AZ | RU | EN

İşçilərin hüquq və mənafelərinin qorunması qarşıda duran başlıca vəzifədir

01 Jun 2017

İyunun 1-də "Xidmət- İş" Həmkarlar İttifaqları Federasiyasının IV qurultayı keçirilib. Qurultay  nümayəndələri əvvəlcə Fəxri xiyabanda ulu öndərin məzarını ziyarət edərək abidəsi önünə gül dəstələri qoyublar,  görkəmli oftalmoloq alim, akademik  Zərifə xanım Əliyevanın məzarı önünə tər çiçəklər düzüblər.  

Federasiyasının prezidenti İlyas Əliyev qurultayı açaraq nümayəndələri gündəlikdə duran məsələlərlə tanış edib. Hesabat məruzəsi ilə Federasiyanın birinci vitse- prezidenti Sadət Tahirova çıxış edərək deyib ki, bu gün "Xidmət-İş" HİF könüllülük və bərabərlik prinsipləri əsasında 700-ə yaxın  həmkarlar ittifaqı təşkilatını, 50 minə yaxın həmkarlar ittifaqı üzvünü öz sıralarında birləşdirir.

İndiki şəraitdə Federasiyanın və onun üzv təşkilatlarının əsas məqsədi sahədə çalışan işçilərin hüquq və mənafelərinin müdafiəsi, keçirilən tədbirlərdə sosial əməkdaşlığın inkişafı ilə bağlı məsələlərin həlli üçün daha yeni yolların axtarıb tapılmasıdır.Ötən müddət ərzində qarşımızda duran ən mühüm vəzifələrdən biri xidmətimizə daxil olan bütün idarə və təşkilatlarda əmək müqaviləsinin bağlanmasına nail olmaqdır.

2012-ci illə müqayisədə son illərdə sahə üzrə bağlanan kollektiv müqavilələrin  95 %-i  özəl müəssisə və təşkilatların payına düşür.
Həmkarlar ittifaqları sistemində təşkilatlanma işi önəmli olduğu üçün qurultaydan ötən illər ərzində Federasiyanın şəhər, rayon həmkarlar ittifaqı komitələri tərəfindən aparılan maarifləndirmə və təşkilatçılıq işinin sayəsində işəgötürənlərin müqavimətinə baxmayaraq,  bir sıra müəssisələrdə həmkarlar ittifaqı təşkilatı yaradılıb.

Hazırda sahədə 642-yə yaxın özəl müəssisədə həmkarlar ittifaqı təşkilatı fəaliyyət göstərir və orada həmkarlar ittifaqı üzvlərinin sayı 40 minə yaxındır. Məhz Federasiyanın yaxından iştirakı ilə "Turanbank"ASC, "Yeni bulvar" MMC, "Azinterbiznes" MMC, "Chinar Hotel & Spa" Naftalan, "Azinterturizm" MMC "Qala Altı Hotel & Spa" filiallarında, "N.A.N.T." MMC,"Gözəllik Gəncə Xanımlar klubu"nda həmkarlar ittifaqı təşkilatının yaradılmasını və möhkəmləndirilməsini xüsusi qeyd etmək istəyirəm. Hazırda "Saloğlu"MMC, "Delta Qrup C.O." MMC də bir neçə banklarla, həmkarlar ittifaqı təşkilatının yaradılması ilə əlaqədar danışıqlar gedir.

Nəzərinizə çatdırmaq istəyirəm ki, son zamanlar sahəyə aid şadlıq evlərinin və bu tipli müxtəlif obyektlərin fəaliyyət göstərməsi yeni iş yerlərinin açılması deməkdir. Əldə etdiyimiz məlumatlara əsasən, ancaq Bakı şəhərində 450-yə yaxın şadlıq evi fəaliyyət göstərir ki, onların da hər birində 35-80 nəfərə qədər işçi çalışır. Lakin bu şadlıq evlərinin əksəriyyətində həmkarlar ittifaqı yaratmaq, işçiləri isə həmkarlar ittifaqı üzvlüyünə cəlb etmək məsələsi hələ də müşkül məsələlərdəndir.

Etiraf edirik ki, bu kateqoriyaya aid işçilərin həmkarlar ittifaqı üzvlüyündən kənarda qalması, onların qanunvericilikdə nəzərdə tutulan sosial-iqtitsadi müdafiədən məhrum olması yolverilməz haldır.

III qurultaydan sonra sahə işçilərinin əməyinin mühafizəsinin gücləndirilməsi, təhlükəsiz əmək şəraitinin yaradılması üçün həmkarlar ittifaqları sağlam və təhlükəsiz iş şəraitinin təmin olunmasına nəzarəti artırıb, kollektiv müqavilələrlə tənzimlənməsinə çalışıbdır.

Federasiyanın işçiləri hər  il respublikanın 10-a  yaxın rayonuna ezam edilib,  təşkilatlarda işçilərin iş şəraiti öyrənilib, müxtəlif mövzularda seminarlar keçirilib.
 
Bu dövrdə Federasiyanın texniki əmək müfəttişləri 182-dək sahə müəssisə və təşkilatlarda yoxlama aparılıb, o cümlədən 9 dövlət nəzarət  orqanları ilə birgə 156 təqdimat verilib,  əməyin mühafizəsi və təhlükəsizlik texnikası üzrə 691 pozuntu aşkar edilib, müəssisə rəhbərləri və HİK sədrlərinə təqdimatlar verilib. Əməyin mühafizəsi və istehsalat xəsarəti ilə əlaqədar ödənclərin verilməsi ilə bağlı  9 şikayət və ərizəyə baxılıb. Həmkarlar ittifaqının müdaxiləsindən sonra dəymiş  ziyan  ödənilib.
 
İstehsalatda bədbəxt hadisələrin qarşısının alınması ilə əlaqədar 30-a yaxın məsələ müzakirəyə çıxarılıb, qəbul olunan qərarların təmin olunması aidiyyəti olan məsul şəxslərdən tələb olunubdur.

Bəzi işəgötürənlər maksimum gəlir əldə etməyi düşünərək insanların sağlamlığını arxa plana keçirir, işçilər isə iş yerini itirmək qorxusundan hər cür əmək şəraitində işləməyə razılıq verirlər.

Hesabat dövrü ərzində  sahə həmkarlar ittifaqı orqanlarına işçilərin əmək, sosial-iqtisadi hüquqlarının pozulması, maddi yardım göstərilməsi və s. məsələlər ilə əlaqədar ərizələr daxil olub və əksəriyyəti öz müsbət həllini tapıbdır. Federasiyaya və üzv təşkilatlardan  daxil olan 12673 ərizə və müraciətlərin 12649-u müsbət həll olunub.

Həmkarlar ittifaqının nümayəndələri 7 mübahisəli məsələnin araşdırılmasında məhkəmə proseslərində iştirak ediblər.
Federasiya  İUF və UNİ, Beynəlxalq Həmkarlar İttifaqı Birliyi (Ticarət, ictimai iaşə, kooperasiya və digər xidmət sahələri  işçiləri HİK), "StreetNet İnternational" Beynəlxalq Birliyi kimi oxşar sahə həmkarlar ittifaqları ilə işgüzar münasibətlər qurub  və beynəlxalq həmkarlar ittifaqı hərəkatında layiqincə təmsil olunmağla yanaşı, icraedici orqanlara  üzv seçilib.

Gənclərin və qadınların hüquq və mənafelərinin müdafiə olunması, onların həmkarlar ittifaqı üzvlüyünə cəlb edilməsi, işəgötürənlər tərəfindən hüquqlarının qorunması Federasiyanın fəaliyyətinin əsasını təşkil edir.
Sahə həmkarlar ittifaqı üzvlərinin istirahəti və sağlamlığının bərpasının  təşkili ilə bağlı  əsaslı tədbirlər həyata keçirmişik. Belə ki, hesabat dövründə sahədə çalışan  10 mindən artıq həmkarlar ittifaqı  üzvü sanatoriya və turist bazalarına yollayışla təmin olunubdur.

Biz, qurultay iştirakçıları, AHİK sədri, millət vəkili  Səttar Möhbalıyevin  respublikamızın  ictimai siyasi həyatdakı rolunu, beynəlxalq həmkarlar ittifaqı hərəkatındə böyük nüfuzunu nəzərə alaraq AHİK-in V qurultayında S.Möhbalıyevin yenidən sədr seçilməsini təklif  edirik.

Məruzədən sonra çıxış edənlər görülən işlərdən və mövcud problemlərdən danışıblar. Təftiş komissiyasının hesabatı dinlənilib. Sonra Federasiyanın 2017-2022-ci illər üçün fəaliyyətinin əsas istiqamətləri müzakirə olunub.

Federasiyanın prezidentinin yekun çıxışından sonra təşkilati məsələlərə baxılıb. İlyas Əliyev yenidən Federasiyanın prezidenti, Sadət Tahirova birinci, Camaləddin İsmayılov və Xəyyam Nəsibov vitse-prezidentlər seçiliblər.
Sonda fərqlənən ittifaq üzvlərinə Fəxri fərmanlar və mükafatlar təqdim edilib.

 

FAYDALI KEÇİDLƏR