, nailiyyətlər qazanmaq üçün onlara yeni - lazımı biliklərin əldə olunmasında yardımlar edilməlidir. Bunlar ölkəyə giriş və çıxışın, istənilən razılıqların əldə edilməsi, dövətdə əmək fəaliyyəti zamanı hüquq və vəzifələrinin əvvəlcədən öyrənilməsi və başqa hallar üzrə biliklərinin öncədən əldə olunmasıdır. Həmkarlar ittifaqları təşkilatları bu işlərdə yaxından iştirak etməyə çalışır, işləməyə gələnlərin əməyini yerli əhalinin işi kimi qiymətləndirilməsi üçün mübarizə aparırlar. Öz məqsədlərinə nail olmaq istəyənlərə, ailəsinin rifahı naminə evdən kənarda çalışanlara tövsiyə edilir  ki, həmkarlar ittifaqlarına  üzv olsunlar. Nəticədə miqrantlar işəgötürənin özbaşınalığından qorunar, əmək haqqının artırılması və qanuniləşdirilməsi üçün müəssisə rəhbəri ilə müqavilə bağlamaq imkanı əldə edərlər.

Beynəlxalq Miqrasiya Təşkilatının Azərbaycan nümayəndəliyinin rəhbəri Sərhan Aktopraq dəyərli məlumatlara görə AHİK sədrinə təşəkkürünü bildirib və  qeyd edib ki, təmsil etdiyi təşkilatın Azərbaycan Həmkarlar İttifaqları ilə qarşılıqlı əməkdaşlığının daha da genişləndirilməsi və inkişaf etdirilməsi baxımından indiki görüşün  böyük faydası oldu.  Əməkçi miqrantların üzləşdiyi problemlərin həlli ilə bağlı AHİK-in atdığı addımları təqdir edən qonaq bildirdi ki,  bu sahədə gələcəkdə də birgə səylərin artırılmasına xüsusi önəm veriləcəkdir.
Görüşdə müzakirə olunan məsələlər ətrafında geniş fikir mübadıləsi aparılıb.

FAYDALI KEÇİDLƏR