AZ | RU | EN

AHİK-də 28 may – Respublika günü qeyd olunub

27 May 2016

2016-cı il mayın 27-də Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasında 28 May- Respublika günü münasibətilə tədbir keçirilib. Tədbiri giriş sözü ilə AHİK sədrinin müavini Cavanşir Alxasov açıb. 

Tarix elmləri doktoru Vəkil Həsənov Azərbaycan Xalq Cumhuriyyətinin ildönümü ilə bağlı məruzə ilə çıxış edib. O, qeyd edib ki,ölkəmizdə gedən ictimai-siyasi prosesləri təhlil edərkən biz Azərbaycan Xalq Cümhuriyyətinin əsl dəyərini, mahiyyətini və müstəqilliyə gedən yolda oynadığı tarixi rolu daha aydın şəkildə görürük. Hər bir xalqın özünün müstəqil dövlətinin olması çox önəmli məsələdir.
1918-1920-ci illər Azərbaycan xalqının həyatında çox böyük əhəmiyyət kəsb edən bir dövr olubdur. Azərbaycan məhz bu dövrdə ilk dəfə olaraq dövlət suverenliyini qazanaraq dünya birliyində layiqli yer tutmağa çalışıbdır. Bu dövr millətin həyatında mühüm mərhələ olmaqla yanaşı, onun gələcəyinin və istiqlalının bünövrəsini qoyub.
İki il tarix üçün o qədər də böyük zaman kəsiyi deyil. Lakin bu iki ildə Azərbaycan Cümhuriyyətinin gördüyü işlərin miqyası, əhəmiyyəti və mənası Azərbaycan xalqının həyatında olduqca böyük hadisədir.
Az bir vaxtda Azərbaycan parlamenti, hökuməti, ordusu, gömrük və hüquq mühafizə orqanları olan, milli rəmzlərə və dövlət atributlarına malik, vətəndaş haqlarını və hüquqlarını hər şeydən uca tutan demokratik bir respublikaya çevrildi. XX əsrin əvvəllərində monarxiya hərbi-feodal rejimlərinin hökm sürdüyü Şərqdə vətəndaş həmrəyliyinə əsaslanan demokratik, dünyəvi, unitar dövlət ilk dəfə Azərbaycanda quruldu.
Cümhuriyyətin rəhbərliyi çox çətin şəraitdə Azərbaycanın siyasi, iqtisadi və mədəni həyatı ilə bağlı mühüm işlər  - sosial-iqtisadi islahatların həyata keçirilməsi üçün hüquqi baza olan iqtisadi qanunlar qəbul etdi, dövlətin iqtisadi siyasətini həyata keçirən strukturlar, o cümlədən vergi və maliyyə orqanlarını, Dövlət Bankını formalaşdırdı.
Cümhuriyyətin dövlət quruculuğunda göstərdiyi bütün cəhdlərə baxmayaraq, hadisələrin sonrakı gedişi nəzərdə tutulan tədbirlərin çoxunu həyata keçirməyə imkan vermədi. Onun 23 aylıq fəaliyyəti Azərbaycan xalqının taleyində isə çox mühüm hadisə idi. Qısa müddətdə öz parlamenti, hökuməti, ordusu və pul vahidi olan Azərbaycan Cümhuriyyətinin topladığı böyük tarixi təcrübə, əsasını qoyduğu demokratiya, demokratik dövlət quruculuğu bu gün onun hüquqi və mənəvi varisi olan Azərbaycan Respublikasında dönmədən həyata keçirilir və inkişaf etdirilir.
Məruzəçi sonra bildirib ki, 1988-ci ildən respublikamızda başlamış milli azadlıq hərəkatı 1991-ci il oktyabrın 18-də o vaxtkı Ali Sovetdə Müstəqillik Aktının qəbul edilməsi ilə Azərbaycan ikinci dəfə özünün dövlət müstəqilliyini elan etdi.
1993-cü ildə xalqın təkidli tələbi ilə ümummilli lider Heydər Əliyevin hakimiyyətə gəlişi ilə Azərbaycan cəmiyyətində dövlətçilik ideyalarının bərqərar olması fundamental mahiyyət kəsb etməyə başladı. 1993-cü ilin iyun ayından ölkədə formalaşmağa başlayan yeni siyasi kurs vətəndaş müharibəsi təhlükəsini aradan qaldırdı, separatçılıq meyllərinə son qoydu və H.Əliyevin dövlət quruculuğu siyasətinin gerçəkləşməsinə gətirib çıxardı.
1995-ci ildə  müstəqil dövlətimizin qəbul etdiyi Konstitusiya, respublikada qəbul edilmiş hüquqi və siyasi aktların hamısı dövlətimizin müstəqilliyinin möhkəmləndirilməsinə, insan haqlarının qorunmasına, demokratiyanın inkişafına xidmət edir.
Azərbaycanın müstəqilliyi dövründə keçdiyi tarixi yol hamımız üçün əziz olmalı, görülən işlərin əhəmiyyəti, onların xalqımızın maraqlarına  tam cavab verməsi layiqincə  qiymətləndirilməlidir. Respublikamız ikinci dəfə müstəqillik qazandıqdan sonra Azərbaycan dövləti çox möhkəmlənmiş, dünya miqyasında onun imici daha da artıbvə bu gün ölkə iqtisadiyyatı keyfiyyətcə yeni mərhələyə qədəm qoyub.
Məruzəçi daha sonra bildirib ki, Azərbaycanın aparıcı dövlətlər tərəfindən dəstəklənən siyasi, diplomatik uğurları və «hücum diplomatiyası» sayəsində  Ermənistanın işğalçı siması ifşa edilib, Dağlıq Qarabağ münaqişəsi haqqında həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması istiqamətində ciddi uğurlar əldə olunubdur. Bu gün hər bir Azərbaycan vətəndaşı torpaqlarımızın işğaldan azad olunması üçün bir yumruq kimi birləşməyə  hazır olduğunu göstərir. Bu,insanların Vətəninə, torpağına olan böyük sevgisinin gücüdür.
Möhtərəm prezidentimiz İlham Əliyev ölkəmizin tolerantlıq ənənələrinə, mədəniyyətlər və sivilizasiyalararası dəyərlərə mühüm töhfələr verdiyini nəzərə alaraq 2016-cı ili Azərbaycanda «Multikulturalizm ili» elan edib. Respublikamızda bütün milli və dini icmalara bəslənilən həssas münasibət, bərabər imkanlar multikulturalizmin Azərbaycan modelinin dünyaya nümunə kimi təqdim edilməsi istiqamətində mühüm addım olacaqdır. Eyni zamanda bu il ölkəmizdə BMT-nin Sivilizasiyalar Assambleyasının VII Qlobal Forumunun keçirilməsi də bunun üçün böyük imkanlar yaratdı.
Hesab edirik ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin apardığı daxili və xarici siyasət nəticəsində ölkəmiz daha da surətli inkişafa nail olacaq, dövlətçiliyimizin qorunmasına etibarlı təminat yaradılacaqdır. Çünki Azərbaycan cəmiyyəti H.Əliyevin zəngin dövlətçilik irsini ölkənin iqtisadi maraqlarının və siyasi sisteminin sabitliyinin təmin edilməsinə yönələn təkmil siyasi konsepsiya kimi qəbul edir.
Daha sonra tədbirdə Dəniz Nəqliyyatı İşçiləri HİRK-nin sədr müavini Q. Cəfərov, Dövlət Miqrasiya Xidmətinin HİK sədri J. Pənahlı, Azərbaycan Yazıçılar Poliklinikasının HİK sədri Ş. Şükürova, Rabitə İşçiləri Müstəqil Həmkarlar İttifaqı Hİ Bakı-1  şöbəsinin sədri B. Qurbanov çıxış ediblər.

FAYDALI KEÇİDLƏR