AZ | RU | EN

AHİK-də Çernobıl qəzasının 30 illiyi ilə bağlı “Dəyirmi masa” keçirilib

15 Apr 2016

2016-cı il aprelin 15-də Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasında «Çernobıl AES-də qəza nəticəsində radiasiyanın təsirinə məruz qalmış Azərbaycan vətəndaşlarının sosial müdafiəsinin gücləndirilməsi üzrə Azərbaycan həmkarlar ittifaqlarının gördüyü işlər» mövzusunda “Dəyirmi masa” keçirilib.

Tədbiri giriş sözü ilə açan   AHİK sədrinin müavini Cavanşir Alxasov öz çıxışında bildirib ki,  aprelin 26-da XX əsrin ən dəhşətli texnogen qəzasından – Çernobıl AES-də baş vermiş partlayışdan 30 il ötür.  Düz 30 il əvvəl – 1986-cı il aprelin 26-da Çernobıl AES-in 4-cü reaktorunda baş vermiş partlayışın ilk günlərində on minə yaxın, ilk aylarında isə on beş min insanın həyatına son qoyulub.  Sonrakı illərdə bu rəqəm yüz mini keçibdir. 1986-1987-ci illərdə Çernobıl qəzasının nəticələrinin aradan qaldırılması işinə yeddi mindən çox Azərbaycan vətəndaşı cəlb olunub. Faciədən ötən müddət ərzində onlardan təxminən iki min beş yüz nəfəri səhhətində yaranan problemlər üzündən dünyasını dəyişib. Sağ qalanlar isə xilasetmə işləri zamanı aldıqları şüalanmadan əziyyət çəkir. Faciə qurbanlarına hörmət və ehtiram əlaməti olaraq Birləşmiş Millətlər Təşkilatı aprelin 26-nı Beynəlxalq Xatirə Günü elan edib.
Azərbaycanda Çernobıl əlillərinin sosial müdafiəsinin gücləndirilməsi, onların sağlamlığının qorunması uzun illərdir dövlətimizin diqqət mərkəzində saxlanılır. Ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə 1993-cü ilin dekabrında Milli Məclis «Çernobıl qəzasının ləğvində iştirak etmiş və həmin qəza nəticəsində zərər çəkmiş vətəndaşların statusu və sosial müdafiəsi haqqında» qanun qəbul edib. Bu Qanunla Çernobıl qəzası nəticəsində zərər çəkmiş vətəndaşların statusu müəyyənləşdirilib, onlara bir sıra güzəşt və imtiyazlar verilib. Həmin Qanuna, habelə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin «Çernobıl qəzasının ləğvində iştirak etmiş və həmin qəza nəticəsində zərər çəkmiş şəxslərə maddi yardım göstərilməsi haqqında» 2011-ci il 22 aprel tarixli sərəncamı və digər sərəncamlarına uyğun olaraq həyata keçirilən tədbirlər Çernobıl əlillərinin sosial rifahının yaxşılaşdırılmasında böyük rol oynayıb.
AHİK sədrinin müavini daha sonra “Dəyirmi masa” iştirakçılarının diqqətinə çatdırıb ki, faciənin baş verdiyi 1986-cı ilin sonundan Azərbaycan həmkarlar ittifaqları qəzanın ləğvində iştirak etmiş vətəndaşlarımızın sosial, əmək təminatlarına riayət olunması üzrə ictimai nəzarətə başlamış və bunu hazırda da davam etdirir.
AHİK-in İcraiyyə Komitəsi «Çernobıl AES-də baş vermiş qəza nəticəsində radiasiyanın təsirinə məruz qalmış əlillərin sosial müdafiəsinin gücləndirilməsi üzrə  tədbirlər planı»nı təsdiq edib və onun icrasına başlayıb. Qəzanın nəticələrinin aradan qaldırılmasında iştirak edənləri güzəşt və həvəsləndirmələrlə təmin etmək məqsədilə 27 sahə həmkarlar ittifaqının 10-da, o cümlədən Aviasiya, Avtomobil, Dəmiryol, Neft və Qaz Sənayesi, Rabitə, Fövqəladə Hallar, Elektrik, Yerli Sənaye, Təhsil və digər həmkarlar ittifaqı sahə təşkilatlarında işəgötürənlərlə danışıqlar aparılıb. Nəticədə əlavə maliyyə ehtiyatları cəlb edilməsinə nail olunub.
Sahə həmkarlar ittifaqları, ilk həmkarlar ittifaqı təşkilatları ilə işəgötürənlər arasında bağlanan tarif sazişlərində və kollektiv müqavilələrdə ilk növbədə Çernobıl iştirakçılarına və onların ailə üzvlərinə sanatoriya-kurort yollayışları təqdim etmək barədə bəndlər nəzərdə tutulub. Təkcə son 4 ildə həmkarlar ittifaqlarının tabeliyində olan sağlamlıq ocaqlarında müxtəlif xəstəliklərdən əziyyət çəkən 80 nəfərdən çox Çernobıl iştirakçısı ildə 1 dəfə sanator-kurort müalicəsi keçir. Qəza iştirakçılarından 50-yə yaxını isə ailə üzvləri ilə birlikdə həmkarlar ittifaqlarının istirahət evlərində sağlamlıqlarını bərpa edirlər.
 Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası Çernobıl AES-də baş vermiş qəzanın 30 illiyi ilə əlaqədar MDB dövlətləri başçılarının müraciətini dəstəkləyərək hələ 2015-ci ilin dekabr ayında öz üzv təşkilatlarına hər il 26 aprel tarixi qurbanlarının Beynəlxalq Anma Günü kimi qeyd olunmasını tövsiyə edib.
1 aprel 2016-cı il tarixinə sahə həmkarlar ittifaqı təşkilatlarında 170 Çernobıl iştirakçısı qeydə alınıb. Çernobıl qəzasının 30 illiyi ilə əlaqədar yeni iqtisadi şəraitdə Çernobıl iştirakçılarının sosial-iqtisadi durumunun yaxşılaşdırılması barədə müzakirələr aparmaq üçün iclaslar, müşavirələr, “dəyirmi masa”lar təşkil olunubdur. Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası Çernobıl AES-də baş vermiş qəzanın yaratdığı mürəkkəb problemlərin aradan qaldırılmasında  həmkarlar ittifaqının imkanlarından gələcəkdə  daha geniş istifadə etməyi nəzərdə tutur.
“Dəyirmi masa”da müzakirə olunan məsələlərlə  bağlı “Çernobıl Əlilləri İttifaqı”nın prezidenti M.Həsənov, Səhiyyə Nazirliyinin Elmi-Tədqiqat Pediatriya institutunun direktoru, professor N.Quliyev və Milli Elmlər Akademiyasının Radiasiya problemləri inistitutunun şöbə müdiri Ə. Cəfərov çıxış edərək Çernobıl qəzası iştirakçılarının və onların ailə üzvlərinin sosial-iqtisadi problemlərinin həlli istiqamətində görülən işlər barəsində söhbət açıblar və gələcəkdə də bu işlərin davamlı  şəkildə aparılacağını bildiriblər.
Tədbirin sonunda "Çernobıl Əlilləri İttifaqı"nın prezidenti M. Həsənov AHİK-in sədri S. Mehbalıyevin İttifaqın Fəxri Diplomu ilə təltif olunması qərarını oxuyub və AHİK-in sədr müavini C. Alxasova təqdim edib. M.Həsənova isə AHİK-in Fəxri Fərmanı təqdim edilib 

FAYDALI KEÇİDLƏR