AZ | RU | EN

AHİK-də Azərbaycan və Tacikistan həmkarlar ittifaqları arasında Memorandum imzalanıb

25 May 2017

2017-ci il mayın 25-də  AHİK-də  Tacikistan Müstəqil Həmkarlar İttifaqları Federasiyası və Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası arasında qarşılıqlı fəaliyyət və əməkdaşlıq haqqında Memorandumun imzalanması mərasimi keçirilib.  

Mərasimdə çıxış edən AHİK-in sədri, Beynəlxalq Həmkarlar İttifaqları Konfederasiyasının (BHİK) vitse-prezidenti, Milli Məclisin deputatı Səttar Möhbalıyev qonaqları salamlayaraq  ölkələrimiz və xalqlarımız arasındakı qardaşlıq əlaqələrinin  Azərbaycanda yüksək qiymətləndirildiyini diqqətə çatdırıb.  Qeyd edib ki, AHİK başqa ölkələrin həmkarlar ittifaqı mərkəzləri ilə qarşılıqlı əməkdaşlığa yüksək önəm verir.  Bizim təşkılat Ümumhəmkarlar İttifaqları Konfederasiyası çərçivəsində Tacikistan Həmkarlar İttifaqları Federasiyası ilə sıx əməkdaşlıq edir. Bildiyiniz kimi, Azərbaycan da  Tacikistan kimi qədim mədəniyyətlər və ənənələr ölkəsidirlər. Hər iki ölkə dünyaya  bir çox mütəfəkkirlər, filosoflar, alimlər, şairlər, müsiqiçilər, rəssamlar bəxş edib.
S. Möhbalıyev diqqətə çatdırıb ki, son 10 ildə  Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycan beynəlxalq ictimai-siyasi və idman tədbirlərinin keçirildiyi məkana çevrilib. Qeyd etmək lazımdır ki, bu günlərdə Tacikistanın milli komandası Bakıda keçirilən İV İslam Oyunlarının iştirakçısı olub və idmanın bir sıra növləri üzrə yarışlarda uğurla çıxış edib. Bu gün Azərbaycan  Ermənistanın hərbi təcavüzünə məruz qalmasına baxmayaraq öz potensialını səfərbər edərək demokratik inkişaf yolunda, hüquqi, dünyəvi, sosial dövlət quruculuğu yolunda böyük uğurlar qazanıbdır.
AHİK sədri daha sonra Azərbaycan Həmkarlar İttifaqlarının strukturu və fəaliyyəti haqqında qonaqlara məlumat verib. Bildirib ki, Konfederasiyanın başlıca vəzifələri  həmkarlar ittifaqı üzvlərinin maddi rifahının yüksəlməsinə,  əmək şəraitinin,  məişət və istirahətinin yaxşılaşdırılmasına hərtərəfli kömək göstərilməsi, onların maraqlarının və hüquqlarının dövlət və icra orqanlarında təmsil edilməsidir. Sahə kollektiv sazişləri və ərazi kollektiv müqavilələrinin uğurla həyata keçirildiyini deyən Konfederasiya sədri qeyd edib ki, 1996-cı ildən Azərbaycan hökuməti, Həmkarlar İttifaqları Komfederasiyası və Sahibkarların (İşəgötürənlərin) Milli Konfederasiyası arasında Baş Kollektiv Saziş imzalanır. Saziş iki il nüddətinə bağlanır, bununla belə biz sosial tərəfdaşlarla hər il Sazişin yerinə yetirilmə şərtlərini təhlil edirik. Azərbaycan Həmkarlar İttifaqları qanunvericilik sahəsində fəal iştirak edirlər və ölkənin əmək qanunvericiliyinin təkmilləşdirilməsi prosesinə real təsir göstərirlər. Son illərdə həmkarlar ittifaqlarının təklifləri ilə AR Əmək Məcəlləsinə, “Həmkarlar İttifaqı haqqında” Qanuna, “İnzibati Xətalar haqqında” və s.qanunlara 100-dən artıq dəyişiklik və düzəlişlər edilib.  AHİK beynəlxalq həmkarlar ittifaqları arasında həmrəyliyin inkişafı mövqeyindən çıxış edərək dünyanın bir çox ölkələrinin həmkarlar ittifaql təşkilatları ilə əməkdaşlıq edirlər.
AHİK sədri çıxışının sonunda deyib ki, bu gün Tacikistan Müstəqil Həmkarlar İttifaqları Federasiyası və Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası arasında qarşılıqlı fəaliyyət və əməkdaşlıq haqqında  Memorandumumun imzalanmasında başlıca məqsəd həmkarlar ittifaqı həmrəyliyinə əsaslanaraq ikitərəfli əməkdaşlığı inkişaf etdirmək, həmkarlar ittifaqı üzvlərinin və onların ailələrinin istirahətinin və sağlamlaşdırılmasının təşkil edilməsinə yardım göstərməkdir. Biz ikitərəfli əlaqələrimizi  muzdlu işçilərin hüquq və mənafelərinin qorunması sahəsində həmkarlar ittifaqlarının  təcrübə mübadiləsinə yönəldəcək, həmkarlar ittifaqı quruculuğunin prinsipial məsələlərində beynəlxalq təşkilatlarda  öz mövqelərimizi və fəaliyyətimizi razılaşdırmağa səy göstərəcəyik.
Tacikistan Müstəqil Həmkarlar İttifaqları Federasiyasının sədri Qadiri Qosim çıxış edərək Azərbaycanda mehriban və səmimi qarşılandıqlarına görə AHİK-in sədri S.Möhbalıyevə təşəkkürünü bildirib. Qonaq ölkələrimiz arasındakı  dostluq və qardaşlıq münasibətlərindən və qarşılıqlı əməkdaşlıqdan danışaraq gələcəkdə bu əməkdaşlığın daha da möhkəmlənəcəyinə əminliyini ifadə edib. Qədim tarixə və mədəniyyətə malik olan xalqlarımızın bundan sonra da inkişaf etməsini və tərəqqisini arzulayıb. Azərbaycan və Tacikistan həmkarlar ittifaqları arasında  qarşılıqlı fəaliyyət və əməkdaşlıq haqqında Memorandumun imzalanmasının mövcud əməkdaşlığımız sahəsində yeni bir səhifə açacağını bildirib.
Sonra qarşılıqlı fəaliyyət və əməkdaşlıq haqqında Memorandumun imzalanması mərasimi olub. Memorandumu Azərbaycan tərəfindən Səttar Möhbalıyev və Tacikistan tərəfindən Qadiri Qosim imzalayıblar.


FAYDALI KEÇİDLƏR